- Düş aşağı, düş. Nə gündədir e... düş! Elə bil ayaqyolundan çıxıb.
Avtobusun açıq qapısından az qala üzü üstə yerə yıxılacaq qadın həmcinsinə dəyərək müvazinətini saxlayır. Bu dəfə "dirək" rolunu oynayan qadın "fu" edərək üst başından cin ürkəcək dərəcədə çirkli və nimdaş görünən qadına ikrah edir:
- Rədd ol da, yıxılıb ölmür e... canları it canıdır, elə bil...
Sonra hamı eşidəcək qədər bir səslə:
- Gül kimi saxlayırdıq mamamı, heç çox yaşamadı, tapşırdı. Amma bunlar it həyatı yaşayır, heç ölmürlər də.
Sonuncu sözləri ayaqlarını tərpənməkdə olan avtobusun pilləkənlərini qoyanda dedi. Dayanacaqda gülüşənlər də oldu, başlarını bulayanlar da. Avtobusa minən qadına acıqla baxanlar, kimsəsiz qadına qahmar çıxanlar da tapıldı...
- Allah bilən məsləhətdir, kim nə qədər və necə yaşayacaq...
Avtobusdan qovulan qadın ətrafdakı insanların baxışlarını üstündə hiss etmir. Qoca Bakının qora bişirən istisində soyuq baxışlar, soyuq münasibətlər onluq deyil. O, laqeyddir.
Addımlarını sürüyərək şüşəli dayanacağın arxasına keçir. Ayaqlarına başmaq əvəzinə keçə dolayıb. Əynindəki cırıq paltarın üstündən kif bağlamış kişi plaşı geyinib. Yaxalığının düymələri qırılan plaşı kəndirlə belinə bağlanıb. Əlində un kisəsindən düzəldilmiş boğçası da var. Dayanacağın arxasında özünə münasib bir yer tapıb, oturur. Bir qədər kənara çəkilib müşahidə edirəm və birdən istidən təngnəfəs oluram, havasızlığı hiss edirəm. Köynəyimin yaxalığını açıram. Nəfəsimlə boğazımdan içəri dolan qızmar hava içimi qarsalayır. Arvad isə bu istidən uzaqdır. İnsanların soyuq və donuq baxışı onu üşüdür, deyəsən.
Boğçasının boğmasını açır. Əlini ehmalca boğçaya salır və para banan çıxarır. Qabığını soyur, əlləri ilə qoparıb ağzına aparır. Banan barmaqların arasında parçalanmaq əvəzinə əzilir və barmaqlara yapışmış halda qalır. Qarı əslində barmaqlarını "dişləyir".
ÇİRKDƏN QAYSAQ BAĞLAMIŞ SİFƏT
"Yiyəsizdir. Heç kəsi yoxdur. Amma ola bilməz doğması olmasın. Yaxın qohumu, övladı... gedim nə danışım? Soruşum niyə bu gündəsən? Cavab verəcək, görəsən? Əlbəttə ki, o özünü insanların içində görə bilmir. Ona ikrah edirlər, qovurlar, uzaq dururlar ondan. Yəqin aylardır heç çimməyib də. Bəs harada yaşayır? Bu boyda şəhərdə sığınacağı yer varmı. Bəs, övladı necə? Güman ki, analıq duyğularından indi də məhrum deyil, gözlərinin önünə ötən günlərini gətirir, o günlərinin xoş anlarında xumarlanır da..." - fikirləşirəm.
Diqqətimi çəkən o oldu ki, qarının sifətində qəribə bir təbəssüm dolaşdı. Yadına nə düşdü, görən? Qarının təbəssümü də tozlu idi, oxunmurdu. Bu günün acı, dünənin xoş gününə pardaqlanan qurumuş, suyu, təravəti çəkilmiş sifətdə heç nə hiss olunmurdu. Çirkdən qaysaq bağlamışdı qarının sifəti.
Özümü 5 addımlıqdakı zeytun ağacının kölgəsinə verib, çömbəlirəm. Ayaqlarım bədənimin ağırlığına "naz edir". Qalxıb çiynimi ağaca söykəyirəm. Ayaqlarım xoşhallanır. Görəsən bu qadının heç olmasa bu ağac qədər çiyin söykəməyə, dəstəyinə güvəndiyi birisi varmı? Fikirlərim siqaretimin tüstüsü kimi dolaşıqdır. Qıvrıla-qıvrıla havaya qalxır, gözümə dolur. Acı tüstü gözlərimi göynədir. Görənlər elə biləcək ki, bu qadının vəziyyətinə gözlərim dolub. Sünilik etmək istəmirəm, axı. Əllərimlə göz yaşımı silirəm.
SƏNİN YİYƏNƏ LƏNƏT
Qarı ayağa qalxır. Əhmədli metrosunun pilləkənlərinə tərəf gedir. Aşağı düşmək istəyir. Pilləkənlərə yuxarı qalxan polis qarşısını kəsir:
- Dayan ay arvad, bu "vid-fason"da hara düşürsən, bas bayıra.
- O tərəfə keçmək istəyirəm.
- Olmaz, ayaq altında qalarsan, çıx çölə, - qarşı-qarşıya durub, əlini burnuna tutur, - peyin iyi verirsən, a-az, sənin yiyənə lənət, yeri, yeri.
Qadın geri dönmək istəyir. Polis artıq pillələri qalxıb. Qəzet köşkünə yaxınlaşır, siqaret alır, qəzetə baxır. Qarı fürsətdən istifadə edib pillələri düşür, amma hər ehtimala arxaya boylanır, polis görünmür ki?..
Məni görür, yenə də donuq təbəssüm, polisin tapşırığına əməl etməməyin yalançı üstünlüyü var bu təbəssümdə.
QARIYA DİQQƏT VAR
Ayaqlarını sürüyə-sürüyə aşağı düşür. Gözləyirəm. Bir qədərdən sonra ardınca gedib, keçirəm onu. Tısbağa yerişi ilə metronun əks tərəfinə qalxır. Sonra yolu keçib yaxınlıqdakı şadlıq sarayına tərəf gəlir. Gözdən qoymuram. Heç yaxınlaşmaq da istəmirəm. Şadlıq sarayının qarşısında dayanır. Az keçmir, şadlıq sarayının qapısı açılır, hündürboylu kişi çölə çıxır. Qarını görcək içəridən kimi isə səsləyir. Cavan bir oğlan bayıra çıxır. Kişi qadını göstərib oğlana nə isə deyir. Oğlan içəri keçir. Kişi qarını əli ilə yaxına dəvət edir, binanın kölgə düşən tərəfini göstərir:
- Dur orda, gün səni öldürəcək.
Qadın dişsiz ağzı ilə nə isə pıçıldayır. Güman ki, təşəkkür edir. Kişi təşəkkürə məhəl qoymur. İçəri keçir. 10 dəqiqəyə yaxın vaxt keçir. İki cavan oğlan, hərəsinin əlində iki böyük paket ona yaxınlaşır. Oğlanlardan biri təzədən geri qayıdır və tez zamanda əlavə olaraq daha iki paket çölə çıxır. Oğlanlar gətirdiklərini əllərinə alıb tələsik şadlıq evinin həyətindən çölə çıxır, sarayın arxasındakı "Bank of Baku"nın yanında yerə qoyurlar. Qarını gözləmədən geri dönürlər. Qarının gəlib ora çıxması bir neçə dəqiqə çəkir. Gəlib paketlərə baxır. Sifətinin dərisi sevinir, elə bil.
OCAQÇI QADIN SAXLAYIR...
Bu qadının kimliyi mənim üçün maraqlıdır. Şadlıq evinə dönürəm. İçəri keçirəm. Müştəri zənn edirlər. Xoş qarşılanıram. Administratorun otağında bayaqkı kişi oturub. Yazıçı olduğumu deyirəm:
- O qadını müşahidə edirdim, siz ona yardım etdiniz, kimdir ki o?
- Tanımıram. Bir neçə dəfə qış vaxtı bizim qazanxanada yatıb. Sonra mənə dedilər ki, bəs axşamlar ocaqçı qadın gətirir, toy yeməklərindən, içkidən, zaddan aparır, şənlənirlər. Gündüzlər isə yola salır. Ocaqçını yanıma çağırdım. Soruşdum, düz deyirlər? Dedi, hə, yazığım gəlir, kimsəsiz qadındır. İnanmadım, dedim, kişi xeylağıdır da, vəziyyətdən çıxır. İşdən qovmaq istədim. Amma ürəyim gəlmədi. Yaşlı, namaz qılan kişidir, dolanışığı çətindir. Həm də elə pislik də görməmişik. Həyətdəki ağacları, qazonu sulayır. Çox vaxt da elə burda yatıb qalır. Bir daha belə etmə, dedim. Narazı qaldı məndən. Amma bir söz də demədi. Atam yaşında kişidir. Elə həmin günün axşamı məni çağırdı ki, gəl, bax gör o qadınla yaxınlıq etmək olar? Baxdım və kişidən üzr istədim. Amma bacar buradan uzaqlaşdır onu, dedim. Toydur da, stolların üstündə artıq qalan olur. Tapşırmışam hər toydan sonra ona da nə isə hazırlasınlar. Nemətdir, zibilliyə atmaqdansa, ona verməyimiz savabdır.
- Amma yaman çox oldu payınız...
- Hə, bu gündən Orucluq girdi. Bir ay toy olmayacaq. Dedim, çox edin payını. Yarımçıq fantalar, kolalar vardı. Doldurdular. Salat, ət yeməkləri, tərəvəz, nə oldu uşaqlar yığdılar. Halal xoşu olsun.
MİNNƏTDARLIQ
Qadın çantaların bir neçəsini yolun əks tərəfinə keçirib. Yenilərini aparır. Yaxın gəlib, əl atıb qalan 3 paketi də mən götürürəm. Doğurdan da çox ağırdır. Paketin biri çörəklə, ikisi isə 2 litrlik "Fanta" qabları ilə "tıxaclanıb". Gətirib o birilərin yanına qoyuram. Nəhayət, gəlib çıxır. Plaşının cibindən çirkli yaylıq çıxarır. Alnındakı tər dənələrini silmək istəyir. Yaylıq təri hopdura bilmir. Eləcə, alnına, boğazına yayır. Çox aydın bir səslə:
- Sağ ol, bu gün köməyin olsun, - deyir.
Sonra sifətimə baxır. Güman ki, hardasa görüb. Yadına sala bilmir. Metronun girəcəyində baxışlarımız toqquşmuşdu.
- Deyəsən, yuxarıda olursan, yükün ağırdır. Qoy kömək edim. Maşınla aparım.
- Yox, sağ ol. Avtobusa minəcəm. Sonra üzünü yana çevirir.
Təxminən 1 saat bundan qabaq avtobusdan yerə salındığını xatırlayır yəqin.
- Evin var?
- Hə, var. Evim var, - könülsüz danışır.
- Yəqin ərin də var.
- Hə, ərim də var, - sanki əl çək, deyir bu cavabları ilə.
- Həm də uşaqların, nəvən var...
- Hə, bir qızım, nəvəm də var.
- Aparım səni evinizə...
- Yox aparma. Nə deyərlər mənə?
- Qoca arvadsan. Sənə nə deyəcəklər ki...
CAVAN DA DEYİL Kİ...
Heç cür razılaşmır. Yaxınlıqdakı "Romantik" paltar mağazasından bir kişi çıxır. Arvadı tanıyırmış kimi:
- Nədir, ay arvad, ad günü keçirirsən? - deyib, üzünü mənə tutur. - Bu qədər şeyi haradan tapıb?
- Şadlıq evindən verdilər.
- Hər axşam burdan keçir. İndi yükünü tez tutub. Cavan da deyil ki, dükandan bir şey verim, əyninə geyinsin.
Bilmədim zarafat etdi, yoxsa ciddi dedi. Yenə də qarı ilə ikimiz üz-üzəyik. Ətrafdan ötənlər ona toxunmasınlar deyə, səkinin küncünə keçir. İnsan bolluğundan tıxac yaranır. Qarının həyat hekayəsi mənim üçün maraqlıdır. Həm də inanıram ki, yalan danışır. Evi ola bilməz. Həm də kimsəsi.
- Əslən rayondansan, deyəsən?
- Hə, rayondanıq. Amma elə burada yuxarıda oluruq. Sən sağ ol, kömək etdin. İstəyirsən, bir fanta götür, iç. Hələ sərindir, qızmayıb.
Təşəkkür edirəm:
- Özün iç, kimi qonaq edəcəksən?
Qarı cavab vermir. Məndən iyrənirmiş kimi arxasını çevirir. Sonra paketlərdən ikisini götürüb, 10-15 metr qabağa aparır, geri qayıdıb daha ikisini götürür. Bu dəfə də əl atıb kömək etmək istəyirəm. Gözləmədiyim münasibətlə qarşılaşıram. Kobudluq edir. Dodağının altında mızıldanaraq söyüş söyür.
Geri dönüb uzaqlaşmaq istəyirəm. Jurnalist həmkarım Rasim İsmayılovla qarşılaşıram. Salamlaşırıq. Hər ikimiz eyni vaxtda, "səndən xeyir ola? - deyə, biri-birimizdən soruşuruq. Məlum olur ki, Rasim yaxınlıqdakı binada yaşayır. Mən isə bu qadını izlədiyimi, onun haqda yazmaq istədiyimi deyirəm.
- Hə, o bizim binada olur. Doqquzmərtəbədə. Qızı və yeznəsi ilə. Hər gün onu evdən çıxarırlar ki, get dilən. Hər səhər insanlara yaxınlaşıb, salam verir: "Bəlkə artıq 20 qəpiyin olar?" - deyir. Arada heç görünmədi. Haradasa qalırmış. Havalar qızandan üzə çıxıb. Evə gedən kimi soyundurub abırlı paltar geyindirirlər. Əynindəkiləri isə büküb balkona atırlar. Səhər geyindirib, buraxırlar küçəyə...