Süpürgəçi futbolçu
11 İyul 2014 16:47
Şimali Koreya milli komandası 1966-cı ildə dünya çempionatında debüt eləyəndə ölkədə aclıq hökm sürürdü. Cənubi koreyalılarla müharibənin üstündən 13 üç il ötsə də, ölkə özünə gəlməmişdi. Əlbəttə, sonralar məlum oldu ki, müharibənin məsələyə dəxli yoxdu, Kim Ir Senin başçısı olduğu kommunist rejim Şimali Koreyaya yaxşı heç nə vəd eləmir. Bu, avtoritar hakimiyyətin ağalıq elədiyi, qapalı ölkənin futbolçuları dünya çempionatına gələndə işin məsuliyyətini yaxşı anlayırdılar. Mundialda iştirak uğursuzluqla bitsə, əbədi prezident, dövlətin qurucusu sayılan Kim Ir Sen onları bağışlamayacaqdı. Komanda üzvlərini Ingiltərədə "olum və ya ölüm" sualı gözləyirdi...
Mundialdan əsir düşərgəsinə
Şimali Koreya milli komandası dünya çempionatına pis başladı. ilk oyunda SSRI-yə böyük hesabla (0:3) uduzdu. Kim Ir Sen hələ ki, qəzəbli görünmürdü. O vaxt dünyanın siyasi səhnəsində baş verənlər futbola təsirsiz ötüşə bilməzdi. Şimali Koreyanı SSRI qədər müdafiə eləyən ikinci ölkə yox idi. Cənublularla müharibədə Şimali Koreya ordusunu ən çox silahla məhz sovetlər birliyi təmin eləyirdi. Bir növ "böyük qardaş" sərt sillə ilişdirmişdi, dözmək olardı.
Qrup mərhələsinin sonrakı oyunları "dahi rəhbər"in üzünü güldürdü. Şimali Koreya əvvəlcə Çili ilə heç-heçə oynadı, ardınca isə çempionatın ən böyük sensasiyasının altına imzasını qoydu: Italiya ilə görüşdə 1:0 hesablı qələbə. Pak Du Ik yeganə qolun müəllifi olur. Bu adı yaxşı yadda saxlayın. Sonradan bu qol, necə deyərlər, Pak Du Ikin qanının arasına girəcək, onu ölümdən xilas edəcəkdi...
Şimali Koreya milli komandası - final mərhələsinə vəsiqə qazandı. Rəqib zəif deyildi: Eysebionun formasını geyindiyi Portuqaliyanı mübarizədən kənarlaşdırmaq lazım idi. Eysebio da Eysebio idi. Adam bilmir, onu indiki futbolçulardan kiminlə müqayisə eləsin. Döyüşkən, ağıllı, texnikalı. Onda Eysebio əla formadaydı. Neyləmək olar, onun taleyinə Pele kimi böyük futbolçuyla eyni dövrün oyunçusu olmaq, haradasa braziliyalının kölgəsində qalmaq taleyi yazılmışdı.
Bu, şimali koreyalılar üçün adi dünya çempionatı deyildi. Onda Şimali Koreyada mundialdakı uğuru siyasi ideologiyanın təntənəsi kimi qiymətləndirirdilər. Uğursuzluq onların təbirincə desək, imperialistlərin qarşısında boyun əymək anlamına gələcəkdi. Kim Ir Sen çempionluqdan başqa, heç bir nəticəni yaxına belə buraxmaq istəmirdi. Tarixin bu kəsimindən baxanda adama bir az gülməli görünür: Şimali Koreya hara, dünya çempionluğu hara?! Kimə deyirsən, Kim Ir Sen başqa fikirdəydi. Oyun başlamazdan əvvəl Şimali Koreya Əmək Partiyasının məsul şəxsləri futbolçuların qulağına az söz pıçıldamamışdı. Meydana çıxan hər koreyalı yaxşı başa düşürdü ki, prezident məğlubiyyət haqda eşitmək istəmir...
Təsəvvür eləyin, 25-ci dəqiqədən sonra Şimali Koreya 3:0 hesabıyla qalib gəlir. Şimali Koreyada Eysebioya indiyə qədər lənət oxuyurlar. Bu "qarabala" haradan çıxdı belə?! Ürəyində heç mərhəmət yoxmuş: 59-cu dəqiqəyə qədər koreyalıların qapısına 4 top vurdu (!). Şimali Koreya 3:5 hesabıyla məğlub oldu. Koreyalı futbolçuları ölkədə cəza gözləyirdi. Pak Du Ikdən başqa hamını əsir düşərgəsinə göndərdilər. Çoxu evinə qayıtmadı. Rejissor Deniel Qordon 2002-ci ildə "Onların həyatının oyunu" sənədli filmini çəkəndə həmin heyətdən yalnız 8 futbolçunu tapa bilmişdi...
Bağışlanmaz darmadağın
2010-cu ildə Şimali Koreya milli komandası ikinci dəfə dünya çempionatına gələndə ölkədə siyasi baxımdan çox şey dəyişməmişdi. Əlbəttə, Kim Ir Sen artıq ölkənin rəhbəri deyildi, dünyadan köçmüşdü. Belə rejimlərə xas dəyişiklik baş vermişdi: 16 il əvvəl oğlu Kim Çen Ir prezident "seçilmişdi". Bəlkə də, bu dəfə komandadan çempionluq gözlənilmirdi, amma ölkəyə uğursuzluqla qayıtmaq olmazdı. Oxucuların çoxu Şimali Koreyanın dörd il əvvəlki çıxışını xatırlayar. Yalnız ilk oyunda braziliyalılara bir az müqavimət göstərdilər: qol vurdular, minimal hesabla (1:2) uduzdular. Ardı rüsvayçı gəldi, Portuqaliyaya 0:7 hesabıyla uduzdular. Koreyalılar o qədər eyforiyaya qapılmışdı ki, mərkəzi televiziya tarixində ilk dəfə milli komandanın dünya çempionatındakı oyununu canlı verirdi. Deyilənə görə, Tyaqu 59-cu dəqiqədə dördüncü topu rəqibin qapısından keçirəndən sonra televiziya rəhbərliyi şərhçiyə daha danışmamağı əmr eləyib, beləcə, qalan vaxt ərzində tamaşaçılar "səssiz" futbol izləyiblər. Futbolçular gözəl bilirdi ki, onları vətəndə bağışlamayacaqlar. Milli komandanın dörd üzvü qaçmaq qərarına gəlsə də, tezliklə onları geriyə - düşərgəyə qaytardılar. Kot-d'Ivuarla görüş Şimali Koreyanı qrup sonuncusu olmaqdan xilas eləmədi (0:3). Vətənə qayıtmaq üçün təyyarəyə minən koreyalı futbolçuların gözlərindəki kədəri görməyə dəyərdi. Onları edam edə bilərdilər...
Qərb mətbuatı yazır ki, ölkəyə çatan kimi baş məşqçi də daxil olmaqla, komandanın bütün üzvlərinə küçə süpürtdürdülər. Həmin süpürgəçi futbolçulardan hələ də xəbər yoxdur...
Sezarı bağışlamaq olarmı?
Braziliya milli komandasının futbolçularına Almaniyaya 1:7 hesabıyla məğlubiyyətdən sonra küçə süpürtdürən olmadı. Heç bəlkə braziliyalılar bu futbolçulara kin də saxlamayacaq, tezliklə bağışlayacaqlar. Amma o dəqiqdir ki, Braziliya öz meydanında çempion olmaq arzusunu çox uzun müddətə təxirə salmalı oldu. Kim bilir, bəlkə də, əksinə olacaq, braziliyalılar hələ xeyli bu ağrı ilə yaşayacaq. 1950-ci ildə doğma meydanda Uruqvaya məğlubiyyətdən çox sarsılmışdılar. Bu haqda yazmışdıq: qapıçı Moasir Barbozanı ölənə qədər vicdan əzabı çəkməyə vadar elədilər. Bu yerdə "Julio Sezar niyə elə ağlayırdı?" sualının cavabı da çətin görünmür...
Hollandiya, bəlkə də, çempionluğa haqqı çatan, amma heç vaxt dünya birincisi ola bilməyən yeganə komandadır. Dəfələrlə buna yaxın olublar. Təkcə üç dəfə finalda uduzublar. İlk oyunda Ispaniyanı 5:1 hesabıyla məğlub eləyəndə bu komandadan çempionluq gözləyənlərin sayı artmışdı. Bu dəfə də alınmadı. Düzü, Hollandiya yarımfinal oyununu sönük keçirdi. Sanki, Kosta Rika kimi Argentinanı da penaltilər seriyasında məğlub eləmək istəyirdilər. "Lotereyada" bəxtləri gətirmədi.
Çempionat başa çatır. Cəmi iki oyun qalıb. Sabah Braziliya və Hollandiya üçüncü yerin sahibini müəyyənləşdirəcək. Braziliya iki dəfə üçüncü yeri tutub. Cənubi Amerika komandası yalnız bir dəfə ilk dördlüyü qapayıb. Hollandiya əvvəllər cəmi bir dəfə üçüncü yer uğrunda oyuna çıxıb: 1998-ci ildə Xorvatiyaya uduzmuşdular (1:2).
Birisigün dünya çempionatı Almaniya - Argentina qarşılaşması ilə başa çatacaq. Almaniya 8-ci, Argentina isə 5-ci dəfə finalda oynamaq hüququ qazanıb. İndi kimin buna nə dərəcədə layiq olub-olmamasını müzakirə eləmək zamanı deyil. Düzdür, Argentinanı sönük oyuna görə tənqid eləyənlər çoxdur. Hesab eləyirlər ki, Almaniyanın rəqibi başqası olmalıydı. Yaxşı, tutaq ki, razılaşdıq. Bəs finalda hansı komanda oynamağa daha çox layiq idi? Braziliyanı gördünüz. Hollandiya o gün Argentinadan heç də üstün oynamırdı. Kolumbiya? Yox, bunu demək eyforiyaya qapılmaq olardı. Belçika? Yenə yox; Avropa komandası elə məhz Argentina ilə qarşılaşmada ortaya heç nə qoya bilmədi. Fransa? Frank Riberi gəlsəydi, bəlkə də, bu variantı müzakirə eləməyə dəyərdi, amma o oyunu ki almanlara qarşı fransızlar oynadı, finala layiq deyildi. Kosta Rikanın final ehtimalını yəqin siz də müzakirə eləmək istəməzsiniz. Bu çempionatda az-çox Almaniya parlaq oyun göstərib. Hər halda, Portuqaliya və Braziliyanı darmadağın eləyib. Qarşısına da çempionatın ən əzmkar komandalarından biri çıxıb. Gəlin ağız büzməyək. Lionel Messi dünyanın ən yaxşı futbolçularından biridir, onu lap elə birincisi adlandıranlar da az deyil. Messi əlindən gələni eləyib ki, komandası finalda oynasın. Əlbəttə, Almaniya qalib gəlsə, daha ədalətli olardı. Amma qoy final oyununda ən yaxşı oynayan komanda sevinsin!
Azadlıq qəzeti
Böyütmək üçün şəkillərə klikləyin.
