İraq üç müstəqil dövlətə parçalanır

14 İyul 2014 18:58
İraqın parçalanmasına və onun yerində "Kürdüstan dövləti"nin yaradılmasına vaxtilə ən sərt reaksiya Türkiyə, İran və Səudiyyə Ərəbistanından gəlirdi. Onlar bunun yolverilməzliyini dönə-dönə rəsmi şəkildə vurğulayırdılar. Ancaq hadisələrin gedişi göstərir ki, müəyyən səbəblər üzündən artıq adıçəkilən ölkələr İraqın parçalanmasının qarşısını almağa qadir deyillər və onların reallıqla barışmaqdan başqa çarələri qalmayıb.

İŞİD silahlıları tərəfindən İraqın böyük hissəsinin ələ keçirilməsindən sonra bölgədə yaşanan siyasi böhran təhlükəli bir həddə çataraq, adıçəkilən ölkənin bundan sonra varlığını qoruyub saxlaya bilməsini şübhə altına alıb. Bu müstəvidə də İraqın şimalını idarə edən kürd muxtariyyəti rəhbərləri yaranmış vəziyyətdən istifadə edərək, müstəqilliklərinin elan olunması üçün referendum keçirməyə hazırlaşırlar. Bununla bağlı bir neçə gün bundan əvvəl Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Bərzani "Artıq İraqda mərkəzi hökumət yoxdur, İŞİD ölkənin böyük hissəsini işğal edib. Belə bir vəziyyətdə bizim müstəqillik haqqında referendum elan etməkdən başqa çıxış yolumuz qalmayıb",-deyərək məsələ ilə bağlı yaxın vaxtlarda referendum keçirmək niyyətində olduqlarını bəyan edib. Bərzaninin son açıqlaması isə, öz növbəsində, İraqın Nuri əl-Maliki hökuməti tərəfindən əsəbiliklə qarşılanıb. Baş nazir Nuri əl-Maliki Şimali İraq Kürd Muxtariyyətini idarə edənləri İŞİD-lə işbirliyində günahlandırıb. Nuri əl-Maliki: " Ərbilin İŞİD, BƏƏS-çilər, əl-Qaidə və terrorçuların fəaliyyətləri üçün bir bazaya çevrilməsinə heç vaxt göz yummayacağıq",-deyib.

Baş Nazir Şimali İraq Kürd Muxtariyyətini nəzərdə tutaraq deyib ki, dünən bizimlə birgə olanlar, bu gün bizə qarşı cəbhə açaraq, İraqı parçalamaq niyyətindədirlər. İraq Baş Nazirinin bu sözləri isə Şimali İraq Kürd Muxtariyyəti rəhbərləri tərəfindən etirazlarla qarşılanıb. Bərzani dərhal açıqlama verərək, Malikinin istefasını və onlardan üzr istəməsini tələb edib. O deyib ki, İraq bir dövlət kimi bu günə kimi mövcud olmasına, varlığını qoruyub saxlamasına görə kürdlərə borcludur. Vaxtilə Malikinin də qaçaraq Ərbilə sığındığını xatırladan Şimali İraq Kürd Muxtariyyəti rəhbərləri buraya terrorçuların deyil, həmişə çarəsiz insanların sığındıqlarını və bunu normal qarşıladıqlarını bildiriblər. Eyni zamanda belə bir fikir vurğulanıb ki, bölgədə əmələ gələn ağır duruma görə Maliki şəxsən günahkardır və onun yeritdiyi səhv siyasət ölkənin parçalanmasına şərait yaradıb.

İraq Baş Nazirinin müavini Nuri Şavez və hökumətdə təmsil olunan 3 kürd nazir isə Malikinin son açıqlaması ilə bağlı hökuməti boykot edəcəklərini bildiriblər. Şavez daha uzağa gedərək, İŞİD hücumlarının qarşısını ala bilməyən Malikini tutduğu vəzifəsindən istefa verməyə çağırıb.

İŞİD-in İraqın varlığını təhlükə altına aldığı bir vaxtda hakimiyyət daxilində gedən çəkişmələr və Bağdadla kürd muxtariyyəti arasında ziddiyyətlərin get-gedə dərinləşməsi isə faktiki olaraq ölkənin parçalanması və onun yerində yeni müstəqil dövlətlərin meydana çıxması prosesinin artıq qaçılmaz olduğunu göstərməkdədir.

"Müstəqil Kürdüstan" kimin oyunu?

Şimali İraqın kürd müxtariyyətinin yaranmış vəziyyətdən istifadə edərək müstəqillik haqqında referendum keçirməyə hazırlaşması təsadüfi deyil. Belə ki, hələ ötən əsrin 90-cı illərinin ortalarında NATO toplantılarında iştirak edən yüksək səviyyəli ABŞ rəsmisindən İraqın yerində bir neçə müstəqil dövlətin, o cümlədən "Kürdüstan dövləti"nin olduğu xəritənin çıxması Türkiyədə böyük narahatlıqla qarşılanmışdı. O vaxt Ankarada "müstəqil Kürdüstan dövləti"nin mövcud ola bilməyəcəyi və İraqın parçalanmasının mümkün olmayacağı qənaətində idilər. Amma hadisələrin gedişi göstərir ki, Qərb İraqın parçalanması planını addım-addım həyata keçirməkdədir. İraqın sünni, şiə və Kürdüstan dövlətlərinə parçalanması ideyasının müəllifi isə İsrailin tanınmış siyasi müşahidəçisi İnon hesab edilir. İnon hələ 1980-cı ildə İraqın 3 yerə, sünni şiə və "Kürdüstan" dövlətlərinə parçalanması planını hazırlayaraq, bunu beynəlxalq səviyyədə gündəmə gətirmişdi. Ancaq qeyd etdiyimiz kimi, o vaxt İnonun İraqın parçalanması planı ağlasığmaz, ağılsız və heç vaxt reallaşması mümkün olmayan bir ideya kimi qəbul edilmişdi. Lakin 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra adıçəkilən ölkənin parçalanmasını ön görən İnon planı işə salındı. Bu müstəvidə də İraqın şimalının Bağdadın nəzarətindən çıxmasından istifadə edən İsrail xüsusi xidmət orqanları yerli kürd muxtariyyətini sürətlə silahlandıraraq onlara ən müasir silahlarla təchiz edilən 80-100 min nəfərlik ordu formalaşdırmaqda yardım etdilər. Bu işdə Şimali İraqda yaşayan və sayları 350 min nəfər olduğu ehtimal edilən kürd yəhudiləri böyük rol oynadılar. Qeyd edək ki, müxtəlif səbəblər üzündən iudaizmi qəbul edərək yəhudiləşən kürdlərin böyük bir hissəsi vaxtilə İsrailə köç ediblər. Onlar İsrailin idarə edilməsində önəmli rol oynamaqdadırlar. Yəhudi kürdlər İraqın şimalındakı kürd idarəediciləri üzərində də böyük təsirə malikdirlər. Şimali İraq kürd muxtariyyətinin rəhbəri Bərzaninin və onun ətrafındakıların əksəriyyətinin də müsəlman olduqlarını iddia etmələrinə baxmayaraq, iudaizmə sitayiş edən və bununla da bir növ yəhudiləşən kürdlər olduğu barədə mətbuatda ara-sıra məlumatlar yayılmaqdadır. Bu baxımdan İsrail və onun Qərbdəki müttəfiqləri, o cümlədən ABŞ bölgədə Təl-Əvivin (İsrail) əlaltısı olan və faktiki olaraq sionistlər tərəfindən idarə ediləcək oyuncaq Kürdüstan dövlətinin meydana çıxmasında maraqlıdırlar. "Müstəqil Kürdüstan dövləti"nin meydana çıxması və İraqın parçalanması isə sionist planı olan Dəclə və Fərat çayları arasında "Böyük İsrail dövləti"nin yaradılması istiqamətində atılan ilk addımlardır. İraqın parçalanması planı baş tutduqdan sonra "Böyük İsrail" dövlətinin yaradılması istiqamətində növbəti addımların atılması və buna mane ola biləcək digər bölgə dövlətlərinin, o cümlədən İran və Türkiyənin sıradan çıxarılması nəzərdə tutulub. Yəni əslində İraqın parçalanması sionist planı olaraq, sonda " Böyük İsrail" dövlətinin yaradılması niyyətlərinə xidmət edir. Ona görə də "müstəqil Kürdüstan dövləti"nin yaradılması əslində sionistlərə məhz "Böyük İsrail" yaradılması üçün lazımdır. Bu planın həyata keçirilməsindən sonra isə "müstəqil Kürdüstan"a artıq ehtiyac qalmayacaq.

İraqın parçalanmasına bölgə dövlətlərinin münasibəti

İraqın parçalanmasına və onun yerində "Kürdüstan dövləti"nin yaradılmasına vaxtilə ən sərt reaksiya Türkiyə, İran və Səudiyyə Ərəbistanından gəlirdi. Onlar bunun yolverilməzliyini dönə-dönə rəsmi şəkildə vurğulayırdılar. Ancaq hadisələrin gedişi göstərir ki, müəyyən səbəblər üzündən artıq adıçəkilən ölkələr İraqın parçalanmasının qarşısını almağa qadir deyillər və onların reallıqla barışmaqdan başqa çarələri qalmayıb. Buna səbəb isə ABŞ-ın Maliki rejimini hakimiyyətə gətirməklə İraqda sünni-şiə qarşıdurmasını körükləməsi və ölkənin idarə edilməsindən sünnilərin sıxışdırılıb çıxarılması oldu. Bu amil isə, öz növbəsində, İranın İraq üzərində təsirinin artmasını özü üçün təhlükə hesab edən Səudiyyə Ərəbistanı ilə İsrailin yaxınlaşmasına gətirib çıxardı. Nəticədə Səudiyyə Ərəbistanı pərdə arxasından İraqın sünni, şiə və Kürdüstana parçalanması planını dəstəkləməyə başladı. Bu gün İraqın böyük hissəsini işğal edən İŞİD-i dəstəkləyən və ona hərtərəfli yardım göstərən ölkələrdən birinin də məhz Səudiyyə Ərəbistanı olduğu ehtimal edilir.

Türkiyəyə gəlincə, Ankara uzun illər boyu İraqın parçalanmasına qarşı çıxıb və bunun yolverilməz olduğunu rəsmi şəkildə bəyan edib. Ancaq Ərdoğanın hakimiyyətə gəlməsindən sonra Ankaranın İraq kürdləri ilə isti münasibətlər qurması və Bağdadın razılığı olmadan onlarla neft anlaşması imzalaması ilə "müstəqil Kürdüstan" xofu yavaş-yavaş aradan qalxmağa başladı. Təsadüfi deyil ki, iqtidarda olan AK Partiyanın yüksək səviyyəli rəsmisi Hüseyin Çelik "Financial Times" ( Fayeneşl tayms) qəzetinə verdiyi açıqlamasında "müstəqil Kürdüstan" dövlətinin yaradılmasına Türkiyənin münasibətinin əvvəlki kimi olmayacağını deyib. Onun bu açıqlaması isə İsrail və Qərb ölkələri Türkiyə tərəfindən İraqın parçalanmasına yaşıl işıq yandırması kimi dəyərləndirilib. Buraya Ərdoğan hökumətinin kürd peşmərgələri tərəfindən Kərkükün ələ keçirilməsinə göz yummasını da əlavə edəndə İraq türkmənlərinin taleyinin özbaşına buraxıldığı göz önündədir. İrana gəlincə, Tehranın İŞİD-ə qarşı çıxmağına və onları dəstəkləyən dövlətləri sərt şəkildə tənqid etməsinə baxmayaraq, çətin ki, İraqın parçalanmasına mane ola bilsin. İran və Türkiyə üçün ən böyük təhlükənin isə "müstəqil Kürdüstan"dan gələcəyi gözlənilir.

Nəhayət, "müstəqil Kürdüstan" İraq neftinin İsrail və ABŞ tərəfindən sərbəst şəkildə talanmasına imkan verəcək. Necə deyərlər, İsrail "müstəqil Kürdüstan"ın simasında bölgə ölkələrinə qarşı həm müttəfiq, həm də regionun təbii sərvətlərini talan etmək imkanı əldə edəcək. Bu baxımdan İraqın parçalanmasının gələcəkdə digər bölgə ölkələri üçün böyük bir təhlükə mənbəyinə çevriləcəyi ehtimalı kifayət qədər yüksək hesab edilir.
 

"Zaman Azərbaycan"