Avropa klubunun məşqçisi "Qarabağ"ı təriflədi
5 İyul 2014 16:53
"Rəqib gözlədiyimiz kimi gözəl oyun nümayiş etdirdi". Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, bunu Çexiyanın "Viktoriya" klubunun məşqçisi İrji Skala deyib.
Dünən "Qarabağ" Avstriyada Plzen "Viktoriya"sından üstün olub - 3:1. Ağdam təmsilçisindən qolları braziliyalı Reynaldo, surinamlı Leroy Corc və makedoniyalı Muarem Muarem vurublar. "Viktoriya"nın yeganə qoluna isə Çexiya yığmasının yarımmüdafiəçisi Daniel Kolarj imza atıb.
Bu görüşlə bağlı baş məşqçi Duşan Uhrinin köməkçisi 40 yaşlı Skala klubunun rəsmi saytına danışıb: "Onlar mükəmməl kombinasiyalar qurur və bizim qapımız önündə problemlər yaradırdılar. Bu oyun bizim səhvlərimizi üzə çıxardı. Kobud səhvlərə yol verdik və rəqibin son nöqtəni qoymasına imkan yaratdıq".
Milli.Az