Azərbaycanlı aktyor: "Ona biganə qala bilməzdim"
5 İyul 2014 17:27
Vokal ifaçısı Fərid Əliyevi ilk dəfə Musiqili Komediya Teatrının səhnəsində görmüşdüm. Faiq Zöhrabovun quruluş verdiyi "Talelər qovuşanda" tamaşasında əsas rolda - Əli obrazında maraqlı ifa nümayiş etdirmişdi. Vokalçının səs imkanları tamaşaçıları riqqətə gətirirdi.
Daha sonralar sənətçinin səsi Opera və Balet Teatrının səhnəsindən gəldi: "Arşın mal alan"da Əsgər obrazına yeni bir rəng qatmışdı...
Artıq üstündən illər keçib, Fərid Əliyev Azərbaycan səhnəsinin tanınmış ifaçılarındandır.
Fərid Əliyev 1975-ci il martın 29-da Bakı şəhərində anadan olub. 1994-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn fakültəsinə daxil olub. Bakı Musiqi Akademiyasıda təhsil alıb, lirik-tenor səsə malikdir. Bir neçə il Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti olub. İşlədiyi müddət ərzində "Vesyolaya vdova" ("Şən dul xanım"), "Maritsa", "Sıqan premyer" ("Qaraçı baş nazir"), "Silva", "Talelər qovuşanda", "Volqalı canan", "Aldın payını, çağır dayını", "O olmasın, bu olsun" kimi tamaşalarda yaddaqalan obrazlar yaradıb.
Sonralar fəaliyyətinə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında davam edib. Bu teatrda "Natəvan" operasında Hacı Abbas Ağa, "Şah İsmayıl" operasında Vəzir, "Koroğlu" operasında Həmzə bəyin partiyalarını v s. rollar ifa edib.
- Rəssamlıq məktəbini, daha sonra İncəsənət Universitetinin dizayn fakültəsini bitirmisiniz. Bununla yetərlənməyib sonralar Bakı Musiqi Akademiyasında da təhsilinizə davam etmisiniz. Özünüzü, öz yerinizi axtarırdınız, yoxsa bundan başqa məqsəd vardı?
- Rəssam ailəsində doğulduğum üçün Ə.Əzimzadə adına rəssamlıq kollecində təhsil almam təbii idi, çünki rəssamlıq dünyasını yaxşı bilirdim. İncəsəsənət Universitetində dizayn üzrə təhsil almaq da maraq dairəmdə idi. Sonralar tale məni Konservatoriyanın müəllimi, professor Hüseyn Əliyevlə qarşılaşdırdı və onunla tanış olduqdan sonra yaradıcılıq həyatım dəyişik istiqamətdə cərəyan etməyə başladı. Hiss etdim ki, vokal ifaçılığının cazibəsi məni özünə çəkməyə başladı. Mən ifaçılığa sadəcə oxumaq kimi baxmıram, sadəcə səs imkanlarına arxayın olanlardan deyiləm. Oxumaq düşünməkdən, geniş bilgi sahibi olmaqdan başlayır. Elə ola bilər ki, səsin olar, ancaq onu necə istifadə edə bilməyəsən və ya xəbərin olmaz ki, nə qədər potensialın var və s. Bu baxımdan düşünürəm ki, istənilən sahədə çalışdığın zaman öncə öz üzərində işləməlisən, hərtərəfli əmin olmalısan ki, sən bacaracaqsan.
- Musiqili Komediya Teatrında siz sənət bacarıq və imkanlarınızı tam olaraq ortaya çıxara bilmişdiniz...
- 1998-1999-cu illərdə Musiqili Komediya Teatrına gəldim, Hacıbaba Bağırov səs imkanlarımı bəyəndiyi üçün teatrın rus bölməsində işə alındım. Bu bölməyə işə qəbul olunmağımın əsas səbəbi də rus dilini mükəmməl bilməyim idi, hətta mənə "rusdilli" deyirdilər. Teatra gəldiyim ilk gündən klassik əsərlərdə səhnə aldım. Bir neçə il sonra Hüseyn Əliyev məni Opera və Balet Teatrına dəvət etdi. Hüseyn müəllim "Seviliya bərbəri" əsərinə quruluş verirdi və məni də kömək etmək məqsədilə dəvət etmişdi, bir növ təcrübə qazanırdım. Əsərdə olan partiyaları yaxşıca mənimsəmişdim, doğrudur, həmin ərəfədə səhnəyə çıxmadım, ancaq önəmli olan odur ki, artıq Opera və Balet Teatrının səhnəsində tamaşaya hazırlanan əsəri bilirdim.
- Bu da bir təcrübə və məktəbdir. Opera səhnəsi üçün hazırlıq prosesində iştirak etməyin özü də yəqin ki, məsuliyyətli işdir. Bunu necə dəyərləndirirsiniz?
- Həqiqətən, çox böyük məsuliyyət idi. Ümumiyyətlə, məsuliyyət olan yerdə yaradıcılıq duyğusu çox güclü olur. Dəyərləndirməyə gəlincə, bir tamaşanı səhnəyə çıxmadığın halda hazırlamaq, partiyalarını öyrənmək, ümumiyyətlə isə klassikanı mənimsəmək elə dəyərləndirmək idi. Düşünürəm ki, bu fürsəti mənimsəməklə qarşımdakı illərdə özümə yol açmışdım artıq.
- Ancaq Musiqili Komediya Teatrının səhnəsində də sizi önəmli obrazlar gözləyirdi. "Talelər qovuşanda" tamaşasındakı Əli obrazı məhz sizin yaddaqalan rollarınızdan biri idi...
- Rus bölməsində çalışdığım zaman artıq bir çox obrazlar oynamışdım. Günlərin birində Azərbaycan bölümündə Faiq Zöhrabovun quruluşunda yeni bir tamaşa hazırlandığını eşitdim. Bəstəkar işi Rauf Hacıyevə aid olan musiqili tamaşaya biganə qala bilməzdim, çünki əsəri bilirdim və orda yaxşı mahnılar olduğunu da bilirdim. Rejissora yaxınlaşaraq dedim ki, "bu tamaşada özümü baş rolda sınamaq istəyirəm". Mənə diqqətlə baxan rejissor "baş qəhrəmanı deyil, qəhrəmanın dostu Səməd rolunu sənə verə bilərəm" dedi. Mən etiraz etdim, təkidlə baş qəhrəmanın obrazını oynamaq istədimi bildirdim. Rejissor "yaxşı" deyib məndən uzaqlaşdı.
- Aktyorun təkidlə rejissordan baş qəhrəman rolunu istəməsi bizim səhnə üçün görünməmiş hadisədir. Bu inadın səbəbi nə idi?
- Dediyim kimi, əsər üçün yazılan mahnıları yaxşı ifa edə bilirdim və inanırdım ki, obrazı öz səs çalarlarımla yüksək səviyyədə hazırlayıb təqdim edə bilərərm. Həm də mən ilk dəfə öz dilimizdə olan əsərlə səhnəyə çıxmaq imkanı qazanacaqdım ki, bununla da özümü tam olaraq təsdiq edə biləcəkdim. O vaxtlar Musiqqli Komediya Teatrının truppa müdiri Novruz Qartal idi. Onunla görüşüb baş rola olan istəyimi dedim, o da rejissorla danışdı, bundan sonra rejissor mənimlə məşq etməyə razılıq verdi. Əsərdə olan ariyaları oxutdu və əminliklə "baş qəhrəmanı sən oynayacaqsan" dedi. Beləliklə də Əli obrazını təkidlə istəməkdə haqlı olduğumu səhnədə sübut etdim.
- Belə demək olarmı ki, həyatda özünü təsdiq etmək üçün bəzən inadkar olmaq da işə yarayır?
- Əgər sən öz qabiliyyətinə əminsənsə və gördüyün işlə sadəcə özünü deyil, kollektivi yüksəldə biləcəksənsə, o zaman müəyyən mənada məcburiyyət də lazımdır. Bu baxımdan "Talelər qovuşanda" tamaşası mənim həyatımda böyük rol oynadı. Bildiyiniz kimi, tamaşada tərəf-müqabilim rejissorun qızı Nərgiz xanım idi, onunla birgə səhnəni paylaşmaq bizə böyük uğur qazandırdı.
(Yeri gəlmişkən, "Talelər qovuşanda" tamaşasının nümayiş olunduğu ərəfədə geniş bir yazı hazırlamışdım. Tənqidə yer verdiyimdən, tərəf-müqabil işinin alınmaması, aktyorların uyğunsuzluğu və s.-dən yazdığım üçün rejissoru incik salmışdım. Əslində, tənqidin dozası çox olmuşdu. Çünki musiqili tamaşalarda səs uyğunluğu hər şeydən öndə gəlir. Hər iki qəhrəman üzərinə düşən obrazı güclü səs imkanları ilə cilalayaraq onu "Romeo mənim qonşumdur" filmindəki ifaçıların səs imkanlarınadək yüksəldə bilmişdilər - X.Q.)
- Hər bir rejissorun istənilən əsərə öz yanaşma tərzi var. Əslində Faiq Zöhrabov əsərin məğzini açdığı zaman səhnə variantında filmdəki məqamları əsas götürmüşdü. Bu da birbaşa milli ənənəyə söykənirdi. Filmin müəyyən məqamları ilə demək olar ki, eyni ilə səhnəyə gətirilməsi uğurlu alınmışdı.
- Əslində bu, çətin olduğu qədər də asan idi. Yəni eynilik qəbul edilməyə bilərdi və ya eyniliyə görə tamaşaya tamaşaçı axını güclü idi. Nə olur-olsun, tamaşa yüksək səviyyədə alınmışdı ki, bu da Faiq Zöhrabovun uğuru idi.
- Rejissorların əksəriyyəti özündən əvvəl müraciət olunan əsərləri səhnə üçün hazırladığı zaman mütləq hazır olan quruluşlara baxır, eyni zamanda, aktyorların da əksəriyyəti belə düşünür. Bu, bəlkə də eynilikdən qaçmaq üçündür və ya yanaşma tərzində olan fərqliliyə baxaraq yeni bir üslub tapmaq üçün və s. Əli obrazı filmdə gürcü aktyoru tərəfindən oynanılsa da, səs imkanları Rəşid Behbudova məxsusdur. Bu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, tenor səslər bir-birinə bənzəyir. Burada söhbət ondan gedir ki, hər bir tamaşaya musiqi baxımından yanaşmaq üçün notları bilmək, əsərin musiqisini nota baxaraq oxumaq, ancaq yuxarıda qeyd etdiyim kimin düşünərək, mənimsəyərək oxumaq kifayətdir. Aktyorluq qabiliyyətinə gəlincə, tamaşaya dramatik tərəfdən yanaşırsansa, məhz bu qabiliyyətdən istifadə edəcəksən. Bu baxımdan obraza daxil olmaq məqamı çox önəmlidir. Obraz aktyorun iç dünyası ilə vəhdət təşkil etməlidir, obrazdan aktyorda, aktyordan isə obrazda bir şeylər mütləq olur. Belə olmasa, o zaman təbiilik olmaz. Şəxsən mən hazırlıq prosesində qəhrəmanımın həyatını öyrənirəm və özümü onun yerinə qoyuram. Məsələn, filan hadisə baş verdiyi zaman necə hərəkət edərdim və s. Bütün bunları özüm üçün açdıqdan sonra hiss edirəm ki, artıq obraz mənim üçün tam olaraq aydındır. Belə bir obrazı səhnədə oynamaq artıq heç bir problem yaratmır.
- Aktyora səhnədə qoyulan çərçivə bəzən ona mane olur. Bir var çərçivə içində aktyora verilən sərbəstlik, bir də var sadəcə çərçivə içində rejissorun istədiyini nümayiş etdirmək. Siz bu kimi durumda necə hərəkət edirsiniz?
- Mənim xoşuma gələn odur ki, səhnədə mənə sərbəstlik verilsin. Hətta əvvəlcədən rejissora deyirəm, tutaq ki, obraza belə əlavələr olacaq və ya belə dəyişiklik olacaq, hansını qəbul etməsə mənə xəbərdarlıq etsin. Ümumiyyətlə götürdükdə, düşünürəm ki, aktyorla rejissor işi mütləq bir-birini tamamlamalıdır. O mənada ki, quruluş verən rejissordursa, səhnədə nümayiş edən də aktyordur. Əgər hər ikisi qarşılıqlı anlaşmasa, bir-birini anlamasa, o zaman sənət itirər. Bu baxımdan çalışdığım rejissorlardan razıyam, çünki onlar aktyoru anlayır, duyur, aktyora özünü təsdiq etmək üçün sərbəstlik verir.
- Əslində, vokal ifaçılarının üzərinə ikiqat artıq məsuliyyət düşür. Səhnədə həm səs imkanlarını göstərməli, həm də aktyorluq etməlidir...
- Əvvəlcə mahnı yaranıb, sonra opera meydana gəlib. Mahnı özlüyündə artıq dramatik əsərdir. Ona görə də mahnıya kor-koranə yanaşmaq olmaz, əksinə oradakı yaşantını dərindən bilmək lazımdır. Əgər səhnədə ilk addım düzgündürsə, o zaman digərləri də ardıcıl olaraq gələcək, əgər ilk addım yanlışdırsa, o zaman hər şey yanlış gedəcək. Təbii ki, səs imkanlarının olması, səsin hara yönəldilməsi, necə istifadə edilməsi, nəfəs almaq, səsin yeri kimi məqamlar artıq vokal ifaçılığına aiddir. Bütün bunları bildikdən sonra aktyor işi asanlaşır. Çünki sən artıq mahnıda olan yaşantını mənimsəmisən.
- Opera və Balet Teatrı sizin yardıcılıq həyatınızda yeni bir mərhələnin başlanğıcı oldu...
- Haqlısınız. Mən özümü bu teatrda tapdım. Ölkəmizi, millətimizi dünya ölkələrində məhz Opera və Balet Teatrında yaratdığım obrazlarla təbliğ etdim. Hər teatrın öz repertuarı, öz tamaşaçısı var. Opera və Balet Teatrı istər repertuar, səviyyə, məsuliyyət, aktyorun yetişməsi baxımından, istərsə də tamaşaçı baxımından digər teatrlardan üstündür. Bu teatrın tamaşaçısının səviyyəsi çox üstündür. Əgər tamaşaçı klassik, ciddi, səviyyəli bir əsərə baxmaq istəyirsə, o zaman tərəddüd etmədən Opera və Balet Teatrını seçir. Və etiraf edim ki, sənət adamlarının üzərinə də böyük məsuliyyət düşür. Opera və Balet Teatrının səhnəsində hazırlanan tamaşaların əksəriyyətində önəmli rollara imza atdım. Bu teatrın üstün cəhətlərindən biri də odur ki, dünya ölkələrinin əsərlərinə müraciət olunan zaman aktyor ariyanı məhz həmin ölkənin dilində səsləndirməlidir. Azərbaycan və rus dillərində mükəmməl bilsəm də, artıq italyan, fransız dillərində də oxumağa başlamışam, əlbəttə ki, hələ də öyrənirəm...
ekspress.az