Azərbaycanlı aktrisa: "Adımıza söz çıxardılar..."

5 İyul 2014 16:11

"Gənc aktyorlar evlənməyə qorxurlar..."


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tanınmış aktrisası Əminə Babayeva hələ gənc ikən "Qılınc və qələm"də baş rolda oynayıb. "Göz həkimi" televiziya tamaşası da onu bir aktrisa kimi məşhurlaşdırıb. Oynadığı bir çox tamaşalar Qızıl Fondda saxlanılır. Aktrisa 64 yaşında da baş rollarda oynamaq gücünü özündə hiss edir və bu arzu ilə yaşayır...

"Mən uşaq olmamışam..."

- Eşitdiyimə görə, uşaqlığınız çətin keçib...

- Uşaqlıq illərində ürəkaçan bir şey yoxdu. Demək olar ki, mən uşaq olmamışam. Ailəm çox qapalı, köhnəfikirli olub. Uşaqlarla həyətə çıxıb oynamaq mənə qadağan idi. Mənə uşaqlıqdan ev yığışdırmağı, xörək bişirməyi, uşaqlara baxmağı öyrədiblər. Məktəbdə yaxşı oxuyurdum. İnsanlarla təmasda olmadığım üçün səsimi çıxarmağa utanırdım. Bir az kök insan görəndə, qorxumdan ağlayırdım. Müəllimimiz kök idi. Deyirdi, "dərsi bərkdən danış, eşidilmir". Bir az da səsini qaldıran kimi mən ağlayırdım...

Atam həddindən artıq əzazil olub. Mən - onun ilk övladı - qız olmuşdum deyə, əsəbləşirdi. Özünə yer tapmırdı. Məni sevmirdi. İndi necə ki gedib aparatda cinsini öyrənəndən sonra qız uşaqlarını tələf eləmirlər, yəqin, onda "UZİ" olsaydı, məni də məhv eləyərdilər...

- Bəs teatra marağınız necə yarandı?

- İlk dəfə bizim məhəllədə televizoru atam aldı. Biz Qara şəhərdə, indiki Leyla Şıxlinskaya xəstəxanasının yaxınlığında yaşayırdıq. Atam neft zavodunda qaynaqçı işləyirdi. Babam da həmin zavodda direktor müavini işləmişdi. O, İrandan gəlmə idi. Sarablıdır. Anam da Şabrandan çox yaxşı ailədən idi. Anam beynimə yeridirdi ki, "sən müəllim olacaqsan". Mən də müəllim olmaq istəyirdim. Bir dəfə televizorda "Mehmanxana sahibəsi"nə baxdım. Barat Şəkinskayanın sözləri indi də qulağımdadır. Bir də Əli Zeynalovun səsi, sözləri yadımdadır. Bir də "Kleopatra". Hökumə xanımın səsi də qulağımdadır. Amma mənim heç bir həvəsim yox idi bu sənətə. Çox gözəl oxuyurdum, qəşəng səsim, rəqsə həvəsim var idi. Yaxşı rəqs edirdim.

15-16 yaşım olardı, atamgil ev alıb, köçdülər. Mən nənəmin yanında qalırdım. Xətai Mədəniyyət Evinə kitabxanaya gedirdim. Mütaliə eləməyi çox sevirdim. Orada Xalq Teatrının elanına rast gəldim. Nə üçünsə özüm də bilmədən o teatra yazıldım. Teatrın bədii rejissoru Məmmədkamal Kazımov idi. Mənim diksiyam onun xoşuna gəldi. Dedi ki, "qızım, sabahdan gəl məşqə". Orada mənə Almaz rolunu verdilər.

Sonra təsadüfən evdə bir dəvətnamə gördüm. 26 Bakı Komissarı adına Xalq Teatrının idi. Gedib maraqlandım, orada Lütfi müəllimlə (Lütfi Məmmədbəyli -red.) tanış oldum. O mənə bu xalq teatrında qalmağı təklif etdi. Mən bu teatrda "Qız atası"nda Məryəmi, "Həyatın dibində" əsərində bir rol, "Yeddi oğul istərəm"də Humayı oynadım...

Yaxşı yadımdadır. Xalq teatrlarının Bakı şəhəri üzrə müsabiqəsi keçirilirdi. Bizim teatr da Rəsul Həmzətovun "Dağlar qızı" pyesini götürmüşdü. Mənə dağlar qızı Asiyatı vermişdilər. Həmin tamaşa radionun Qızıl Fondunda da var. Eləcə də mənim iştirak etdiyim bir çox tamaşalar. Bu rola görə ikinci dərəcəli diplom aldım.

Jüridə Əli Zeynalov bir də bir-iki tanınmış aktyor oturmuşdu. Onlar gəlib Tofiq Kazımova dedilər ki, Lütfi Məmmədbəyovun Xalq Teatrında elə bir qız var ki, sənin institutunda belə istedadlı qız yoxdur...

1969-cu ildə Tofiq Kazımov Ə.Haqverdiyevin "Pəri cadu" tamaşasını qoyurdu. Onda Pəri obrazını oynayan aktrisa hamilə idi. Bu rolu oynamaq üçün aktrisa axtarırdılar. Tofiq müəllim mənim barəmdə eşidən kimi məni dərhal teatra dəvət etdi. Həsən Əbluca da dedi ki, "get, onunla monoloqu hazırla və mənə göstərin". Hazırlaşıb gəldim. Teatrın böyük aktyorları ora yığılmışdı. Deyirdilər ki, bu necə qızdır ki, Xalq Teatrından Akademik Teatra götürürlər. Möhsün Sənani, Hökumə Qurbanova hamısı mənə baxmağa gəlmişdilər. Səhnəyə çıxdım, monoloqu dedim. Sofa Bəsirzadə, Məhluqə Sadıqova, Mülayim Novruzova, Tofiq müəllim dedilər ki, halal olsun bu qıza. Eşitdiyimə görə, həmin aktrisa demişdi ki, əgər məni başqa aktrisa ilə dəyişirsinizsə, qoy bu aktrisa, heç olmasa, institut tələbəsi olsun. Xalq teatrından gələn qız olmasın. Bu tamaşanı oynamaq mənə müyəssər olmadı. Amma məni teatrda saxladılar. 35 manat maaş verirdilər. İşıq sexinə yazmışdılar, amma səhnədə baş rollar oynayırdım. Böyük səhnədə mənim ilk rolum tatar yazıçısı Haxvahidin "Bağ qonşuları" əsərində Rəmziyyə oldu. Ramiz Məlikov mənim ilk tərəf müqabilim idi. Əliağa Ağayev, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli və s. sənətkarlarla təmasda oldum. Sonra "Xəyyam"da mənə Vəfa və Vəfanın qızı obrazını tapşırdılar. Burda Həsən Məmmədovla tərəf müqabili idim. "Nazirin xanımı"nda Raşanı oynadım...

Amma teatrda məşq etməyimi atam bilmirdi. Bilsəydi, inanın ki, başımı kəsərdi. Teatrda işləməyimi sonradan bildi. Mən onda artıq "Azdrama"da idim. 19 yaşım var idi. Atam 10 il mənimlə küsülü qaldı. Sonra barışdıq...

Beləliklə, teatrda "Qılınc və qələm"də Qətibəni oynadım. Bu tamaşada mən aktrisa kimi dünyaya gəldim.

Sonra İslam Səfərlinin "Göz həkimi" teletamaşasında Lübov Petrovnanı oynamışam. O obrazı rəhmətlik Fatma Qədri oynayıb. Ümumiyyətlə Fatma Qədrinin bir neçə obrazını mən oynamışam. O, Ostrovskinin "Cehizsiz qız"ında Larisanı oynayıb. Mən də oynamışam. Xuramanı oynayıb. Mən də oynamışam. Qəribədir ki, məni ona oxşadıblar. "Göz həkimi"ndə də o, teatrda, mən isə televiziya tamaşasında Lübov Petrovnanı oynamışıq.

Mən çoxlu baş rollar oynamışam. Amma bu obrazım elə bil camaatın qəlbinə sirayət eləmişdi. Elə bil insnaların sarı siminə toxunmuşdu...

"Gənc aktyorlar evlənməyə qorxurlar..."

- Bir az da ailə qurmağınızdan danışaq.

- Mən iki dəfə ailə qurmuşam. Birinci böyük məhəbbət olub, sevmişəm. Yoldaşım avtoçilingər idi. Ondan ayrıldım...

Sonra rejissor Əşrəf Quliyevlə birliyimiz oldu. Onun iki tamaşasında -"Kəndçi qızı" və "Əliqulu evlənir"də oynamışam.

Mən onu ata kimi sevmişəm. Məndən 30 yaş böyük idi. 1989-1990-cı illərdə uşaqlarım bir "ovçarka" iti istəyirdi. Dedilər ki, filankəs satır. Mən də gedib aldım. Sən demə, o adam Əşrəfin bibisi oğluymuş. Onlar bir həyətdə yaşayırdılar. Ora gedəndə Əşrəf müəllimi pis halda gördüm. Onun 69 yaşı vardı. Dedilər ki, Əşrəf müəllimin yoldaşı rəhmətə gedib. Özü də infarkt keçirib. Mən çox pis oldum.

İtə qulluq məsələsində mən onlarla Əşrəf müəllim vasitəsilə əlaqə saxlamalıydım. Çünki onların telefonu yox idi.

Əşrəf müəllim sevgidən çox, mənə bir insan kimi pərəstiş edirdi. Mənə həmişə deyirdi ki, "sən dəyanətli insansan. Sən bu gün mənim yanımdasan. Məni tək qoymursan". Bizim aramızda ata-bala münasibəti var idi. Bizim üçün söz çıxardılar ki, guya evlənmişik. Onunla arada telefonda teatrla bağlı söhbətlərimiz olurdu. Çox darıxırdı. Bir qab yemək yemək üçün qardaşıgilə gedirdi. Bir gün zəng elədi, dedi ki, "nə iş görürsən?" Dedim ki, "uşaqlar anamgilə kinoya baxmağa gediblər. Televizorum xarab olub. Evdə oturmuşam. İti də evdə tək qoya bilmirəm". Dedi ki, "iti də götür, gəl bizə". Elə oldu ki, ilk dəfə mən itlə -"Riçard"la getdim onlara. O mənə dedi ki, "vəziyyətim pisdir, heç kim mənə baxmır. Yetim uşaqlar kimiyəm". Dedim ki, "mən sizə kömək edərəm, siz də mənim atam. Yeməyinizi vaxtı-vaxtında verərəm". Soruşdum ki, "niyə evlənmirsiniz?" Dedi ki, "yanıma gələn xanımlar məni evimə görə istəyirlər..." O gündən etibarən mən səhər tezdən gəlirdim onun yeməyini bişirirdim. Bir gün dedi ki, qoy uşaqlar da gəlib burada yesin. Razılaşdım. Çünki mənim üçün çətin idi. İki uşağım var idi. İşim bir az yüngülləşdi.

1990-cı il yanvarın 19-da uşaqlarımla onlara gəldim. Söhbət etdik, çörək yedik. Elə çıxmaq istəyirdik ki, gördüm, bütün camaat bayırdadı. Dedilər ki, "bayıra çıxmayın, atışma gedir". Dedim ki, "mən evimə getməliyəm". Lakin bu qarışıqlıqda evə gedə bilmədim, orada qalmalı oldum...
O, 1995-ci ildə rəhmətə getdi.

- Bəs sizin taleyiniz necə oldu?

- Elə bu andan mənim çətin günlərim başladı. Uşqalarım azyaşlı idi, mən də işləmirdim. Ona görə də o evi dolanmaq üçün satmağa məcbur oldum. Öz evimi də satıb Əşrəfin qəbrinin üstünü düzəltdim. Onu necə lazımdır, götürdüm. Cümə axşamlarını da verdim...

- İndi 64 yaşda özünüzü necə hiss edirsiniz?

- Bir insan kimi bu yaşda özümü çox gözəl hiss edirəm. Fitneslə məşğul oluram. Bir az fasilə verdim deyə kökəlmişəm. Mənə səhnədə işləmək lazımdır. Səhnədə işim olmayanda kökəlirəm. Səhhətimdən şikayətim yoxdur. Heç bir yerim ağrımır. Sənətçi kimi özümü çox güclü hiss edirəm. Bu sənəti dərinliklərinə qədər hiss edirəm, dərk edirəm. Mənimki rollar oynamaqdır.

- Onu da gec-gec verirlər...

- Tək gec-gec yox, həm də balaca rollar verirlər. "Qılınc və qələm"də oynayanda, mənim titulum yox idi. Rol kimə uyğun gəlirdi, ona da verirdilər. İndi yaxşı rolu yalnız fəxri adı olanlara verirlər.

- Ürəyinizə yatan hansı obrazı oynamaq istərdiniz?

- Möhtəşəm bir ana obrazı yaratmaq istəyərdim. İrəvan Teatrında əsgər anasını oynamışam.
Mənfi obrazları sevirəm. Çünki mənfi obrazlarda aktrisa üçün işləməyə material çoxdur. Məsələn "Qaraca qız"da Gülpəri obrazını hamı bəyəndi. Öz yaşıma uyğun obraz istərdim oynayım. Hərəkətdə mənim məhdudiyyətim yoxdur. Yaddaşım da yerindədi. Mənə heç 64 yaşı vermirlər...

- Bəs niyə sizə fəxri ad vermirlər?

- Xalq artistini mənə tamaşaçılarım veriblər. Hara gedirəm, hamı elə bilir ki, mən xalq artistiyəm... Bu həyatda haqsızlıqlar var. Haqsızlıqlardan biri də budur...

- Sizinlə teatrda çalışan gənc nəslə münasibətiniz necədir?

- Teatrda çox istedadlı gənc nəsil var. Onlar elə bir vaxta düşüblər ki, rejissor qıtlığıdır, rejissor yoxdur. Hələ axtarışlar gedir. Böyük-kiçik biləndirlər. Mən bizim gənclərimizdən çox razıyam. Deyirlər, teatrda aktyor yoxdur. Aktyor var. Yaşlı nəsil də, cavan nəsil də var. Bu saat teleseriallar var. Hamını çağırmasalar da, 3-4 nəfər gedib çörəkpulu qazanır, həm də özlərini bir aktyor kimi göstərirlər. Mənimlə razılaşın ki, indiki teleseriallar bizim ondakı televiziya tamaşalarına çatmır. Tamaşaçılar indi də böyük məmuniyyətlə o televiziya tamaşalarına baxırlar.

Deyirlər ki, bugünkü nəsil bizi - Əminə Babayevanı tanımır. Bayaq bir dükana getmişdim. Satıcı qız başıma fırlanırdı. 22 yaşı olardı. Elə tanıdı...

- Yeri gəlmişkən, seriallara dəvət alırsınızmı?

- Bir-iki seriala dəvət elədilər. Rol kiçik olduğuna görə getmədim. Əvvələr seriallarda aktyorluğa dəxli olmayan kənar adamlar çox idi. İndi artıq gənc aktyorlarımızı seriallara dəvət edirlər. "Həyat varsa"da mən iki qısa epizoda çəkilmişəm, çox razı qalıblar.

Mən teatrdan 288 manat alıram. Əlbəttə, azdır. Texniki heyətin də, aktyorun da maaşı çox azdır. Bununla ailə saxlamaq ola?. Bizdə gənc aktyorlar var ki, evlənməyə qorxurlar. Məcburdular, gedib o seriallarda oynasınlar...

ekspress.az