Onun silahı geyimidir

7 İyul 2014 09:34

Dünya jurnalistikasında "dress kod" - geyim media nümayəndəsini vəzir də edər, rəzil də...

Redaksiya ilə çimərliyi səhv salanların menyusuna...

Bir dəfə jurnalistika ilə bağlı seminarda media mütəxəssisi Zeynal Məmmədli Azərbaycan jurnalistlərinin geyimindən şikayətləndi. Dedi ki, bizim əksər kişi jurnalistlər deputat kimi geyinir. Tədbirə pencək, qalstukda getmələri, müsahibədə rəsmi şəxslərdən daha rəsmi görünmələri qüsurlarından biridir.

İndi isə yay gəlib. Hərdən tədbirlərdə, redaksiyalarda olanda "çimərlik geyimli" xanım jurnalistləri görüb də adamın ağlına bu sual gəlir: həqiqətən də jurnalist geyimi də onun daxili kimi azad olmalıdır? Cırıq şalvar, şort, "vyetnamka"... Səhər hansı ruh halında oyanırsa, o cür də geyinə bilərmi? Yoxsa jurnalistlər üçün xüsusi geyim normaları olmalıdır? Axı jurnalisti də hamı kimi geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar...

Rusiyalı məmurlar pis geyinən jurnalisti tədbirə buraxmırlar

Öncə ondan başlayaq ki, haqqında danışdığımız məsələ dünya ölkələrində iş yerindən asılı olmayaraq "dress kod"la (geyim kodu) tənzimlənir. Bundan bir neçə il öncə Rusiya hakimiyyəti məmurları təhqir etdiyini əsas gətirərək jurnalistlər üçün "dress kod" tənzimlənməsini təklif etdi. Məmurların fikrincə, ciddi dövlət qurumlarının mətbuat konfranslarına qatılan jurnalistlərin geyimi "dostları ilə kabab partisinə gələn"lərin stilini xatırladır. Onların fikrincə, bu geyim tərzi jurnalistlərin etik norması ilə tənzimlənməlidir. Cırıq cins şalvarlar, bədənə kip sarılmış maykalar, vyetnamkalar, həddən artıq qısa yubkalar... Bunların heç biri jurnalistin əynində olmamalıdır. Moskva merinin mətbuat katibi Serqey Tsoy bildirib ki, məmurlar məcburi kostyum-şalvar və ya uzun paltarlarla bağlı şərt qoymurlar. Yeganə tələb təmiz və etik tərzdə geyinmədir. Hətta bununla bağlı müvafiq göstəriş də verilib. Belə ki, nazirlik binalarının mühafizəçiləri göstərilən normalara müvafiq geyinməyən jurnalistləri tədbirlərə buraxmırlar.

Bəzi tədbirlərdə isə jurnalistlərə qarşı belə yoxlama prosesi olmasa da, onların kimliyi, hansı media orqanını təmsil etməsini asanlıqla müəyyənləşdirirlər. Tədbirlərdəki qeydiyyat vərəqi məhz bunun üçündür. Tədbirin təşkilatçısı həmin vərəqi məhz mətbuat konfransı zamanı verir, hər kəs özünü, çalışdığı media orqanını ora qeyd edir. Son nəticədə isə təşkilatçı qeyri-etik geyimli jurnalisti belə müəyyənləşdirib, redaksiyaya bu barədə şikayətlə müraciət edir, bir daha həmin jurnalistin tədbirə gəlməməsini tapşırır.

Jurnalistlərin geyiminin yaratdığı bir qalmaqala nəzər salaq. Rusiyalı müğənni Filip Kirkorovla jurnalist İrina Aroyan arasında qalmaqal məhz sonuncunun açıq-saçıq geyiminə görə baş vermişdi. Mətbuat konfransında müğənniyə sual vermək istəyən jurnalist ondan məhz bu cavabı eşitmişdi: "Mən istəmirəm ki, siz şəklimi çəkəsiniz. Siz məni bezdirmisiz. Sizin çəhrayı, bədənə yapışmış koftanız, onun altından görünən bədən üzvləriniz, eləcə də mikrofonunuz məni qıcıqlandırır. Mən qeyri-professionalları sevmirəm, bura onların yeri deyil. Siz istəyirsiniz mən buradan gedim? Xeyr, digər həmkarlarınıza hörmət etdiyim üçün getməyəcəm. Amma əvəzində siz gedəcəksiz".

Bu sözlərə əhəmiyyət verməyən jurnalist xanımın növbəti sual vermə cəhdi isə F.Kirkorovun onun üstünə cumması ilə nəticələnmişdi. Nəticədə isə Rusiya mətbuatında geyim qalmaqallarından biri yaşanmışdı.

Müsahibi danışdırmaq üçün onun zövqünə uyğun geyinməlisən

Elə bu məqamda da jurnalistikanın qızıl qaydalarından biri yada düşür: əgər sən müsahibini danışdırmaq, onu cəmiyyətə yaxşı yöndən tanıtdırmaq istəyirsənsə, onun geyim zövqünü də əvvəlcədən öyrənməlisən. Bu yaxınlarda Amerika qəzetlərindən birində striptizçi bir qadınla olduqca maraqlı bir müsahibə yayımlanmışdı. Müsahibəni götürən qadın jurnalist idi. Məlum olmuşdu ki, ümumiyyətlə, striptiz barda çalışanlar üçün mətbuat işçiləri sevilməyən personalardır. Amma müsahibəni götürən jurnalist bara elə bar geyimində gedib. Orada olarkən pivə içib, siqaret çəkib və müsahibini onun özünə yaxın hiss etməsi üçün əlindən gələni edib. Yoxsa ki, "həyatın dibinə necə düşdünüz" tipli sualla və ciddi geyimlə bu cür şəxsi heç cür danışdırmaq olmaz.

Ona görə də dünya jurnalistləri hesab edirlər ki, geyimləri onlara iş prosesində kömək edə bilər. Jurnalistika bir növ aktyorluq sənəti kimidir, hər an rola girmək, qiyafə dəyişmək bu işin qızıl qaydalarındandır. Geyimlə həmsöhbətə "özümüzünkü" olduğunu göstərmək, onunla eyni dalğada dolaşdığımız mesajını verməliyik.

Qul bazarına dəst kostyumda, rəsmi tədbirə cırıq şalvarda getmə!

Ekspertlər hesab edir ki, jurnalistin vəzifəsi nə qədər aşağıdırsa, qarderobuna bir o qədər çox fikir verməlidir. Təbii ki, əgər bütün ömrü boyu aşağı statusda işləmək istəmirsə. Çünki jurnalistin hər cür situasiyaya uyğun geyimi olmalıdır. Məsələn, sən hansısa səfirliyin kokteyl dəvətinə dizi cırıq cins şalvar, topik və "şap-şap"la gedə bilməzsən. Bu, öncə özünə, sonra isə təmsil etdiyin media orqanının adına minus sayılır. Amma eyni zamanda bir qul bazarına reportaja da kostyum-şalvarda, qalstukda, dikdaban tuflidə getməyin qeyri-professionallıq sayılacaq. Redaksiyaya gələn şikayətçi ordakı işçilərin geyiminə baxıb, bu media orqanının nə qədər etibarlı, ciddi olmasına qərar verir ürəyində. Yüzlərlə, minlərlə insanın problemindən yazdığını iddia edən jurnalistin geyim seçimi ilə bağlı anormallığı, problemi onun ciddiliyinə də xələl gətirir.

Yaradıcı adamın səliqəli, eyni zamanda fərqli geyim tərzi onun yaradıcı insan kimi qabiliyyətinə də tərif gətirir.

Reportyor geyimi - xüsusi punkt imiş...

Bu mövzuda diqqəti çəkən əsas nüans isə heç şübhəsiz ki, reportyor geyimidir. Ekspertlər birmənalı şəkildə işi daim qaçaqaçda olan reportyorların maksimum rahat geyim tərzinə müraciət etməli olduğunu deyir. Praktik şalvar - bir neçə cibi olsun, içinə qələm, bloknot, müxtəlif aparatlar yerləşdirmək mümkün olsun, krossovka və ryuqzak... Reportyorun "qızıl üçlüyü" budur. Xanım reportyorlar üçün də bu qayda keçərlidir. Üstəgəl heç bir halda dikdaban tufli geyinməmək. Bu, jurnalist işinin axsadılması anlamına gəlir.

Daha bir detal isə reportyorun öz geyimi ilə diqqət çəkməməsidir. Əgər sən hansısa hadisə yerinə partizan üsulu ilə gedib, ancaq məlumat toplamaq məqsədi daşıyırsansa, geyimin də "qışqırmamalı"dır. Heç kəs səni "həəə, o şortikli oğlan jurnalistdir", ya da "qısa paltarlı qız bizdən yazmağa gəlib" deyə xatırlamamalıdır.

Ya da reportyor heç bir halda hadisə yerinə xəz dəridə getməməlidir. Tutaq ki, bədbəxt bir hadisə baş verib, jurnalist də onu yazmağa və ya çəkməyə gedib. Axşam xəbərlərində jurnalist son dərəcə bahalı şubası ilə qəza barədə xəbər verir. Bu zaman bütün diqqət avtomatik olaraq onun şubasına yönəlir ki, bu da heç korrekt deyil. Əksinə, vulqar, həyasız görüntüdür.

Geyim norması baş redaktorlar üçün də keçərlidir

Geyim həssaslığı baş redaktorlar üçün də keçərlidir. Əgər rəhbərlikdə təmsil olunan şəxs kişidirsə, işə hər gün dəst kostyumda, qalstukda gəlməlidir. Bu, onun işinə də geyimi qədər ciddi yanaşdığını göstərir. Xarizmatik görüntü işçilər üzərində də ciddi təsir gücünə malikdir. Psixoloqlar iddia edir ki, rəhbərlikdə təmsil olunan şəxslər nə qədər rahat, sadə geyim tərzinə müraciət edirsə, işçiləri arasında sözlərinin çəkisi bir o qədər aşağı düşür. Psixoloji baxımdan işçi də rəhbərini "özündən biri" kimi görür, onun tapşırıqlarına dostcasına yanaşmağa, yəni məsuliyyətsizlik etməyə başlayır.

Yox, əgər rəhbərlikdə qadın təmsil edilirsə, onun da dikdaban ayaqqabısının hündürlüyü, geyim stili qaydasında olmalıdır. O xanım heç bir halda gənc jurnalistlər kimi qısa, güllü paltarlar, dabanı yerlə gedən ayaqqabılar tərcih etməməlidir. Hər halda, Qərb mediasının "dress kod"larında belə yazıblar.

Sonda... Hamıya məlumat verən şəxslərin də bəzən yeni bilgilərə ehtiyacı olur. İlk növbədə redaksiyanın çimərlik, hovuzbaşı olmadığını bilmək kimi. Jurnalistin geyimi həm də onun silahıdır. Əsas odur, silahı özünə tərəf tuşlamayasan...

"Yeni Müsavat"