Məmurun evindən 33 milyon çıxdı

1 Noyabr 2014 20:20

Çində antikorrupsiya müstəntiqləri məmurların birinin evindən 33 milyon dollar məbləğində pulun müsadirə olunması barədə xəbəri təsdiqləyiblər. Bu, ölkə tarixində ən böyük müsadirə faktıdır.

Milli.Az anspress-ə istinadən bildirir ki, faktla bağlı Çin enerji sektorunun yüksək vəzifəli məmuru Vey Penquana qarşı korrupsiya şübhəsi ilə cinayət işi açılıb. Vey Penquan Çində enerjinin tənzimlənməsi üzrə milli komissiyada kömür sənayesi bölməsinin rəis müavini vəzifəsini tutur.

2014-cü ilin ilk doqquz ayı ərzində bu ölkədə 13 mindən çox vəzifəli şəxs korrupsiyada ittiham olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Antikorrupsiya kampaniyasının zərbəsi Ümumçin yığıncağının daimi komitəsinin sədr müavininə və ictimai təhlükəsizlik nazirinə də dəyib. Çin Xalq Respublikasının sədri Si Szinpin bəyan edib ki, bu məsələdə heç kimə, hətta kommunist partiyasının yüksək vəzifəli nümayəndələrinə güzəşt olunmayacaq.

Bəzi ekspertlər hesab edirlər ki, son vaxtlar dövlət məmurları arasında intihar hallarının artması ölkədə korrupsiya ilə mübarizənin sərtləşməsi ilə əlaqəlidir.
 

Milli.Az