Milyonları gözüyaşlı qoyan dünya kuboku
7 İyul 2014 09:57
Jül Rime ilk dəfə adını daşıyan baş mükafatı öz çantasında Uruqvaya gətirmişdi
Futbol üzrə Braziliyada keçirilən XX dünya çempionatı finiş mərhələsinə çatır. İyunun 13-dən dünyanın bütün qitələrindən 32 komanda dünya kubokunu başı üzərinə qaldırmaq üçün mübarizəyə qoşulsa da, indi onların sayı cəmi 4-dür. İyulun 12-də isə yalnız iki komanda bu kuboku qazanmaq üçün meydana çıxacaqlar.
Bu yazıda gələn həftəsonu sahibinə və milyonlarla azarkeşə sevinc gətirəcək dünya kubokunun tarixi haqda danışacağıq.
Futbol üzrə dünya çempionatı və dünya kuboku fransız Jül Rimenin adı ilə bağlıdır. 1873-cü ildə Fransada anadan olan J. Rime dünya futbolunun inkişafında misilsiz xidmətləri ilə tarixə düşüb. Onun xidmətləri haqqında danışanlar ümumi olaraq belə deyirlər: "Öz zamanından başlamış müasir dövrümüzədək futbolun inkişafında Jül Rime qədər xidməti olan ikinci şəxs olmayıb və olmayacaq".
Xristian-demokrat baxışları ilə seçilən J.Rime Parisin "Red Star" futbol klubunun təsisçisi və ilk prezidenti olub. Birinci dünya müharibəsində iştirak edən Rime cəbhədən qayıtdıqdan sonra 1919-cu ilin aprel ayının 11-də Fransa Futbol Federasiyasının prezidenti olur. 1921-ci ildə isə o, FİFA-nın üçüncü prezidenti seçilir. 1928-ci ildə J.Rimenin ciddi səyləri nəticəsində FİFA-nın Amsterdamdakı (Hollandiya) konqresində futbol üzrə ilk dünya çempionatının keçirilməsi haqqında yekun qərar qəbul edilir.
J.Rimenin dünya çempionatının keçirilməsi ideyasını gerçəkləşdirdikdən sonra dünya kubokunun hazırlanması üzərində düşünür. Bunun üçün o, dövrünün tanınmış heykəltəraşlarından olan Abel Lafleurə müraciət edir. Təbii ki, kubok da Jül Rimenin şəxsi vəsaiti hesabına hazırlanmalı idi. Beləliklə ilk dünya çempionatı ərəfəsi 3.8 kq ağırlığında olan kubok hazır olur. Abel Laflerin hazırladığı ilk dünya kubokunun üzərində Nike - qədim yunanların "Qələbə İlahəsi" həkk olunmuşdur.
Futbol üzrə dünya birinciliyi və ya ilk dəfə "Jül Rime kuboku" adlandırılan turnirin 1930-cu ilin iyulunda Uruqvayda keçirilməsinə qərar verilir. Dünya çempionatı marafonun startının Uruqvayda keçirilməsi səbəbsiz deyildi. Əvvəla, bu çempionat ölkənin İspaniya müstəmləkəçiliyindən azad olmasının 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərinin tərkib hissəsi olacaqdı. İkincisi isə, turnir futbolun La-Plata sahillərində böyük şöhrət tapmasına yol açacaqdı. Olimpiya oyunlarında iki dəfə qələbə qazanmış bu kiçik ölkədə ən yaxşı futbolçuları az qala ilahiləşdirirdilər. Təkcə futbol azarkeşlərinin təşəbbüsü ilə uruqvaylılar 400 min dollar toplayıb qısa müddətə o vaxtlar dünyada ən böyük stadionu - "Sentenario"nu tikmişdilər. Lakin Avropa turnirə qatılmaq dəvətini qəbul etməyə tələsmirdi. Uruqvaylılar yarış iştirakçılarının gəmi ilə gəlmək haqlarını və başqa xərcləri ödəməyə hazır olsalar da məsafə uzaq olduğundan bu, müəyyən dərəcədə riskli idi.
Digər tərəfdən, dünya çempionatlarında iştirak etmək vətəndəki yarışlara bir neçə ay fasilə vermək və ya ən yaxşı komandaların tərkibini zəiflətmək, bununla da yerli oyunlara marağı azaltmaq, klubların və milli futbol ittifaqlarının onsuz da ağır olan maliyyə vəziyyətini daha da pisləşdirmək demək idi.
Avropa komandaları yolun uzaqlığını əsas gətirək FİFA-nın qərara qarşı çıxırlar. Yalnız FIFA prezidenti Jül Rimenin nüfuzu və səyləri nəticəsində Avropanın 4 komandası - Belçika, Fransa, Rumıniya və Yuqoslaviya okeanın o tayına getməyə razılıq verirlər.
Mundialın iştirakçısı olan 13 ölkə seçmə mərhələ oynamadan - FIFA-nın dəvətnaməsi ilə yarışa qatılır.
İyunun 21-də Fransa, Rumıniya və Belçika yığma komandaları "Konte Verde" gəmisində Cənubi Amerika sahillərinə yola düşdü. Jül Rimes də onun adını daşıyan kuboku həmin gəmidə öz çantasında Uruqvaya gətirir...
Bir neçə gündən sonra Marseldən daha bir gəmi çıxdı. Bu, Yuqoslaviyanın yığma komandasını aparan "Florida" gəmisi idi.
Beləliklə, çempionat 1930-cu il iyulun 13-də Fransa-Meksika matçı ilə start götürdü. Bu, fransızlar üçün xüsusi gün idi. Çünki futbolçular uzaq Montevideoda "Pokitos" stadionunun yaşıl meydanına çıxanda vaxt fərqinə görə Fransada artıq iyulun 14-ü, yəni Bastiliyanın alınmasının başladığı gün idi. Sanki Lüsyen Loran milli bayram şərəfinə artıq görüşün 10-cu dəqiqəsində topu meksikalıların qapısına vurdu və adını dünya çempionatlarında ilk qol vuran futbolçu siyahısına yazdırdı.
İlk dünya çempionatının qalibi isə ev sahibi Uruqvay olub. Meydan sahibləri finalda Argentinanı 4:2 hesabı ilə yenib. Kubokun ilk sahibi də Uruqvay olur. Jül Rimenin çantasında gətirdiyi kubok da Uruqvaya verildi. Çempion komanda kuboku 4 illiyinə öz federasiyasının muzeyində saxlamalı və daha sonra növbəti çempion komandaya təhvil verməli idi. Qaydalara əsasən, 3 dəfə çempionluq yaşayan ölkənin millisi isə kuboku həmişəlik öz vətinində saxlayacaqdı.
II Dünya müharibəsi başladığına görə 1942 və 1946-cı illərdə dünya çempionatının keçirilməsi mümkün olmadı. Kubok çempionatın son qalibi İtaliyada olduğundan İtaliya Futbol Federasiyasının prezidenti Ottorino Barassi onu evinə gətirir. 1950-ci illərdə "Jül Rime kuboku" üçün müəmmalı dövr olur. 1954-cü ildə Qərbi Almaniya çempion olduqdan sonra 1958-ci il İsveçdə keçirilən dünya çempionatı zamanı kubokun yenilənmiş, bir neçə santimetr hündür forması ortaya çıxır. O zaman belə xəbərlər yayılır ki, bu kuboku sonuncu dünya çempionu Almaniya ya oğurlayıb, ya da itirib.
1966-cı il İngiltərədə keçiriləcək dünya çempionatına 3 ay qalmış isə "Jül Rime kuboku" oğurlanır. Çempionatın keçirilməsinin bütün öhdəliklərini öz üzərinə götürən İngiltərə Futbol Assosiasiyası polislə birgə axtarışlara qoşulur. Yeddi gün sonra Pickles adlı it kuboku təsadüfən torpaqdan tapır. 1970-ci ildə Braziliya millisi üçüncü dəfə dünya çempionu olduğu üçün kubok əbədi olaraq Braziliya Futbol Federasiyasına bağışlanır. Növbəti dünya çempionatının əsas kubokunun hazırlanması prosesi başlanır. FİFA "Dünya kuboku" adlanacaq baş mükafatın hazırlanması üçün müsabiqə elan edir. FİFA-ya "Dünya kuboku"nun eskizinin vermiş 53 namizəd arasında italiyalı heykəl ustası Silviyo Qazzaniqanın əl işinin bəyənir. Beləliklə, 4.970 qram ağırlığındakı saf qızıldan hazırlanan, uzunluğu 36 santimetr olan "Dünya kuboku" çempionatın qaliblərinə verilir.
1982-ci il İspaniya dünya çempionatı başa çatdıqdan sonra Braziliyadakı dünya kubokunun oğurlanaraq əridib satıldığı xəbəri yayılır. O vaxtan bəri də "Jül Rime" kubokunun taleyi haqda məlumat yoxdur.
İyunun 13-də "Dünya kuboku" öz sahibini tapacaq. Milyonlarla azarkeş sevinəcək, milyonlar göz yaşı tökəcək...
Yeni Müsavat
Böyütmək üçün şəkillərə klikləyin.





DÇ-2014-ün bütün xəbərləri burada.