Xaricilər gedən kimi ağdamlıları gülləyə tuturlar
5 İyul 2014 16:19
Tovuzun Ağdam kəndinin sakinləri düşmən gülləsinə tuş gəldiklərindən əkinçilik və heyvandarlıqla məşğul ola bilmirlər.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, güllə səsləri eşidilən, eləcə də yaşayış binaları, mal-qarası düşmənin atdığı güllələrdən ziyan görən kəndlərdən biri də, Tovuzun Ağdam kəndidir. 1300 nəfərə yaxın sakini olan yaşayış məntəqəsi rayonun digər sərhəd kəndləri kimi hər gün düşmənin gülləsinə tuş gəlir. Kənd sakinləri isə bu səbəbdən əkinçiliklə məşğul ola bilmirlər.
İribuynuzlu mal-qara saxlamağa üstünlük verən ağdamlıların otlaq sahələrinin təmas xəttinə yaxın yerləşməsi kənd təsərrüfatının bu qolunun inkişafına mane olur. Kəndlilər bildirirlər ki, bəzən illərlə saxladıqları həm xırdabuynuzlu, həm də iribuynuzlu heyvanlar düşmən tərəfə keçərək geri qayıtmır.
Kənddə rahat yaşa bilməyən sakinlər Ermənistan silahlılarının daha çox gecə saatlarında kəndi atəşə tutduğunu deyir. Sakinlər azyaşlı uşaqları hər zaman diqqətdə saxlamağa çalışırlar, oyun meydançaları düşmən postlarından açıq-aydın göründüyündən hər an bu ərazilərin atəşə tutulma riski var.
Sakinlər onu da bildirir ki, Ağdam kəndinə tez-tez xarici ölkə nümayəndələrinin səfərləri olur, onlar təmas xəttinə yaxın ərazilərə baxış keçirirlər. Bundan sonra isə düşmən məhz həmin əraziləri atəşə tutur. Qeyd edək ki, Türkiyənin sənət adamları ötən gün ərazidə olan zaman da düşmən ordusu yenidən silahlarını işə salıb.
Milli.Az