"Azəryolservis" ASC: "Sədərək bazarının daxili avtomobil yolunun bizə aidiyyəti yoxdur" - YENİLƏNİB - FOTO

14 İyul 2014 16:57

"Sədərək bazarının daxili avtomobil yolunun "Azəryolservis" ASC-yə heç bir aidiyyəti yoxdur. Bəzi mətbuat orqanlarında bununla bağlı yazılan bütün yazılanlar da cəfəngiyatdan başqa bir şey deyil"


16:57

 

Bunu APA-ya Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bəzi KİV-də Bakı Dairəvi Avtomobil yolunun pul qazanmaq məqsədilə qəsdən bağlandığı iddia edilən yazılara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qeyd edilən yolun bağlanmasında məqsəd yolda qrafikə uyğun təmir işlərinin aparılmasıdır: "Yolların istismarı prosesində xidmət müddətləri və təmirlərarası müddət anlayışı var. Orada avtomobil yolunun neçə ildən bir təmir olunmalı olduğu göstərilib. Məsələn, 4-5 ildən bir yol geyiminin aşınma qatı götürülüb yenidən vurula bilər. Amma intensivlik artıqda, bu müddət aşağı düşə və 3 il ola bilər. Nəzərə alsaq ki, Bakı Dairəvi Avtomobil yolu cənub-qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin şimal və əks istiqamətdə Bakı şəhərinə daxil olmadan hərəkətini təmin edir, burdan da minik avtomobilləri ilə yanaşı, sutka ərzində çoxlu sayda ağır yüklü nəqliyyat vasitələri keçir. Yol elə bir mühəndis qurğusudur ki, vaxtlı-vaxtında qulluq edilməsə, daha böyük fəsadlara gətirib çıxarır. İstər avtomobil yolu olsun, istərsə də istənilən mühəndis qurğusu aşınmaya məruz qalır. Qeyd edim ki, aşınma norması deyilən anlayış var. Məsələn, avtomobil yolunun istismar müddəti 15 ilə hesablanıb. Bir il ərzində o yola xərclənən vəsaitin on beşdə biri qədər vəsait xərclənməlidir. Ancaq neçə ildir Bakı Dairəvi Yolu başa çatıb, orada heç bir təmir işi aparmamışıq. Bunların hamısı qrafikə uyğun işlərdir. Güman edirəm ki, yaxın aylarda biz işi yekunlaşdıracağıq".

P.Mürsəliyev qeyd edib ki, Bakı Dairəvi Avtomobil yolunda avtomobillərin hərəkətini qismən məhdudlaşdırmaqla təmir prosesini aparmağa çalışıblar: "Amma bəzi səriştəsiz, məsuliyyətsiz sürücülər avtomobilləri normal idarə etmədiyi üçün müəyyən nöqsanlar yarandı. Bunu nəzərə alaraq, biz yolu bağlamaq məcburiyyətində qaldıq. Alternativ yolla Xocasən-Lökbatan yolu ilə hərəkət etmək olar. Sakinlər həmin yolda toz olması ilə bağlı şikayət etdilər. Podratçı şirkətə tapşırıq verildi ki, yola su səpilsin. Bir sözlə, kim istəsə, 50 qəpik ödəməklə Sədərək bazarının daxili yolu ilə gedə və ya alternativ yoldan istifadə edə bilər. Məqsədimiz yolda qrafikə uyğun təmir işlərini aparmaqdır".


----------
13:09

Mayın 26-dan təmir işləri ilə əlaqədar bağlanılan Bakı dairəvi avtomobil yolunda işlərin ləng aparılması sürücülərin haqlı narazılığına səbəb olub


Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, yolun əsas hissəsini davam etdirmək istəyən sürücülər məcburi şəkildə "Sədərək" ticarət mərkəzinin daxili yolundan istifadə edərək, 50 qəpik ödəniş etmək məcburiyyətində qalırlar.

"Azəryolservis" ASC-nin alternativ yol kimi sürücülərə təqdim etdiyi Xocasən-Lökbatan yolundan isə demək olar ki, çox az sayda sürücü istifadə edir. Çünki təqdim edilən yoldan əsas yola çıxmaq üçün 15-20 dəqiqə vaxtı itirmək məcburiyyətində qalırsan.

Yolun iki aydan çoxdur təmirinin ləngidilməsi ilə bağlı isə maraqlı iddialar səslənir. Belə ki, "Sədərək" ticarət mərkəzində çalışan sahibkarlar sayta bildiriblər ki, yolun iki aydan çox bağlı qalmasını heç də təsadüfi hal hesab etmirlər. Onlar yolun təmir-bərpa işlərinin bilərəkdən ləngidildiyini və bununla da çox ciddi pulların qazanıldığını təsdiqləyiblər: "Hər gün yolun tikintisini müşahidə edirik. Çox maraqlıdır ki, iş saatı 10-dan başlasa da, saat 2-3-ə kimi asfalt çəkən maşınları yerindən də tərpətmirlər. Yolun tikintisində işləyən işçilərin çoxu da bunu etiraf edir. Onlar da təsdiqləyir ki, "Azeryolservis" rəhbərliyi birbaşa Cavid Qurbanovun əmri ilə yolun təmiri ləng həyata keçirilir".

Sahibkarların sözlərinə görə, "Azeryolservis" şefi Cavid Qurbanovla ticarət mərkəzinin rəhbərliyi arasında gizli razılaşma var və onlar bilərəkdən yolun gec təmir olunmasına çalışırlar: "Təsəvvür edin ki, hər gün bu yoldan nə qədər adam keçir və onların hamısı 50 qəpik vermək məcburiyyətində qalırlar. Elə Bakı-Astara yolu ilə yanaşı, "Binə" Ticarət Mərkəzinə də yol buradan gedir. Köşklərdə oturan işçilərin sözlərinə görə, hər gün yolun bağlı qalmasına görə əlavə olaraq 20-30 min manata yaxın kassada pul yığılır. Hələ bu bir günün hesabıdı. İki aya görün bu nə qədər böyük rəqəm edir. Bununla yanaşı "Sədərək"ə alış-verişə gələnlərin sayında da ciddi artım var. Ticarət Mərkəzinin rəhbərliyi bəzi dükanlarda son iki ayda arenda haqlarını da qaldırıb. Nəticə isə göz önündədir".

Ekspertlər isə hesab edirlər ki, yolun təmirinin gecikməsi birbaşa vətəndaşların ziyanınadır. Əgər hava şəraitinə görə yol təmiri ilə bağlı işlər ləngidilirsə, bunu anlamaq olar. Ancaq hava şəraitinin fəsilə uyğun olaraq normal keçdiyini nəzərə alsaq, təmir işləri başa çatmalı idi.

Məsələ ilə bağlı "Azeryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev şərh vermək istəməyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.