Prezident İlham Əliyev: "İlin sonuna qədər qarşımızda duran bütün məsələlər öz həllini tapacaq və Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaq" - YENİLƏNİB - FOTO

11 İyul 2014 00:04
11.07.2014
00:06


Milli.Az AzərTAc-a istinadən bildirir ki, iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Prezident İlham Əliyevin yekun nitqi

- Əminəm ki, ilin sonuna qədər qarşımızda duran bütün məsələlər öz həllini tapacaqdır və Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaqdır.

Gələn altı ayda biz əlbəttə çalışmalıyıq ki, nəzərdə tutulmuş bütün infrastruktur layihələrini başa çatdıraq. Son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür, amma hələ ki, görüləsi işlər çoxdur. Xüsusilə nəzərə alsaq ki, ölkə qarşısında maliyyə problemi kimi bir problem durmur, - mən bunu giriş sözümdə də demişəm, bizim maliyyə vəziyyətimiz yaxşıdır, kifayət qədər vəsaitimiz vardır, - ona görə, infrastruktur layihələrinin icrası ilə bağlı heç bir yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidirlər. Elə etməlidirlər ki, xərclənən vəsait lazımi səviyyədə təmin edilsin.

İnfrastruktur layihələri arasında biz son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət göstəririk. Çünki buna böyük ehtiyac vardır. Yerlərdən gələn xahişlər də bunu göstərir. Bəlkə ona görə ki, son illər digər infrastruktur layihələrinə, xüsusilə elektrik enerjisi, qazlaşdırma ilə bağlı böyük investisiyalar qoyulmuşdur. Ancaq bu sahədə vəziyyət hələ bizi tam şəkildə qane etmir. Buna baxmayaraq müəyyən uğurlu addımlar atılmışdır.

Kənd yolları isə hər bir insanı əlbəttə ki, narahat edən məsələdir. Bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilibdir. Ancaq hələ ki, bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər.

İçməli su və kanalizasiya layihələri bütün ölkə üzrə gedir, o cümlədən Bakıda. Dövlət büdcəsi hesabına böyük investisiyalar qoyulur, həm də kreditlər verilir. Şəhərimizdə artıq bir neçə belə layihə başa çatıb. Mən də açılışlarda iştirak etmişəm. Vətəndaşlarla söhbət əsnasında onların bu məsələyə müsbət yanaşmasını görmüşəm. Uzun illər keyfiyyətsiz sudan əziyyət çəkən vətəndaşlar bu gün artıq 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli suya malikdirlər. Elə etməliyik ki, bütün şəhərlərimizə içməli su xətləri çəkək. Eyni zamanda, kəndləri də içməli su ilə təmin edirik. Həm "Azərsu" şirkəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırır. O ərazilərdə yaşayan təxminən yarım milyona qədər vətəndaş indi təmiz içməli su ilə təmin olunmuşdur.

Qazlaşdırma ilə bağlı qeyd etməliyəm ki, bu il bu proses bir qədər ləng gedir. Əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır. Dövlət büdcəsində də vəsait nəzərdə tutulubdur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da sürətlə getməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə, bu məsələ mənim nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, "Azəriqaz" bu işləri daha da sürətlə aparmalıdır.

Meliorasiya ilə bağlı. Bu il Şəmkirçay su anbarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, böyük infrastruktur layihəsidir. On minlərlə hektar torpağı suvaracaqdır. Bu, Taxtakörpü su anbarı ilə birlikdə Azərbaycanda suvarma və içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdıracaqdır. Mən keçən müşavirələrdə də məsələni qaldırmışam ki, suvarılacaq torpaqların dəqiq ölçüləri olmalıdır. Çünki hələ ki, mənə verilən məlumat daha çox şifahi xarakter daşıyır və deyilir ki, 10 min, 20 min, ya da ki, 50 min hektar torpaq suvarılacaqdır. Ancaq hansı torpaq, bu uçotu kim aparıbdır, kim dəqiqliklə deyə bilər 10 min, ya da 20 min?! Ona görə, burada ciddi bir nəzarət sistemi olmalıdır. Biz bu məsələlərə böyük vəsait ayırırıq. Əlbəttə, bu layihələr ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox vacibdir. Ancaq biz dəqiq bilməliyik ki, neçə min hektarda vəziyyət yaxşılaşdırılacaq və neçə min hektar suvarılacaqdır. Ona görə, yaxın aylarda belə məlumat əldə edilməlidir. Bütün aidiyyəti qurumlar işləsinlər və mənə məlumat versinlər. Ondan sonra, əlbəttə ki, biz baxacağıq kreditləri hansı sahələrə ayıraq, o torpaqlarda hansı kənd təsərrüfatı məhsulu yetişdirilməlidir ki, bu işlər kortəbii yox, sistemli şəkildə aparılsın.

Bu il ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmuşdur. Burada bu rəqəm səsləndi - 7,6 milyard manat. Yəni, 6 ayda 11,5 milyard dollar investisiya qoyulmuşdur. Bu, çox böyük rəqəmdir. Əminəm ki, bu il də ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcəkdir. Biz bu templəri saxlayırıq. Bu, bizə imkan verir ki, bütün infrastruktur, sosial layihələri icra edək.

İnflyasiya qeyd etdiyim kimi, çox aşağı səviyyədədir. Çalışmalıyıq ki, aşağı səviyyədə də qalsın. Makroiqtisadi sabitlik bizim iqtisadi inkişafımızın əsas məsələsidir.

Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyim sərəncamlar və hazırda aparılan işlər, islahatlar deməyə əsas verir ki, biz bu sahədə də daha sürətli inkişafa nail olacağıq. İndi kənd təsərrüfatı ilə bağlı ciddi islahatlar, o cümlədən struktur islahatları aparılır. İri fermer təsərrüfatlarının fəaliyyəti müsbət qiymətləndirilməlidir. Biz bildiyiniz kimi, əgər belə demək mümkünsə, kiçik bir layihədən, birinci layihədən - 5 min hektar layihəsindən başlamışıq. Orada görünür ki, məhsuldarlıq nə qədər yüksəlir. Burada verilən məlumata görə, hazırda 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Nəticə etibarilə, biz mövcud olan torpaqlarda məhsuldarlığı artıraraq özümüzü tam şəkildə taxılla təmin edə bilərik. Məhsuldarlıq 56 sentnerdir, ancaq orta hesabla ölkə üzrə təxminən 25-26 sentnerdir. Yəni, yeni təsərrüfatlarda məhsuldarlıq iki dəfə artır. Ən müasir texnologiya, texnika, gübrələr, aqroxidmət göstərilir. Çalışmalıyıq ki, bu təcrübəni biz bundan sonra o qədər də böyük olmayan təsərrüfatlara da tətbiq edək. Əlbəttə ki, həcm baxımından bu, fərqlənəcək, amma yanaşma eyni olmalıdır. Əslində biz iri fermer təsərrüfatlarının müasir səviyyədə yaradılması ilə ölkəmizdə bir standart müəyyən edirik. Bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə əsaslanmalıdır.
 

Əlbəttə, məhsuldarlığın artırılması bütün sahələrdə təmin edilməlidir. Eyni zamanda, yeni əkin sahələrinin dövriyyəyə buraxılması dediyim o meliorasiya layihələrinin icrası nəticəsində də nəzərdə tutulur. Belə olan halda bir daha demək istəyirəm, biz dəqiqliklə bilməliyik hansı rayonda neçə min hektar dövriyyəyə buraxıla bilər ki, orada bütün infrastruktur layihələri təmin edilsin, yollar və digər məsələlər öz həllini tapsın. Əminəm ki, biz bu istiqamətdə uğurlu inkişafa nail olacağıq. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, belə olan halda yeni ixrac bazarlarının müəyyən edilməsi məsələsi gündəliyə düşür. Burada əlbəttə ki, ənənəvi bazarlara daha da geniş şəkildə çıxışımız təmin edilməlidir.

Yeni bazarlara çıxmalıyıq, regional bazarlara çıxırıq. İndi bu istiqamətdə də işlər görülür və çalışmalıyıq ki, Avropa bazarlarına da böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilək. Buna nail olmaq üçün əlbəttə ki, keyfiyyət yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanda bu sahədə tətbiq olunan yanaşma hesab edirəm ki, keyfiyyəti də təmin edir. İndi Azərbaycanda elə məhsullar vardır ki, ən yüksək keyfiyyətə malikdir. Nə vaxtkı biz bu sahədə özümüzü tam şəkildə təmin edəcəyik və keyfiyyətli, rəqabətqabiliyyətli məhsullar Azərbaycanın emal sənayesində üstünlük təşkil edəcəkdir, o vaxt əminəm ki, biz Dünya Ticarət Təşkilatına da üzv olmağa hazır olacağıq. Əgər biz bunu bu gün etsək fermerlərimiz ziyan çəkəcək, məhsulumuz azalacaq, Azərbaycan bazarına xaricdən ucuz, keyfiyyətsiz mallar gələcək və beləliklə, iqtisadi inkişafımız, xüsusilə kənd təsərrüfatındakı inkişafımız lazımı səviyyədə olmayacaqdır. Ona görə, Dünya Ticarət Təşkilatına üzv olmaq üçün indi hazırlıq prosesi gedir. Bu, bizim hədəfimizdir. Biz hədəf kimi bunu saxlayırıq, amma həm kənd təsərrüfatı, həm də sənaye sahəsində hazırlıq işləri getməlidir, bu islahatlar aparılmalıdır.

Elektron kənd təsərrüfatı sistemi, yeni texnikanın, damazlıq mal-qaranın alınması - bütün bunlar bir məqsədi güdür ki, biz fermerlərin həyatını yüngülləşdirək, onlar üçün əlavə gəlir mənbəyi təmin edək. Əlbəttə ki, bu, məsələnin bir tərəfidir, sosial məsələdir, çünki əhalimizin təxminən yarısı kənd təsərrüfatı ilə məşğuldur, aqrar zonalarda yaşayır. Biz bu məsələyə sosial məsələ kimi baxırıq, eyni zamanda, bu, böyük iqtisadi potensiala malik olan məsələdir. Hələ ki, biz ondan tam şəkildə istifadə etmirik və birinci mərhələdə özümüzü əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. Biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramının müzakirəsi zamanı biz bu məsələyə toxunuruq. Ondan sonra da kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması bununla paralel olaraq təmin edilməlidir.

Bu il sənaye ilidir. Əlbəttə ki, sənayenin inkişafı diqqət mərkəzindədir. Həm xaricdən, həm daxildən investisiyaların cəlb edilməsi müsbət haldır. Biz investisiyaları xüsusilə sənaye istehsalının artırılmasına yönəldirik, yönəldəcəyik və bu məqsədlə yeni struktur islahatları göz qabağındadır. Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik. Yəni, biz özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq. İnanmıram ki, indi hansısa bir ölkədə dövlət bu məsələlərlə bu qədər məşğul olsun.

Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əlbəttə ki, bu, bizim üçün yeganə məqbul olan yoldur. Amma, eyni zamanda, dövlət siyasətimiz, sənaye, kənd təsərrüfatı ilə bağlı olan addımlarımız sırf sosial xarakter daşıyır. Dövlət fermerləri torpaq vergisindən başqa bütün vergilərdən azad edib. Subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, yollar çəkilir, meliorasiya layihələri icra edilir, Taxtakörpü, Şəmkirçay su anbarlarına yüz milyonlarla manat qoyulur ki, suvarılan torpaqların sahəsi artsın. Kreditlər verilir. Fermerlərə güzəştli şərtlərlə 300 milyon manat kreditlər verilib. Həmçinin tövsiyələr, metodik təlimatlar verilir ki, bu kreditlərdən necə istifadə edilsin. Hansı ölkədə bu qədər qayğı, diqqət göstərilir?! Mən sizə deyim ki, heç bir ölkədə. Bu, bizim siyasətimizin əsas istiqamətidir və biz bunun hesabına qeyri-neft sektorunun inkişafına nail ola bilmişik.

Sənaye sahəsində də eyni yanaşma tətbiq olunur. Dövlət öz hesabına texnoparklar yaradır. Orada şirkətləri cəlb etmək üçün lazım gəldikdə kreditlər ayırır və bu istiqamətdə təşviqedici addımlar kifayət qədər çoxdur.

Hesab edirəm ki, texnoparklarla yanaşı, biz sənaye klasterlərinin yaradılmasına başlamalıyıq. Bu da dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu, vardır. Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlər də görülməlidir.

Əvvəlki müşavirələrdə qeyd etmişəm ki, hər bir rayonda sənaye zonaları olmalıdır. Bu istiqamətdə də işlər gedir və getməlidir. Dövlət əlbəttə ki, əsas yükü öz üzərinə götürür. Belə də olmalıdır. Azərbaycanda dövlət siyasəti bu istiqamətdə aparılır. Eyni zamanda, biz bu sahədə ölkəmizdə sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün dünyada gedən təcrübəni də bilirik. Mövcud olan təcrübəni öyrənirik və görürük ki, orada banklar bu sahədə çox müsbət rol oynayır. Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır. Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün.

Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti vardır və dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?! Ona görə, burada çox ciddi islahatlar aparılmalıdır. Birinci növbədə məsələ təhlil edilməlidir. Yəqin ki, bu təhlil vardır. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm. Yenə də deyirəm, mən Azərbaycanın özəl sektorunun inkişafına çox böyük dəstək verirəm. Əgər belə olmasaydı bu gün bu qədər inkişaf olmazdı. Ancaq, eyni zamanda, özəl sektor da öz məsuliyyətini dərk etməlidir və ümumi işimizə töhfə verməlidir.

Xoşagəlməz hallara qarşı mübarizə davam edir. Bu, daim diqqət mərkəzində olan məsələdir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Hesab edirəm ki, biz bu sahədə köklü dəyişiklərə nail ola bilmişik. Burada əvvəlki dəfələrdə qeyd etdiyim kimi, müxtəlif amillərin rolu xüsusi məna daşıyır - inzibati tədbirlər, cəza tədbirləri, institusional tədbirlər, şəffaflıq, yeni metodların tətbiqi.

"ASAN xidmət"in fəaliyyəti xüsusi əhəmiyyətə malik olan fəaliyyətdir. İl yarım ərzində 2 milyondan artıq müraciət olmuşdur. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. Görün insanların rahatlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə qədər böyük faydası vardır. Ümumiyyətlə, bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi. Biz indi səyyar avtobusları bölgələrə göndəririk. Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb edilir. Deməli, əgər belə olmasaydı, onda bu avtobuslara bu qədər maraq göstərilməzdi. Ona görə, hesab edirəm ki, aidiyyatı qurumlar, prokurorluq və digər qurumlar, icra nümayəndələri bu məsələyə çox ciddi diqqət verməlidir. Bizdə hər yerdə şəffaflıq təmin edilməlidir. O ki qaldı "ASAN xidmət"in fəaliyyətinə, hesab edirəm ki, biz avtobusların sayını artırmalıyıq. İndi cəmi iki avtobus vardır. Biz onların sayını 10-a çatdırmalıyıq. Ona görə, Maliyyə Nazirliyi məsələyə baxsın və təklif versin. Qısa müddət ərzində 10 avtobus daim hərəkətdə olmalıdır ki, insanlar razı qalsınlar.
 

Nəqliyyatla bağlı məsələlər öz həllini tapır. Burada mən iki məsələni qeyd etməliyəm. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalıdır. Beləliklə, Gürcüstan ərazisində bu işlər tamamilə başa çatandan sonra biz öz payımıza düşən hissəni icra etmiş oluruq. Bir də ki, Ələt Beynəlxalq Ticarət Limanının birinci mərhələsinin istismara verilməsi məsələsidir. Bu da yaxın aylarda olmalıdır. Birinci mərhələ, ondan sonra ikinci mərhələ. Ancaq artıq bir neçə aydan sonra biz birinci mərhələni istifadəyə verməliyik. Ondan sonra indi şəhərin mərkəzindəki liman köçürüləcək və orada əvvəllər də dediyim kimi, ictimai zonalar, ictimaiyyət üçün parklar yaradılacaq, digər məsələlər öz həllini tapacaqdır. Çünki indi gördüyünüz kimi, Bakıda boşaldılan bütün ərazilərdə insanların rahatlığı, istirahəti üçün ictimai yerlər salınır.

Eyni zamanda, şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün yeni avtobuslar gətirilməlidir. Əslində, yeni qurum yaradılır - "Baku Bus" şirkəti. Burada ən yüksək xidmət göstərilməlidir və gətiriləcək avtobuslar dünyanın ən gözəl avtobuslarıdır. Məhz məsələni belə qoymuşuq ki, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir. Hesab edirəm ki, yeni avtobuslar bir neçə aydan sonra artıq gətiriləcəkdir. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, o vaxta qədər bütün bu məsələlər - onların parkinq yerləri, sürücülər, sistem, şəffaflıq öz həllini tapmalıdır. Bu, dünya miqyasında bir nömrəli sistem olmalıdır.

Metro tikintisi sürətlə gedir. Hesab edirəm ki, biz bu sahəyə əlavə vəsait də ayırmalıyıq. Çünki bəzi layihələrin icrası vəsaitin çatışmazlığı ucbatından müəyyən qədər ləngiyir. Vəsaitin çatışmazlığı ona görə baş vermir ki, nəzərdə tutulmayıb, sadəcə olaraq, işlər sürətlə gedir. Biz bu işləri daha da sürətləndirməliyik, çünki metro əsas nəqliyyat vasitəsidir. Metroda həm istismarda, həm metro tikintisində aparılan islahatlar hesab edirəm ki, vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən gələn təkliflər də bunu göstərir.

Biz məcburi köçkünlərin problemlərini həmişə olduğu kimi, bu il də yüksək səviyyədə həll edəcəyik. Bu il də ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcəkdir. Bu proses artıq uğurla gedir. Həm Bakıda, həm bölgələrdə yeni massivlər tikilir, yeni qəsəbələr salınır və biz bu işləri ən yüksək keyfiyyətlə görürük.

Böyükşor gölünün təmizlənməsi burada qeyd olundu. Layihə icra olunur. Bu, çox böyük layihədir, rəmzi xarakter daşıyır. Bakının ətrafında çirklənmiş göllərin sayı ondan çoxdur. Onlardan ən böyüyü, ən çirklənmişi Böyükşor gölüdür və biz məhz bu göldən başlamışıq. Bu gölü biz tədricən təmizləyəcəyik. Hələ ki, iki yerə bölmüşük, ola bilsin üç yerə böləcəyik. Eyni zamanda, yol salınacaqdır. Artıq bənd tikilir. Bu, həm şəhər nəqliyyatı üçün faydalı olacaq, eyni zamanda, bu gölü hissə-hissə təmizləmək daha da asandır. Hesab edirəm ki, gələn ilin yayına qədər birinci hissə artıq istifadəyə veriləcəkdir. Üç yüz hektar təmiz göl şəhərin mərkəzində vətəndaşların sərəncamına veriləcəkdir. Gölün ətrafında yaşıllıq, gəzinti zolaqları, bulvar, yəni, şəhər üçün böyük bir park və göl yaradılacaqdır. Bu da həm ekoloji cəhətdən, həm insanların istirahəti üçün çox böyük əhəmiyyət daşıyan məsələdir.

Bununla paralel olaraq Zığ gölünün təmizlənməsi də artıq nəzərdə tutulur. Biz yəqin ki, yaxın aylarda bu gölün təmizlənməsinə də başlamalıyıq. Biz hələ ki, iki göldən başlayıb, növbəti illərdə bütün gölləri təmizləyəcəyik. O göllərə illər ərzində çirkab sular, lay, neft, kanalizasiya suları axıdılırdı. Bu göllər bu gün bir ekoloji fəlakət mənbəyidir, şəhərimizi zəhərləyir. Amma biz bu gölləri təmizləyib, gözəl ekoloji layihəyə çevirəcəyik və bu, şəhərin ekologiyasına çox müsbət təsir göstərəcəkdir.

İndi Balaxanı zibilxanasının təmizlənməsi, orada zibilyandırma zavodunun, poliqonun yaradılması nə qədər böyük təsir göstərmişdir. İndi əvvəlki illərdə olduğu kimi şəhəri bürüyən zərərli tüstü yoxdur. İndi şəhərin havası dəyişir. Biz "Avro" standartına keçmişik. "Avro" standartından aşağı səviyyədə olan avtomobillər artıq Azərbaycana idxal edilmir. Bu da böyük dərəcədə müsbət təsir göstərəcəkdir. Çünki havanı çirkləndirən əsas amil avtomobillərdir. Həmçinin neftayırma zavodumuzda yenidənqurma işləri nəzərdə tutulur. Artıq layihə təqdim edilibdir. Mən hələ ki, bu barədə geniş danışmaq istəmirəm. Bəlkə də, biz bunu ayrıca müzakirə edəcəyik. Ancaq bizim zavodumuzda ən azı "Avro-5" benzinin istehsalı nəzərdə tutulur və vaxt qoymuşam ki, biz bu məsələni üç il ərzində həll etməliyik.
Göllərin, neftlə çirklənmiş yerlərin təmizlənməsi, torpaqların rekultivasiyası. Bibiheybət buxtasının əvvəlki görüntülərinə nəzər salsaq görərik ki, biz nə dərəcədə böyük işlər görmüşük. İndi orada ağaclar əkilib, park salınıb. O, böyük bir fəlakət zonası idi. Ceyms Bond haqqında filmi orada çəkmişdilər. Təqribən on il bundan əvvəl böyük bir fəlakət zonası kimi çəkmişdilər. Bibiheybətin o filmdəki və indiki vəziyyətinə baxmaq olar. İndi biz orada incəsənət, idman şəhərcikləri salırıq. Avropa Oyunlarına hazırlıq məqsədi ilə orada böyük Su İdmanı Sarayı və açıq meydançalar tikilir. Böyük hovuzlar, istirahət zonaları, idman meydançaları olacaqdır. Oyunlardan sonra isə onlardan vətəndaşlar da istifadə edəcəklər.
Bax budur bizim gördüyümüz işlər. Ona görə ekologiya məsələlərinin həllinə daim diqqət göstərilir. Altı ayda həm Bakıda, həm bölgələrdə iki milyondan çox ağac əkilibdir. Mən həmişə deyirəm ki, bu, daimi proses olmalıdır. Biz nə qədər çox ağac əksək, xüsusilə Abşeron yarımadasında, o qədər də insanların sağlamlığına xidmət etmiş oluruq.

Yəni, bizim gördüyümüz işlərin həcmi o qədər böyükdür ki, bir müşavirədə bu barədə danışmaq mümkün deyildir. Mən bu gün sadəcə olaraq əsas məsələləri qeyd etdim. Yenə də demək istəyirəm ki, altı ayın nəticələri ümidvericidir. Ölkəmiz inamla, dinamik şəkildə inkişaf edir. Ölkə iqtisadiyyatı dayanıqlıdır. Əminəm ki, biz ilin sonuna qədər bütün vəzifələri uğurla icra edəcəyik. Nazirlər Kabinetinin üzvlərinə isə uğurlar arzulayıram.

Sağ olun!


---------------
10.07.2014
22:42


Milli.Az AzərTAc-a istinadən bildirir ki, iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin altı ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur. Əlbəttə, bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcəkdir.

Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Siz də yaxşı xatırlayırsınız ki, vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır.

Bu, düşünülmüş siyasətin nəticəsidir və bizim islahatlarımız mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Bizim islahatlarımız, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit resurslarının cəlb edilməsi üçün bizdə heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə bir qədər təmkinlə yanaşırıq. Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik. Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir. Hesab edirəm ki, gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir.

Bir sözlə, müxtəlif amillərin nəticəsində ölkəmizin uğurlu inkişafı mümkün olmuşdur. Ölkəmizdə çox gözəl investisiya şəraiti vardır. Xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar. Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi, əlbəttə ki, dinamik iqtisadi inkişafımıza təkan verir.

Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır.

İnflyasiya Azərbaycanda nəinki birrəqəmlidir, hətta 1,6 faiz təşkil edir. Bu, çox gözəl göstəricidir. Xüsusilə nəzərə alsaq ki, ölkəmizə bu qədər həm daxili, həm xarici investisiyalar qoyulur, maaşlar, pensiyalar ildən-ilə qaldırılır, sovet vaxtından qalmış əmanətlər kompensasiya şəklində, MDB-də ən böyük əmsalla, ən qısa müddət ərzində insanlara qaytarılmışdır - bütün bu amillərə baxmayaraq, inflyasiya cəmi 1,6 faizdir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir. İstənilən ölkə üçün bu, ən arzu olunan balansdır. Ona görə bu amillər, iqtisadiyyatımızın əsas göstəriciləri bizə ümid verir deyək ki, biz bu templəri ilin sonuna qədər saxlayacağıq. Ümid edirəm belə də olacaqdır, ümumi daxili məhsul daha da artacaqdır.

Kənd təsərrüfatında inkişaf müşahidə olunur. Kənd təsərrüfatımız təxminən 6 faiz artıbdır. Ümid edirəm ki, indi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq.

Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycan böyük maliyyə resurslarına malikdir. Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməmişdir. Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək.

Bunu da xüsusilə qeyd etməliyəm ki, biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik. Eyni zamanda, ölkə daxilinə dövlət tərəfindən qoyulan investisiyaların artırılmasına da imkan verməməliyik. Çünki bu, xoşagəlməz hallara gətirib çıxara, inflyasiyanı sürətləndirə bilər və buna ehtiyac yoxdur. Biz növbəti illərdə bu templə inkişaf etsək, hesab edirəm ki, kifayətdir.
İl ərzində bizim valyuta ehtiyatlarımız artıb. Yəni, biz ildən-ilə, aydan-aya valyuta ehtiyatlarımızı artırırıq. Ona görə, mən bilirəm ki, biz çox qənaətlə istifadə edirik. Biz populist vədlərdən tamamilə uzağıq, heç vaxt bunu etməmişik. Ancaq praqmatik, düşünülmüş siyasət aparmışıq və bu siyasət imkan verdi ki, biz bütün çətinliklərdən şərəflə, üzüağ çıxa bildik.

Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməmişdir. Bunu yəqin, gələcəkdə alimlər araşdıracaqlar və təhlil aparacaqlar ki, bu, nə üçün belədir. Bizim, sadəcə olaraq, buna vaxtımız yoxdur, biz işlə məşğuluq və işimiz göz qabağındadır. Biz böyük maliyyə resurslarına malik olan ölkəyik. Bir daha qeyd etmək istəyirəm, biz ildən-ilə maliyyə resurslarını artırırıq, artıracağıq. Bu resurslardan səmərəli şəkildə istifadə etməyimiz, bizə əlbəttə ki, əlavə gəlirlər gətirir və bu gün öz investisiya portfelimizi şaxələndiririk - həm sahələr üzrə, həm də xaricdə qoyulan investisiyaların coğrafiyası genişlənir.

Bu il üçüncü regional inkişaf proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək.

Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaqdır. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcəkdir. Bir var ki, 8 milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni, rəqəmlər də mütləq böyüyəcəkdir. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq. Müəyyən işlər görülmüşdür, biz bunu gərək daha da konkretləşdirək ki, hansı sahələrdə nə qədər iş yerləri açılmalıdır. Buna görə biz nə etməliyik, hansı institusional islahatlar aparılmalıdır, buna nə qədər investisiyalar cəlb edilməlidir? Hesab edirəm ki, bundan sonra dövlət investisiya xərclərinin müəyyən edilməsində bu amil əsas olmalıdır. Çünki biz əvvəlki illərdə, hətta indi də vəsaiti ən böyük inkişafa ehtiyacı olan sahələrə yönəldirik. İnfrastruktur, sosial layihələr, müdafiə xərcləri, əlbəttə ki, bu, lazımdır və düşünülmüş siyasətdir. Ancaq biz məşğulluq məsələlərini indi daha da ciddi nəzərə almalıyıq. Üçüncü regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bizim bütün əsas infrastruktur və sosial məsələlərimiz öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaqdır.

Bakı və onun qəsəbələrinin inkişaf proqramı icra edilir. Bu proqram daha qısamüddətlidir, 2016-cı ilə qədər başa çatmalıdır. Hesab edirəm ki, bu sahədə də hər şey cədvəl üzrə gedir, heç bir problem yoxdur.
Sosial məsələlərin həlli bu altı ayda da diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı artıb, indi 440 manat və ya 560 dollar təşkil edir. Əminəm ki, daha da artacaqdır.

Sosial infrastruktur layihələri icra edilir. Səksəndən çox təhsil müəssisəsi, qırxdan çox səhiyyə ocağı təmir olunur, tikilir. Yəni, bu da sosial sahəyə ayrılan vəsaitin, diqqətin hesabına olan məsələlərdir.

Eyni zamanda, əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir. Bu, əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Əminəm ki, islahatlar daha da dərinləşəcəkdir. İslahatlar şəffaflıq nöqteyi-nəzərindən daha da dərinləşməlidir. Dünyanın aparıcı ölkələrinin bu sahədə böyük təcrübəsi vardır. Biz bu təcrübəni, əlbəttə ki, öyrənirik, tətbiq edirik. Azərbaycanda sosial sahədə vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır. Buna nail olmaq üçün, hesab edirəm ki, bütün imkanlarımız vardır.
Biz bu altı ayda, əlbəttə ki, hərbi məsələlərə xüsusi diqqət göstərmişik. Ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır. Ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər həm praktik nöqteyi-nəzərdən, eyni zamanda, gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik məsələlərdir. Bu yaxınlarda səfirlərlə görüşdə bu məsələ ilə, ümumiyyətlə, xarici siyasətlə bağlı sözlərimi kifayət qədər geniş demişəm, təkrar etmək istəmirəm. Sadəcə olaraq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir. Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər.

Bu altı ayda neft-qaz sahəsində, xüsusilə "Cənub" qaz dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır. İlkin tenderlər elan edilmişdir. TANAP layihəsinin icrası, demək olar ki, artıq başlamışdır. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir. Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik. "Cənub" qaz dəhlizinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir. Bu üç layihə - "Şahdəniz-2", TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaqdır.

Bu gün bizim dünyada oynadığımız rol çox önəmlidir. Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları gündən-günə artır. Bütün bunları biz özümüz qazanmışıq, əldə etmişik.

Enerji siyasətimiz bu gün ümumi siyasətimizin tərkib hissəsidir, nəinki bizim üçün, bütün ölkələr üçün milli təhlükəsizlik məsələsidir. Son aylarda bölgədə, Avropada bu sahədə müşahidə olunan hadisələr və müəyyən gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə bilməz, tam müstəqil siyasət apara bilməz.

Biz isə öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

Növbəti illərdə TANAP layihəsinin icrası ilə bağlı Azərbaycanda on minlərlə yeni iş yeri açılacaqdır. Azərbaycan şirkətləri bu layihələrdə iştirak edəcəklər. Son vaxtlar imzalanan kontraktlar üzrə tenderlərdə Azərbaycan şirkətləri ya birbaşa, ya da xarici şirkətlərlə birlikdə qalib gəlmişlər və bir neçə milyard dollar həcmində kontraktların icrası da Azərbaycan şirkətlərinə həvalə edilmişdir. Bu da dövlətin özəl sektora göstərdiyi diqqət və qayğıdır.

Birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik. Ancaq burada yaşayan və çalışan şirkətlər buraya investisiyalar qoysa, onlar üçün daha yaxşı olar. Gəlirlilik burada daha yüksəkdir, investisiyalar dövlət tərəfindən qorunur. Ona görə TANAP, "Şahdəniz-2" layihələrinin icrası nəticəsində bizim inşaatla, xidmətlə, digər sahələrlə və əlbəttə ki, energetika sahəsi ilə bağlı şirkətlər də hazır olmalıdırlar. Tenderlərdə iştirak etməlidirlər və orada yaxşı təklif verməlidirlər ki, qalib gəlsinlər. Beləliklə, daha çox vergi ödəyəcəklər, daha çox iş yerləri yaradılacaqdır. Bir sözlə, bizim enerji siyasətimiz bu yolla ölkə iqtisadiyyatının inkişafına xidmət etməlidir, nəinki qazanılan pulların sonra infrastruktur layihələrinə yönəldilməsi ilə. Bu, təbii ki, olacaqdır. Bu layihələrin icrası nəticəsində biz böyük miqdarda vəsait əldə edəcəyik, o vəsaiti də ölkə iqtisadiyyatının inkişafına, sosial məsələlərin həllinə qoyacağıq. Ancaq kontraktların icrası nəticəsində yerli şirkətlərin fəaliyyəti hesabına iş yerlərinin açılması, yeni sənaye sahələrinin yaradılması prosesi də sürətlə gedəcəkdir.

Biz dövlət olaraq buna hazırıq. Bu məqsədlə artıq neçə ildir ki, sənayeləşmə siyasəti aparılır, texnoparklar yaradılır, digər təşəbbüslər vardır və olacaqdır. Bu barədə sonra danışacağam. Bir sözlə, bizim sənayemiz də buna hazır olmalıdır. Müəyyən dərəcədə hazırdır, ancaq hesab edirəm ki, bir-iki il ərzində sənaye məsələlərinə həm dövlət xətti ilə, həm özəl qurumlar hesabına daha böyük diqqət göstərilməlidir.
Bir sözlə, bizim altı ayda gördüyümüz işlər yüksək qiymətləndirilməlidir. Ölkədə çox gözəl ab-hava vardır. Çox gözəl ictimai-siyasi vəziyyət müşahidə olunur. Sabitlik tam şəkildə təmin edilir. Sabitliyin qarantı Azərbaycan xalqıdır və gördüyümüz işlərdir. Azərbaycan xalqının rifahı, cəmiyyətdə bərqərar olan ədalət, o cümlədən sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meylləri daha da gücləndirir.

X X X

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!
Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarımilində də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir.

Bu davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 10 ildən artıq bir müddət ərzində, cənab Prezident, Sizin tərəfinizdən inamla davam etdirilməsi və gərgin əməyiniz sayəsində mümkün olmuşdur.
Cari ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilmiş, xərcləri isə 8,7 milyard manat olmuşdur.

Vergilər Nazirliyi tərəfindən proqnoza 103,6 faiz əməl edilmiş, qeyri-neft sektorundan büdcəyə daxil olmuş vəsait isə ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz artmaqla, ümumi daxilolmalarda payı 56,9 faizə çatmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən isə proqnoza 100,2 faiz əməl edilmiş, daxil olmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artmışdır.
İlk 6 ayda iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilmiş və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artmışdır. Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil etmişdir.

Əhalinin gəlirlərinin artması davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər isə 3,3 faiz artmışdır. Yanvar-may ayları ərzində orta aylıq əmək haqqı 6,5 faiz artaraq, 438,1 manata yüksəlmişdir. Bu il iyunun 1-dək əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq, 6,6 milyard manata çatmışdır.
Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, "Fitch", "Standard and Poors" və "Moodys" reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəltmiş, onların hər biri iqtisadiyyatımıza investisiya səviyyəli kredit reytinqi vermişdir.
Bununla yanaşı Dünya Bakı, Beynəlxalq Valyuta Fondu və AYİB kimi təşkilatların Azərbaycan iqtisadiyyatına dair proqnozları optimist olmuşdur.

Möhtərəm cənab Prezident! Ölkəmizin sosial-iqtisadi inkişafına müstəsna töhfə verən məqsədli dövlət proqramları uğurla icra olunur. Cari ilin 6 ayında Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.

Sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində saxlanılmış, 6 ay ərzində regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.

Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində isə, ötən 6 ayda 10 təhsil, 8 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşmışdır və 100-ə yaxın təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektdə işlər davam etdirilir.
Cənab Prezident! Tapşırığınıza əsasən Böyükşor gölünün bərpası ilə əlaqədar layihəyə uyğun olaraq işlər qrafik üzrə həyata keçirilir, birinci mərhələdə gölün 300 hektar sahəsinin çöküntülərdən təmizlənməsi işlərinə başlanılmışdır.
Möhtərəm cənab Prezident! Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, kənd təsərrüfatı sahəsində müasir istehsal və infrastruktur komplekslərinin yaradılması istiqamətində işlər davam etdirilmiş, bir sıra ərzaq məhsullarının, o cümlədən quş əti, yumurta, ət və ət məhsulları, süd məhsullarının istehsalı artmış, özünü təminetmə səviyyəsi yüksəlmiş, bəzi məhsullarımızın məşhur brendlərin adı ilə istehsalına başlanılmışdır.

Ərzaq təminatında yerli istehsalın payının artırılması ilə bağlı verdiyiniz tapşırığa əsasən, iri özəl taxılçılıq təsərrüfatlarının qurulması istiqamətində işlər davam etdirilir. Ötən il yaradılmış ilk pilot taxılçılıq təsərrüfatında biçin başa çatmış və hər hektardan orta hesabla 56 sentner yüksək keyfiyyətli məhsul yığılmışdır.

Tapşırığınıza uyğun olaraq, ümumilikdə 12 rayonun ərazisində 30 min hektaradək sahədə 15 sahibkarlıq subyektinə məxsus 19 iri fermer təsərrüfatının yaradılması və zəruri infrastrukturla təmin olunması istiqamətində işlər davam etdirilir.
Ət və süd istehsalının həcminin və keyfiyyətinin artırılması, emal sənayesinin davamlı və fasiləsiz xammalla təmin olunması məqsədilə iri heyvandarlıq komplekslər ilə yanaşı, regionlarda 50 başlıq iribuynuzlu cins heyvanlardan ibarət ailə təsərrüfatlarının yaradılmasına başlanılmış, artıq bu tip iki təsərrüfat güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.
Cənab Prezident, müvafiq Sərəncamınızın icrası məqsədilə Bakıda və Abşeronda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması, daşınması, ixracı və satışını təmin edəcək və tutumu 110 min ton olan 3 logistik mərkəzin və daxilində "fermer mağazaları" da fəaliyyət göstərəcək "yaşıl market" kompleksinin layihələri razılaşdırılmış, tikintisi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir və bu ilin sonunadək istifadəyə veriləcəkdir.

Bundan əlavə, qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması məqsədilə tapşırığınıza uyğun olaraq, Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisinə başlanılmışdır. Belə mərkəzlərin digər ölkələrdə də yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Möhtərəm cənab Prezident, 2014-ci ilin "Sənaye ili" elan edilməsi haqqında Sərəncamınızla Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlamışdır. Sərəncama uyğun olaraq, 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanmış və Proqramda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülmüşdür. Bununla yanaşı, bu il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür.

Bu işlər çərçivəsində "Azərbaycan Polad İstehsalı Kompleksi"nin qurulması ilə bağlı məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanmış, kompleksin yaradılması, mövcud istehsal sahələrinin fəaliyyətinin səmərəli təşkili, sağlamlaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər qrafik üzrə həyata keçirilir. Bu Kompleks dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə etməklə, polad və çuqun məmulatlarına olan daxili tələbatın ödənilməsinə imkan verəcəkdir.
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılmış, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulmuşdur. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalının təşkili məqsədilə potensial investorlarla danışıqlar aparılır, onların layihələri dəyərləndirilir. Həmçinin Parkın infrastrukturunun tam formalaşdırılması işləri davam etdirilir.

Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılmışdır. Bununla yanaşı, potensial rezidentlərin cəlb edilməsi ilə bağlı müvafiq işlər davam etdirilir.

Mingəçevir və Gəncə Sənaye parklarının yaradılması ilə bağlı da hüquqi bazanın formalaşdırılması məqsədilə müvafiq işlər görülür.
Cənab Prezident, tapşırığınıza əsasən, sənaye məhəllələrinin yaradılması məqsədilə müasir təcrübə öyrənilmiş və ilk olaraq Neftçala rayonunda layihələndirmə işlərinə başlanılmışdır.

Maşınqayırma sənayesindəki mövcud vəziyyət təhlil edilmiş, fəaliyyət göstərən müəssisələr tərəfindən təqdim olunmuş investisiya layihələri nəzərdən keçirilmişdir. Bu sahənin inkişafı ilə bağlı müvafiq təkliflər hazırlanır.
Ümumilikdə, 6 ayda qeyri-neft sənayesində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artmışdır.
Son dövrdə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bir sıra məhsullar üzrə idxaldan asılılıq azalmış, tələbatın yerli istehsal hesabına ödənilməsi artmışdır. Məsələn, ölkədə yerli xammal hesabına daxili tələbatı ödəyə biləcək bir sıra tikinti materialları, o cümlədən sement istehsal edən zavodlar istismara verilmişdir ki, bunun da nəticəsində tikinti materiallarının istehsalı 16,8 faiz, sement istehsalı isə 39 faiz artmışdır. Sementə olan tələbat ilin sonunadək daxili istehsal hesabına tam ödəniləcəkdir.
Möhtərəm cənab Prezident! Sosial-iqtisadi inkişaf strategiyanızın mühüm tərkib hissəsi olaraq sahibkarlığın inkişafı və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində növbəti addım kimi mart ayında imzaladığınız Fərmanın icrası ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına birbaşa təsir edən istiqamətlər üzrə prosedurları, vaxt sərfini və məsrəfləri azaltmaqla, ölkəmizin investisiya cəlbediciliyini artıracaqdır.

Fərmanın bütün bəndlərinin icrası ilə bağlı müvafiq orqanlarla birlikdə qanunvericiliyə dəyişikliklər hazırlanmış və aidiyyəti üzrə təqdim olunmuşdur.
Sahibkarların maarifləndirilməsi, nümunəvi layihələrin təqdim olunması və güzəştli kreditlərin verilməsi məqsədilə 6 ayda 19-u regionlarda, 5-i Bakı qəsəbələrində olmaqla, 24 forum keçirilmişdir.
Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4 faiz artmışdır ki, onların da 98 faizi kiçik kreditlərin payına düşür.

Verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisələri artıq istifadəyə verilmişdir və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır. İl ərzində sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

Kiçik sahibkarlıqla məşğul olan şəxslərin güzəştli kreditlərə birbaşa çıxış imkanlarını təmin etmək üçün kredit ittifaqları ilə əməkdaşlıq genişləndirilir və xüsusilə regionlarda belə maliyyə qurumlarının yaradılması davamlı surətdə təşviq olunur.
İxrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə cari ilin birinci yarısında yerli və xarici iş adamlarının, beynəlxalq tərəfdaşların iştirakı ilə 121-i ölkəmizdə, 75-i xaricdə olmaqla, ümumilikdə 196 tədbir və görüş keçirilmişdir.

Möhtərəm cənab Prezident! Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi islahatlar qarşıdakı dövrdə nailiyyətlərimizin daha da artmasını, ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcək, müsbət nəticələr və davamlı inkişaf sayəsində müəyyən etdiyiniz hədəflərə nail olunacaqdır.
Sizi əmin edirik ki, ölkənin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlərin davam etdirilməsi istiqamətində verdiyiniz tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.
Diqqətinizə görə minnətdaram.

X X X

Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
2014-cü ilin birinci yarısı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir.

Möhtərəm cənab Prezident!

Cari ilin birinci yarısında bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində stabil artım davam etmiş, 2,3 milyard manat məhsul istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir. Bu dövr ərzində bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil edərək, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3 faiz artıma nail olunmuşdur.

Digər sahələrdə müşahidə edilən dinamik artımlar da kənd təsərrüfatı sahəsindəki inkişafa adekvat olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı əvvəlki ildə olduğu kimi sabit qalaraq 4,4 faiz təşkil etmişdir.
Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçıları üçün münbit şəraitin yaradılması haqqında müvafiq Sərəncamınızın icrası nəticəsində bu dövr ərzində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz artaraq 68,9 milyon ABŞ dollarına çatmışdır.
Aqrar sektorun intensiv inkişafını stimullaşdırmaq üçün dövlət dəstəyi tədbirləri cari ildə də davam etdirilmiş, bu məqsədə on milyonlarla manat həcmində vəsait sərf olunmuşdur. Məhsulun bahalaşmaması üçün dövlət dəstəyinin təsirini müəyyən edən və beynəlxalq təcrübədə geniş istifadə olunan "kənd təsərrüfatı siyasətinin dəyəri" indeksi üzrə Beynəlxalq İqtisadi Forumun hesabatında Azərbaycan 2013-2014-cü illərdə əvvəlki dövrlə müqayisədə 21 pillə irəliləyərək, 148 ölkə arasında 49-cu yerə yüksəlmişdir.

Möhtərəm cənab Prezident!
Tapşırığınıza əsasən bu sahədə şəffaflığın artırılması və dövlət yardımlarından istifadə sahəsində məlumatların ictimailəşdirilməsi məqsədilə rayon və kəndlərdə yardım almış hər bir istehsalçı haqqında məlumat nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Vətəndaşlardan, QHT-lərdən və digər maraqlı tərəflərdən bu sahədə müşahidə etdikləri mənfi hal və ya pozuntu barədə məlumatlar alınmış və nazirliyin monitorinq qrupu tərəfindən adekvat tədbirlər görülmüşdür.

Möhtərəm Prezident, Sizin sərəncamlarınızla ayrılan vəsaitlər hesabına fermerlərin kənd təsərrüfatı texnikaları ilə təchizatının yaxşılaşdırılması istiqamətində də ciddi dönüş yaradılmışdır. Belə ki, hesabat dövründə "Aqrolizinq" ASC tərəfindən müasir tələblərə cavab verən 1928 kənd təsərrüfatı texnikası, o cümlədən Avropa istehsalı olan 478 taxılyığan kombayn, 417 traktor, 1033 qoşqu avadanlıqları və digər texnikalar alınaraq istifadəyə verilmişdir.

Bütün bunların nəticəsidir ki, birbaşa dəstəyiniz nəticəsində yenilənmiş kənd təsərrüfatı texnikası parkı hesabına indiyədək ölkə üzrə taxıl sahələrinin 90 faizindən çox hissəsində biçin ən minimal itki ilə və qısa müddətdə başa çatdırılmışdır. Biçin zamanı demək olar ki, yanğın hadisələrinə yol verilməmişdir.

Ümumiyyətlə, cari mövsümdə taxılın vaxtında və itkisiz yığılması məqsədilə bütün rayonlarda operativ qərargah və "qaynar xətt" yaradılmış, taxılyığan kombaynların optimal dislokasiyası və taxılın yetişmə vaxtına uyğun olaraq rayonlararası hərəkəti operativ şəkildə təşkil edilmişdir.
Qeyd etmək lazımdır ki, cari mövsümdəki iqlim şərtləri taxıl məhsullarının istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili olmuşdur. Belə ki, mövsüm dövründə havaların quraq keçməsi nəticəsində xüsusilə, dəmyə ərazilərdəki taxıl sahələrinin bir hissəsində məhsuldarlıq çox aşağı olmuşdur. Həmçinin bəzi rayonlarda dolu düşməsi nəticəsində əkilmiş taxıl sahələrinin xeyli hissəsi sıradan çıxmışdır. Ölkədə aqrar sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı verdiyiniz tapşırığın əhəmiyyəti bu faktlardan sonra daha aktual xarakter almışdır.

Onu da qeyd edək ki, bu mövsümdə iqlim şərtlərinin taxıl məhsullarının istehsalı baxımından əlverişsiz olması ABŞ-ın bəzi ştatları, Kanada və Avstraliya kimi dünyanın ən iri taxıl istehsalçıları üçün də xarakterik olmuşdur. Lakin dünyanın digər əsas taxıl istehsalçıları olan ölkələrdə, o cümlədən Azərbaycanın taxıl idxalının 90 faizini həyata keçirdiyi Rusiya və Qazaxıstanda məhsul istehsalı əvvəlki ilə nisbətən artmışdır. Ümumilikdə isə qlobal bazar trendlərinə əsasən buğda ehtiyatları son 3 il ərzində artım dinamikasına malik olmuşdur. "FAO ərzaq qiyməti indeksinə", eləcə də Çikaqo və digər beynəlxalq buğda birjalarının məlumatlarına əsasən, cari ilin iyun ayında buğdanın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10-20 faiz aşağı düşmüşdür. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin taxıla olan ehtiyacının xarici mənbələr hesabına ödənilən hissəsinin əlverişli şərtlərlə alınmasında heç bir ciddi problem yaşanmayacaqdır.

Möhtərəm cənab Prezident!

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə hesabat dövrü ərzində "Aqrolizinq" ASC tərəfindən 2000 başa yaxın iri buynuzlu cins damazlıq heyvanın və 700 başdan artıq keçinin respublikaya gətirilərək 50 faiz güzəştlə lizinqə verilməsi təmin edilmişdir.
Son illərdə ölkəmizdə iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən müxtəlif ətlik-südlük heyvanların gətirilərək lizinq yolu ilə güzəştli şərtlərlə satılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynamağa başlamışdır. Ötən ay imzaladığınız "Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamınız da bu baxımdan müstəsna əhəmiyyətə malikdir və bu sahədə xüsusi canlanmaya səbəb olacaqdır.

Dünya təcrübəsində bu prosesi daha da sürətləndirmək məqsədilə paralel olaraq süni mayalanma və embrion köçürməsi təcrübəsindən də geniş istifadə edilir və aparılan müşahidələr bu üsulun daha ucuz olduğunu göstərir. Məhz bu səbəbdən ölkəmizdə də bu üsullara geniş tələbat yaranmışdır. Ona görə də respublikada bu işin beynəlxalq standartlara uyğun təşkili üçün verdiyiniz Sərəncam heyvandarlıq təsərrüfatlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına mühüm töhfə və daha bir dövlət qayğısıdır.
Məlumat üçün məruzə edim ki, ayırdığınız həmin vəsait hesabına Göygöl süni mayalanma mərkəzinin tamamilə yenidən quraşdırılması işinə başlamaq üçün Fransa və Almaniya mütəxəssisləri ilə apardığımız danışıqlar yekunlaşmaq ərəfəsindədir.

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınıza əsasən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında özəl mənbələrdən cəlb edilən investisiya qoyuluşu hesabına müasir tələblərə uyğun infrastruktur yaradılmış, fermerlərin öz məhsullarını burada heç bir maneə olmadan satmaları üçün müvafiq təşkilati işlərə nəzarət gücləndirilmişdir. Eyni zamanda, baytarlıq-sanitariya tələblərinə uyğun ət kəsimi məntəqələrinin və meyvə satışı mərkəzlərinin yaradılmasına başlanılmışdır.

Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması haqqında tarixi qərarınızın icrasına başlanılmışdır. Belə ki, nazirliyin yeni strukturu hazırlanaraq təqdim edilmiş, yaradılacaq idarələrin yerləşdirilməsi məqsədilə 52 rayonun (şəhərin) bir çoxunda artıq tikinti işlərinə başlanılmışdır. Eyni zamanda, baytarlıq şəhərciyinin salınması, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati binası və laboratoriyalarının, eləcə də digər laboratoriyaların tikintisi sürətlə aparılır.

"Elektron kənd təsərrüfatı" sisteminin yaradılması barədə tapşırığınıza əsasən Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində zəruri ehtiyacların müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və təşkilati çərçivələr təhlil edilmiş, texniki şərtlərin hazırlanmasına başlanılmışdır. Avropa İttifaqının "İnteqrasiya olunmuş Nəzarət Sisteminin" (IACS) prinsiplərinə əsaslanan və 3 alt moduldan ibarət olan bu sistem torpaqların və fermerlərin reyestri, habelə heyvanların identifikasiyası və qeydiyyatı komponentləri də daxil olmaqla, kənd təsərrüfatı sahəsi üzrə real və dürüst məlumatların əldə edilməsinə imkan verəcəkdir. Eyni zamanda, "Aqrolizinq" ASC-nin, Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin və süni mayalanma işləri üzrə informasiya bazalarının elektron uçot sisteminə keçirilməsi işlərinə başlanılmış, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən üç xidmət elektron xidmətlərin siyahısına daxil edilmişdir.

Hörmətli Prezident, Sizin tapşırıqlarınız, eləcə də müasir qlobal çağırışlar nəzərə alınmaqla, Avropa İttifaqı tərəfindən cəlb edilmiş beynəlxalq ekspertlərin təklif etdiyi metodika əsasında aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası"nın layihəsi hazırlanmışdır. Layihə əksər beynəlxalq qurumların ekspertləri ilə müzakirə olunmuş və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmişdir.

Əminliklə deyə bilərik ki, bu strategiyanın qəbul edilməsi ilə Ümummilli Liderin müəllifi olduğu Azərbaycanın aqrar inkişaf modelində yeni mərhələnin başlanğıcı üçün əsas yaranacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək dedi:

Möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinin real gəlirlərinin artmasına, yoxsulluğun aşağı salınmasına, məşğulluğun gücləndirilməsinə, əmək resurslarından səmərəli istifadə olunmasına, müharibə əlilləri və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına, tibbi-sosial reabilitasiya sisteminin müasir tələblər səviyyəsində qurulmasına, əhaliyə ödənişlərin artırılmasına yönəlmiş sosial siyasəti 2014-cü ilin birinci yarısında da uğurla davam etdirilmişdir.

Hazırda əmək bazarının mövcud iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşdırılması üsullarının təkmilləşdirilməsi, əmək potensialından daha dolğun istifadə olunması, yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi hökumətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.

Son bir il ərzində ölkədə iqtisadi fəal əhalinin sayı 1,5 faiz artaraq 2014-cü ilin 1 iyul tarixinə 4 milyon 794 min nəfərə, məşğul əhalinin sayı isə 1,7 faiz artaraq 4 milyon 556 min nəfərə çatmışdır.

Əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsinə və işçi qüvvəsindən istifadənin səmərəliliyinin artırılmasına nail olmaq üçün turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrinə aid 200 peşə standartı hazırlanaraq cari ilin əvvəlindən sahibkarların istifadəsinə verilmişdir. Bu prosesin davam etdirilməsi və müxtəlif sahələrə aid daha 5 mindən çox peşə standartının hazırlanması nəzərdə tutulur. Əlverişli demoqrafik vəziyyətin formalaşdığı hazırkı dövrdə bu problemin həlli xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, son 10 il ərzində əhalinin orta illik artım göstəriciləri yüksəlmiş, orta ömür müddəti uzanmış və müsbət miqrasiya saldosuna nail olunmuşdur. Əhalinin ümumi strukturunda 15-64 yaş qrupunun payı 66,7 faizdən 71,8 faizə qədər yüksəlmişdir. Beləliklə, hazırda Azərbaycanda əhalinin yaş strukturu demoqrafik dividendin əldə olunmasına imkan verir. Bu amil nəzərə alınmaqla, eləcə də əhalinin kəmiyyət və keyfiyyət artımını tənzimləmək məqsədilə cənab Prezident, Siz çıxışınızda qeyd etdiyiniz kimi, ölkənin uzunmüddətli inkişaf xəttinə uyğun olaraq "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının (2014-2025-ci illər)" layihəsi üzərində iş bu ilin 6 ayı ərzində başa çatdırılmışdır.

2014-cü ilin birinci yarısında əmək qabiliyyətli əhalinin işlə təminatı üçün müvafiq tədbirlər görülmüş, məşğulluq xidməti orqanlarına müraciət etmiş 13742 nəfər münasib işlə təmin olunmuş, 1782 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 57327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb olunmuşdur.

Gənclər arasında məşğulluğun artırılmasının yeni üsullarının sınaqdan keçirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə xüsusi pilot layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində ali təhsilli, ilk dəfə işaxtaran bir qrup gəncin yeni iş yerində əmək haqlarının yarısının 6 ay müddətinə Beynəlxalq Əmək Təşkilatı tərəfindən subsidiya şəklində işəgötürənlərə ödənilməsi nəzərdə tutulur. Layihənin müsbət nəticələrinin ölkə miqyasında tətbiqi barədə hökumətə müvafiq təkliflər veriləcəkdir.

Möhtərəm cənab Prezident. Əmək müqavilələri bağlamadan işçi çalışdıraraq əmək haqlarını qeyri-rəsmi formada verməklə məcburi ödəmələrdən yayınan işəgötürənlərə qarşı səmərəli tədbirlərin görülməsi barədə Sizin tapşırığınızın icrası olaraq aidiyyəti dövlət orqanları ilə birlikdə problemin həlli yolu kimi keçən ilin sonunda əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin yaradılmasına başlanılmışdı.

Bu prosesin hüquqi əsaslarını təmin etmək üçün 2013-cü ilin dekabrında qanunvericiliyə müvafiq dəyişikliklər edilmiş, bundan sonra həmin informasiya sistemi yaradılaraq "Elektron hökumət" portalında yerləşdirilmiş, 2014-cü il iyulun 1-dən isə istifadəyə verilmişdir. Hazırda işəgötürənlər əmək müqavilələrini bu sistemdə aktiv şəkildə qeydiyyata almağa başlamışlar.
Bu elektron informasiya sistemi qeyri-leqal əmək münasibətlərinin qarşısının alınmasında, muzdlu işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsində, dövlət büdcəsinin gəlirlərinin və sosial sığorta haqlarının artmasında, həmçinin əmək bazarının təhlili üçün informasiya bazasının formalaşdırılmasında mühüm rol oynayacaqdır. Bununla bərabər, hesabat dövründə əmək qanunvericiliyinin gözlənilməsinə nəzarət üzrə inzibati tədbirlər də sərtləşdirilmişdir.

Bu tədbirlər və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 9269 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilmiş, 2 milyon 352 min manat məbləğində cərimə tətbiq olunmuş və bunun 35,3 faizi dövlət büdcəsinə ödənilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23 dəfə çoxdur. Ötən 6 ay ərzində 5613 işçi ilə əmək müqaviləsinin bağlanılması təmin olunmuşdur.

2014-cü ilin birinci yarısında aztəminatlı əhalinin sosial-iqtisadi problemlərinin həlli, onların yaşayış səviyyəsinin qaldırılması və sosial yardımların ünvanlılığının təmin edilməsi sahəsində ciddi addımlar atılmışdır. Bu dövrdə respublika üzrə orta hesabla 128 min ailənin 560 min nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2300 nəfər az olmaqla, normal azalma meylini özündə əks etdirir. Ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133 manat olmuş və ya son bir ildə 10,5 faiz artmışdır. Bu yardımların maliyyələşdirilməsinə 6 ay ərzində 107 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çox vəsait xərclənmişdir.

Hesabat dövründə əhalinin, xüsusilə də çoxuşaqlı qadınların və əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, "Sosial müavinətlər haqqında" Qanuna edilən dəyişikliyə uyğun olaraq beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış 6340 nəfər uşağına sosial müavinət təyin edilmişdir.
Cari ilin ilk yarısında müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilmişdir. Belə ki, 18262 nəfər müharibə əlilinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2014-cü il aprelin 1-dən onlara verilən Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manata, II qrup üçün 130 manata, III qrup üçün 100 manata çatdırılmış, Böyük Vətən müharibəsi iştirakçılarına təyin edilən Prezident təqaüdünün məbləği isə 100 manata qaldırılmışdır.

Bütövlükdə, cari ilin aprel ayından 86452 nəfər şəxsin müavinəti və təqaüdü artırılmışdır ki, bu artımların maliyyələşdirilməsinə hər ay əlavə olaraq 2,1 milyon manat vəsait yönəldilir.
2014-cü ilin ilk yarısında sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə dövlət büdcəsindən 145,6 milyon manat vəsait xərclənmişdir.

Möhtərəm cənab Prezident, Sizin müharibə əlillərinin avtomobillərlə tam təmin olunması barədə tapşırığınızın icrası sürətlə yerinə yetirilməkdədir. Belə ki, cari ilin ötən dövrü ərzində 677 nəfər Qarabağ müharibəsi əlilinə, 323 nəfər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxslərə, ümumilikdə isə 1000 nəfərə minik avtomobili verilmişdir və bu prosesin avqust ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Bundan əlavə, 118 nəfər imtiyazlı şəxsə nazirliyin sifarişi ilə inşa edilmiş yaşayış binalarında mənzillər verilmişdir. Cənab Prezident, fürsətdən istifadə edib Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 2014-2018-ci illərdə mənzillər və fərdi evlərlə təmin olunması barədəki Sərəncamınıza görə onlardan daxil olan müraciətlərdəki dərin təşəkkürlərini Sizə çatdırmaq istərdim.

2014-cü ilin birinci yarısında respublikada əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onlara göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra zəruri tədbirlər görülmüşdür.

Ötən 6 ay ərzində tibbi-sosial ekspert komissiyalarına ilkin əlillik üçün 21720 nəfər müraciət etmiş və bu şəxslərdən 17160 nəfəri (79 faizi) əlil hesab edilmişdir ki, bunlardan da 78,6 faizi (13488 nəfər) ağır dərəcəli əlillər olmuşdur. Təkrar müayinə edilmiş 107 min nəfərdən 4 min nəfəri (3,7 faizi) reabilitasiya olunmuşdur. Bu da əvvəlki ilin nəticəsindən 2 dəfə yuxarıdır.

Hesabat dövründə tibbi göstərişi olan əlillərə 412 əlil arabası verilmişdir. İxtisaslaşmış müalicəyə ehtiyacı olan 76 nəfər əlil və 85 nəfər sağlamlıq imkanları məhdud uşaq respublikadan kənarda sanatoriya müalicəsi almışlar. Eyni zamanda, respublikada əlillərin bərpası ilə məşğul olan 14 mərkəzdə 3608 nəfər əlil müalicə kursu keçmişdir.

Cari ilin ilk 6 ayı ərzində əmək və sosial müdafiə sahəsində ölkəmizin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsinə də xüsusi önəm verilmişdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqları Komitəsinin 11-ci sessiyasında "Əlillərin hüquqları haqqında" Konvensiya üzrə Azərbaycan Respublikasının ilk məruzəsi uğurlu olmuşdur. Komitə üzvlərinin diqqətinə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkədə əlilliyin artmasına təkan verdiyi və bu münaqişə nəticəsində 12 min nəfərdən çox insanın müharibə əlili olduğu çatdırılmışdır. Eyni zamanda, əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin həyata keçirdiyi fəal siyasət barədə konkret göstəricilər əsasında tədbir iştirakçılarına məlumat verilmişdir.

Ötən 6 ay ərzində nazirliyin rəhbərliyinin əhali ilə təmasları intensivləşdirilmiş, mövcud problemlər haqqında ilk mənbədən məlumat alınması və qərar qəbul olunması təmin edilmişdir. Bu müddətdə 649 nəfər vətəndaş nazir, 7845 nəfər isə nazirliyin məsul işçiləri tərəfindən qəbul edilmişdir. Vətəndaşlardan daxil olan 22050 yazılı müraciətdə qaldırılan əsas məsələlər araşdırılaraq lazımi tədbirlər görülmüşdür. Bunun nəticəsində vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalmışdır.

Nəzarət qaydasında edilmiş müraciətlərin 698-i Azərbaycan Respublikasının Baş Prokurorluğunun "161-qaynar xətt" əlaqə mərkəzindən daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz azdır.

Möhtərəm cənab Prezident, Sizin nazirliyin fəaliyyətinin bütün istiqamətləri, xüsusilə də ünvanlı sosial yardımların və əlillik dərəcələrinin təyinatında mövcud olan mənfi halların təcili aradan qaldırılması və şəffaflığın təmin olunması barədə verdiyiniz tapşırıqların icrası sürətlə təmin edilir.

Ötən müddətdə fəaliyyətində qanun pozuntularına yol vermiş 280 nəfər tutduğu vəzifəsindən azad edilmiş, daxili nəzarət qaydasında aparılmış araşdırmaların nəticələri 5 halda hüquq mühafizə orqanlarına göndərilmişdir. İnzibati tədbirlərlə yanaşı, şəffaflığın tam təmin edilməsinin modern üsullarının tətbiqi də getdikcə intensivləşdirilir. Xüsusilə də həm ünvanlı sosial yardımların, həm də əlilliyin təyinatında avtomatlaşdırılmış sistemlərin formalaşdırılması vətəndaş-məmur təmaslarını minimuma endirəcəkdir. Hazırda bu istiqamətdə zəruri tədbirlər görülməkdədir və bu ilin sonuna qədər həmin proseslərin tamamlanması planlaşdırılır.

Cənab Prezident, Sizi əmin edirəm ki, Azərbaycan Respublikasında əmək və məşğulluq siyasətinin həyata keçirilməsi, həmçinin əhalinin güclü sosial müdafiəsi sisteminin müasir əsaslarla yenidən qurulması ilə bağlı verdiyiniz tapşırıqlar tam şəkildə və sürətlə yerinə yetiriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.


--------
13:08


Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış etdilər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.

Milli.Az

---------
17:52

Böyütmək üçün şəkillərə klikləyin.


 

Foto: AzərTAc