MDB ölkələri Müdafiə Nazirləri Şurası öz işinə başladı

5 İyul 2014 10:56
Qazaxıstan prezidenti Nursultan Nazarbayev MDB ölkələri Müdafiə Nazirləri Şurasının üzvləri ilə görüş keçirib.

Trend-in məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb.

MDB Müdafiə Nazirləri Şurasının işində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistan Müdafiə nazirliklərinin nümayəndə heyətləri iştirak edirlər. Şura üzvləri iştirakçı ölkələrin Müdafiə nazirliklərinin çoxtərəfli hərbi əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Görüş zamanı humanitar minalardan təmizləmə dövründə mühəndislik qoşunlarının hərbi qulluqçularının statusuna, nəzarət sisteminin inkişafı və radiasiya, kimya və bioloji vəziyyətin qiymətləndirilməsi, hərbi təyinatlı peyk əlaqəsinin sistemlərindən istifadə, Birlik ölkələrinin silahlı qüvvələrində uçuşların təhlükəsizlik məsələlərinə aid olan sənədlər müzakirə edilib.

Tərəflər habelə hava hücumundan müdafiə, hərbi təhsil, idmanın hərbi-tətbiqi növlərinin inkişafı məsələlərini də müzakirə ediblər. İclasın yekunları üzrə hərbi-texniki, sosial-hüquqi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gələcəkdə möhkəmləndirilməsi üzrə sənəd qəbul edilib.

MDB Müdafiə Nazirləri Şurası 1992-ci il fevralın 14-də MDB Dövlət Rəhbərləri Şurasının qərarı ilə yaradılıb.

Milli.Az