"Bu cür oyunla "Elfsborq" qarşısına çıxmaq olmaz"
11 İyul 2014 13:42
"Uduzsaydıq, Azərbaycanda qala bilməzdim". Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında "Tiraspol"u qəbul edən "İnter" erkən qol buraxsa da, sonradan oyunda dönüş yaratmağı bacarıb. Xüsusilə, ikinci hissədə rəqibi təzyiq altında saxlayan "bankirlər" biri penaltidən olmaqla 3 qol vurub və ardıcıl ikinci qələbəsini qazanaraq, növbəti mərhələyə yüksəlib.
Cəzalı olduğu üçün oyunu "texniki zona"dan deyil, tribunadan xanımı və qızı ilə birgə izləyən gürcüstanlı mütəxəssis matç başa çatdıqdan sonra təəssüratlarını bölüşüb. O, bu cür oyunla "Elfsborq"u məğlub edə bilməyəcəklərinə işarə vurub: "Əksəriyyət düşünürdü ki, biz artıq "Tiraspol"u mübarizədən kənarlaşdırmışıq. Ancaq futbolda hər şey olur. Oyunun ilk və son 10 dəqiqəsində müdafiədə kobud səhvlərə yol verdik. Bu cür oynamaq olmaz. Baxdım, oyun biz istəyən şəkildə getmir. Dönüş yaratmaq üçün əvəzetməyə əl atdım. Bu isə nəticəyə müsbət mənada təsir etdi".
Sxadadze növbəti mərhələyə daha yaxşı hazırlaşacaqlarını bildirib: "Bu cür oyunla "Elfsborq" qarşısına çıxmaq olmaz. Rəqib çox təcrübəli və güclü komandadır. Hətta Avropa Liqasının qrup mərhələsində də çıxış edib".
Baş məşqçi heyətə yeni futbolçu cəlb edəcəklərini qeyd edib: "Heyəti gücləndirməliyik. Xüsusilə, hücum xəttini. "Elfsborq"la oyuna daha bir futbolçunun adını sifariş vərəqəsinə daxil edə bilərik. Sabah və ya birisi gün bunun etməyə çalışacağıq. Əlbəttə, alınsa".
Milli.Az