Bakı sakinlərinin yarmarka dərdi: "Satıcılar bizə hədə-qorxu gəlirlər" - FOTO

5 İyul 2014 16:47

Xətai sakinləri aksiya keçirdilər; aksiya iştirakçıları bazarın bağlanmasını tələb ediblər

Bu gün Xətai sakinləri aksiya keçiriblər. Aksiyanın keçirilməsinə səbəb Novruz bayramı ilə əlaqədar təşkil olunan satış yarmarkalarından birinin qanunsuz olaraq fəaliyyətini hələ də davam etdirməsidir. Belə ki, martın 15-dən etibarən Əhmədlidə, M.Hadi küçəsində (Xətai rayon İcra Hakimiyyəti tərəfindən "Həzi Aslanov" metrostansiyası ilə Ukrayna dairəsi aralığında) nəqliyyatın sıx olduğu yerdə yarmarka açılıb. Bu da sakinlərin ciddi narazılığına səbəb olub.

Sakinlərin bildirdiyinə görə, indiyə qədər dəfələrlə aidiyyatı orqanlara şikayət etsələr də, onların şikayətinə baxan qurum tapılmayıb. Hətta şikayətçilərin bəzilərini polis bölməsinə çağıraraq, hədə-qorxu da gəliblər.

Şikayətçilər onu da bildirdilər ki, yarmarka açılandan sonra məcburiyyət qarşısında qalıb, yaşadıqları binanın blokuna kodlu qapı qoyublar. Buna səbəb də, yarmarka açılan ərazidə, tualetin olmaması və nəticədə satıcıların təbii tələbatlarını bloklara girib, ödəmələridir.

Mahmudov Qismət adlı sakin qanunsuz tikilən yarmarka ilə bağlı bunları dedi: "Bazarların salınmasında dövlətimizin məqsədi insanların rifahını yüksəltməkdir. Amma fakt ondan ibarətdir ki, burada işləyənlərin əksəriyyəti başqa bazarlardan gəlib, işləyənlərdir. Minlərlə insan burada işləyir. Bir dənə də olsun, ayaqyolu yoxdur. Həmin insanlar da məcbur olub, bizim bloklara gəlirlər. Xahiş edirik ki, bazarın ətrafında olan meyvə-tərəvəz yerləri yığışdırılsın. Dünyanın heç yerində belə hallara rast gəlinmir. Mərkəzi yerdə bazar açmağın heç bir adı yoxdur. Səhərlər pəncərəni açanda insana elə gəlir ki, Livanda müharibə gedir. Hər tərəf zir-zibil içərisindədir. Camaat istirahət günlərində uşaqları, nəvələri ilə istirahət etmək istəyir. Burada addım atmağa yer yoxdur. Çox xahiş edirəm, bunlar yığışdırılsın. Hər həftənin 5-ci günü yollar bağlanır. Satıcıları yer üstündə qırğına başlayırlar. Hər kəs də bazar insanlarını yaxşı tanıyır. Onlar üçün söyüş adi sözdür. Bütün günü söyüş söyürlər. Gecə də saat 2-yə qədər ocaq qalayıb, yemək yeyirlər. Üfunətdən boğuluruq. Nəinki indi, heç 200 il bundan qabaq da belə hal olmayıb. Bir daha xahiş edirik ki, dövlətimiz bu barədə tədbir görsün".

Şikayətçi yarmarkanın açılmasından sui-istifadə edildiyini də qeyd etdi.

İmanova Bağdagül yarmarka açıldığı gündən ən ağır nalayiq söyüşləri eşitməkdən təngə gəldiklərini söylədi: "Hər səhər satıcıların bir-birinə söydüyü söyüşləri eşidəndə ailəmizin üzünə baxa bilmirik. Evdə cavan uşaqlarımız var. Belə olmaz axı? Onların əxlaqına birbaşa təsir edir. İndiyə qədər dəfələrlə şikayətlərimiz aidiyyatı orqanlara olub. Heç bir nəticə görməmişik. Şikayətimiz yerində də qalır. Hətta qışqırtı olduğu zaman etirazımızı bildirəndə açıq-aşkar satıcılar bizə hədə-qorxu gəlirlər. O satıcıları göstərə də bilərəm. Polislər gəlib, açıq şəkildə onları himayə edirlər. Parka belə gedə bilmirik. Gəlinləri, qızları evdən çıxmağa qoymuruq. Çünki ağır söyüşlər söyülür. Evin içərisində bazar olar? Dəhşət də bahaçılıqdır. Elə mallar var ki, 3 qat bahasına satılır. Hətta marketin mallarını belə yarmarkada satırlar. Satılan ətin rəngi qapqaradır. Açıqca köhnə ət olduğunu görürsən. Bunlar axı xəstəlikdir. Bu qədər insanları aşağılamaq olmaz".

Onu da qeyd edək ki, iki həftə öncə kənd təsərrüfatı naziri Heydər Əsədov "Yeni Müsavat" a açıqlamasında yarmarkaya gedəcəyini və qanunsuz yerlərin ləğv ediləcəyini bildirmişdi. Amma görünən odur ki, iki həftə keçməsinə baxmayaraq, nazir hələ də yarmarkaya baş çəkməyib.

Sonda onu da bildirək ki, qanunsuz yarmarka açılan ərazinin deputatı belə yoxdur. Gülər Əhmədovanın mandatının əlindən alınmasından sonra sakinlər 1 il 4 aydır ki, deputatsız qalıblar.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.