"Tiraspol"un baş məşqçisi: "İkinci penalti oyunun taleyini həll etdi"
11 İyul 2014 10:35
"İlk hissədə "İnter" üstünlüyə malik idi, ancaq daha çox təhlükəli epizodları biz yaratdıq. İkinci hissədə isə təşəbbüs tamamilə "İnter"in tərəfinə keçdi".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Tiraspol" klububun baş məşqçisi Vlad Qoyan Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "İnter"lə keçirilən görüşdən sonra deyib.
43 yaşlı mütəxəssis ikinci penaltinin matçın taleyini həll etdiyini bildirib: "İlk qoldan sonra praktiki olaraq oyunun taleyi həll olundu. Bir oyunçu azlıqda qaldıq və mərhələ adlamaq üçün iki qol vurmalı idik. 10 nəfərlə bunu etmək çox çətindir. Ardından qapımıza ikinci penalti təyin olundu. Yekun olaraq hər şeyi ikinci penalti həll etdi. İkinci hissədə meydanda bir komanda var idi. Biz topa yiyələnə bilmirdik və sadə epizodlarda onu itirirdik. Topa nəzarət baxımından "İnter" daha yaxşı idi".
Qeyd edək ki, ilk oyunda "İnter"ə 2:3 hesabı ilə uduzan "Tiraspol" cavab matçında da rəqibinə məğlub olub - 1:3.
Milli.Az