Oleq Molla: ""İnter"in bəxti gətirdi"
12 İyul 2014 13:49
Milli.Az xəbər verir ki, Moldovanın "Tiraspol" klubunun yarımmüdafiəçisi Oleq Molla Avropa Liqasının birinci təsnifat mərhələsində Bakı "İnter"inə qarşı keçirdikləri cavab matçından (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı nə düşünürsüz?
- Birinci hissədə yaxşı oynadıq. Qol vurduq, önə keçdik. Qoldan sonra oyunda dönüş yaratmaq olardı. Amma bu, bizdə alınmadı. İkinci hissədə isə oyunumuz getmədi.
- Amma qol vəziyyətləriniz oldu...
- Hə. Elə ona görə daha çox məyusuq. Əgər onlardan istifadə edə bilsəydik, indi "Elfsborq"la oyunlar barədə düşünürdük.
- "Tiraspol"da nə çatmadı?
- Biz elə səhvlər buraxmamalıydıq. Çünki ona qədər oyunumuz pis getmirdi. Üstünlüyümüzü qoruya bilmədik.
- "İnter" güclü idi?
- Xeyr. "İnter" elə də güclü komanda deyil. Onları keçmək olardı. Amma onların bizi iki dəfə məğlub etməsini nəzərə alsaq, "İnter"in "Tiraspol"dan zəif olduğunu demək düzgün olmaz.
- Penalti epizodlarını necə dəyərləndirirsiz?
- Əgər hakim belə qərar verdisə, deməli, hər şey düzdü. Burada başqa məna axtarmaq lazım deyil. Amma buna rəğmən, "İnter"in bəxtinin gətirdiyini düşünürəm.
Milli.Az