Nəsib bəy nəsibini Müsavatsız arayacaq

4 Noyabr 2014 11:10
Müsavat Partiyasının ən nüfuzlu və məşhur simalarından biri, qurumun "ağır top"larından sayılan Nəsib Nəsibli istefa verib. O, partiya ilə yollarını ayırıb.

Deyilənlərə görə, N. Nəsibli ötən gün partiya sıralarından çıxması ilə bağlı Müsavatın Xətai Rayon Təşkilatına ərizə ilə müraciət edib.
 

Ötən parlament seçkilərində Müsavat Partiyasından "Azadlıq" blokunun namizədi kimi seçkilərə qatılan N. Nəsibli son vaxtlar partiyanın heç bir toplantı və tədbirlərində iştirak etmirdi.
 

Azərbaycan müxalifətinin erzas-birliklərindən olan "İctimai Palata"ya da qatılmayan Nəsib Nəsibli faktiki olaraq özünü partiyasından, partiyanı da özündən kənarlaşdırmışdı.
 

Müsavat Partiyası Avropa Beynəlxalq Liberal İttifaqına üzv olanda artıq sabiq başqan İsa Qəmbərin bu qərarına qarşı çıxan N.Nəsibli partiyanın qatıldığı təşkilatın Müsavat prinsiplərinə uyğun olmadığını deyərək firqədə qalmaqalın yaranmasına səbəb olmuşdu.
 

1989-1992-də Yeni Müsavat Milli Demokratik Partiyasına sədrlik etmiş Nəsib Nəsibli Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi, 1994-1996-da illərdə isə Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində çalışmışdı.
 

Onun gedişi isə göstərir ki, Musavatda başqan seçkilərinin, Arif Hacılının "qələbə"sinin yaratdığı kəskin narazılıqlar bundan sonra hələ uzun müddət fəsadlı şəkildə davam edəcək.
 

Deyəsən, Müsavatın indiki durumunda partiyada islahatlardan savayı, hər proses mümkündür.
 

Orxan Hun

Milli.Az