"Şirin" xəstəlik cavanlaşır

14 İyul 2014 15:56

Diabetə meyllilik irsi ötürülür

Diabet bütün dünyanın mübarizə apardığı bir xəstəlikdir. İrsən, qorxudan və digər amillərdən yaranan bu xəstəlik insanlar arasında fərq qoymur, azyaşlı uşaqlarda belə öz əlamətlərini göstərə bilir. Daimi diqqət və davamlı pəhriz nəticəsində heç yoxmuş kimi təəssürat bağışlayan diabet pəhrizə əməl edilmədikdə və düzgün həyat tərzi keçirmədikdə hətta ölümcül də ola bilir. Maraqlıdır ki, insan diabetə yoluxduğu an bunu bilmir və qanda şəkərin miqdarı da görünmür. 10-15 il sonra həkimə müraciət edən insanlar üçün isə çox gec olur.

Məlumdur ki, diabetə meyllilik irsi olaraq ötürülür. Qorxudan və digər amillərdən yaranan diabet riski isə irsiyə nisbətən olduqca azdır. İrsi olaraq diabet riski daşıyan insanlar daimi olaraq çəkilərini normada saxladığı və sağlam həyat tərzi sürdüyü halda diabetə tutulma faizi yox qədər az olur. Baxmayaraq ki, insanlar diabet də daxil olmaqa bir çox xəstəliklərin çarəsinin aktiv və sağlam həyat tərzində olduğunu bilir, buna baxmayaraq bu tip həyat tərzi keçirməyə üstünlük verənlər də olduqca azdır.

Həkim endokrinoloq Ülkər Mirmahmudovanın sözlərinə görə, doğru yaşam tərzi keçirdikdə diabet xəstəlik deyil, bir yaşam tərzi olur. Pəhrizə əməl edən və çəki probleminə nəzarət edən insanlar üçün həyat heç də çətin olmur və insanın diabet olduğu belə hiss olunmur: "Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabet xəstəsidir. Xəstəlik həkim tərəfindən dəqiqləşdirildikdən sonra müəyyən olunmuş pəhriz üzrə qidalanma rejimi başlanılır. Bu rejimə uyğun olaraq həyat tərzi keçirən insan üçün diabet artıq xəstəlik sayılmır. Əsas odur ki, insan bu rejimə öyrəşsin və qəbul etsin ki, artıq yaşam tərzi budur".

Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir. Təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti 10 ildə 50 faizə qədər artacağı ehtimal olunur. Bu ilə olan rəsmi məlumatlara əsasən, Azərbaycanda 197 min 547 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bu, ötən ilə nisbətən 14-15 min nəfər çoxdur. 2013-cü ilin yekunlarına əsasən, ölkə üzrə şəkərli diabetdən əziyyət çəkənlərin sayı 183 min nəfər təşkil edib. Qeydiyyatda olan şəkərli diabet xəstələri 18 yaş qrupuna qədər uşaq və yeniyetmələr, 19-30 yaş arasında olan gənclər, 31-40, 41-50 və 51 yaşdan yuxarı şəxslər arasında müşahidə olunur.

Endokrinoloq bildirir ki, 2-ci tip şəkərli diabet xəstələrinin sayı daha çoxdur ki, bu cür xəstələr insulin iynəsindən istifadə etmir. Ümumiyyətlə, Azərbaycanda şəkərli diabetin 2-ci tip xəstəliyi cavanlaşır. Yaş etibarilə 15 yaşdan etibarən başlayan 2-ci tip diabet düzgün pəhrizlə rahat həyat sürməyə imkan verir: "İnsulinə keçmiş xəstələrin vəziyyəti daha ağırdır. Onlar daimi olaraq insulin daşımaq məcburiyyətindədirlər. İnsulindən asılı olmayan 2-ci tip diabetlilər isə daimi pəhrizə əməl etməlidirlər. Məsələn, şəkər, konfetlər,mürəbbələr, bal, dondurma, qazlı şirin içkilər,mayanez, kərə yağı, marqarin, yağlı süd, pendir,mayalı un məmulatları və bu kimi qidalar ümumiyyətlə rasiondan çıxarılmalıdır. Qətiyyən qəbul edilməməlidir.İştah çəkdiyi zaman, az miqdarda kartof, paxlalı bitgilər, çörək istifadə etmək olar. Yumurtanı yeməmək, yeyildiyi zaman həftədə 2 dəfədən artıq yeməmək lazımdır. Daimi olaraq isə bütün göyərtilərdən, yağsız süd məhsullarından, yağsız ət, balıq, toyuqdan istifadə edilməlidir. Qidalar suda, buxarda, buğda bişirilməlidir ki, yağdan istifadə olunmasın. Qida sutkada 5-6 dəfə qəbul edilməlidir. 2-ci tip şəkərli diabet xəstələrinin sutkada 4 dəfə qidalanmaları məsləhətdir. Pəhriz tam dəyərli olub vitaminlərlə, makro və mikroelementlərlə zəngin olmalıdır. Xörək duzu sutkada 10 qramadək məsləhət görülür. Spirtli içkilərdən və siqaretdən imtina edilməlidir".

2-ci tip diabetdən əziyyət çəkən insanlar tox olduqları zaman qida qəbul etməməli, pis əhval-ruhiyyədə olduğu zaman qida qəbul etməməlidirlər. Nəzərinizə çatdıraq ki, dükanlarda satılan xüsusi diabetik məhsulları arasında tərkibində fruktoza olan mallar da var. Hal-hazırda fruktoza da diabet xəstələri üçün uyğun məhsul sayılmır. Tərkibində xüsusi şəkər əvəzediciləri olan (sorbit, ksilit, aspartam, saxarin və s.) məhsullar da şəkərli diabet xəstələri üçün tam ziyansız adlandırmaq olmaz. Bu məhsullar kiçik miqdarlarda və yalnız nadir hallarda qəbul edilə bilər.

Xəstəliyin bir neçə tipi var. Xəstəliyin birinci tipində əlamətlər özünü çox kəskin şəkildə göstərir. Bu tipə cavanlarda daha çox rast gəlinir. Xəstəliyin bu tipi müşahidə edilən uşaqlar qısa müddətdə komaya düşürlər. İkinci tip xəstəlik kök insanlarda olur. Şəkərli diabetin qestasion tipi daha çox qadınlarda hamiləlik zamanı aşkar edilir. Amma mümkündür ki, hamiləlikdən sonra şəkərli diabet keçib getsin. Ümumilikdə isə şəkərli diabet tam müalicə edilən xəstəlik deyil.

Yeri gəlmişkən, Səhiyyə Nazirliyi Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların müalicəsi üçün Almaniyanın "Medical Equipment Diabetes Care" (İME-DC) şirkəti ilə yeni layihəyə start verir. Bu barədə jurnalistlərə bildirən şirkətin beynəlxalq satış üzrə direktoru Maksim Andrianovun sözlərinə görə, Səhiyyə Nazirliyinin dəstəyi ilə birgə keçirilən layihəyə əsasən Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün insulinin vurulmasında xüsusi cihazlardan - pompalardan istifadə olunacaq.

Direktor qeyd edib ki, dünyada şəkərli diabet xəstəliyini nəzarət altına almağa imkan verən müxtəlif metodlar tətbiq edilir (APA). Bu metodlar sayəsində həmin xəstələrin sağlam həyat tərzi sürə bildiyini deyən M.Andrianovun sözlərinə görə, həmin metodlardan biri şəkərli diabet xəstələrə pompa insulinin yeridilməsidir: "Şəkərli diabet tam sağalmayan xəstəlikdir. Amma onun qarşısını müəyyən müddətdə almaq mümkündür. Səhiyyə Nazirliyi də ölkədə şəkərli diabetdən əziyyət çəkən uşaqlara xüsusi diqqət yetirir. Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların müalicəsi ilə bağlı unikal layihəyə start verilib. Layihənin unikallığı onun uşaqlar üçün həyata keçirilməsində, pompaların uşaqlar üçün pulsuz tətbiq edilməsindədir. Layihə çərçivəsində 18 yaşadək olan uşaqlar özünənəzarət cihazları ilə təmin ediləcək. İlkin mərhələdə 90 ədəd pompa 3-18 yaş arası 90 uşaq üçün nəzərdə tutulub. Bunun adi insulinin vurulmasından bir sıra fərqli cəhətləri var. Belə ki, pompa vasitəsilə daha fizioloji olaraq insulin yeridilir. Digər insulin preparatları isə 12 saatdan 24 saata kimi təsirə malikdir və bu, stabil olaraq orqanizm tərəfindən qəbul olunur. Amma insulin pompası ilə bazal insulinin günün istənilən vaxtında vurulması, mütləq miqdarı kənardan proqramlaşdırılır. Pompada verilən proqrama əsasən insulin bədənə yeridilir. Bu da şəkəri daha düzgün kompensasiya etməyə imkan verir".

Ekspress.az