"Hafka" 10 milyon avro tapıb göndərdi, ingilislərə isə 50 milyon borclu qaldı
5 İyul 2014 10:47
Fransanın "Lans" klubunun nəzarət səhm paketinin sahibi, ekstravaqant azərbaycanlı oliqarx, "Hafka" kimi tanınan Hafiz Məmmədov kluba vəd etdiyi pulların bir hissəsini axır ki, onun hesabına köçürüb.
Milli.Az virtualaz.org saytı xəbər verir ki, "Lans" klubunun prezidenti Jerve Martel H.Məmmədovun klubun bank hesabına 10 milyon avro köçürdüyünü təsdiqləyən sənədi təqdim edib. Köçürmə əməliyyatı iyulun 3-də baş verib.
Xəbər verildiyi kimi, "Hafka" bu il yüksək liqada oynayacaq "Lans"ın 43 milyon avroluq büdcəsinin təxminən yarısını vermək barədə öhdəlik götürüb. Lakin o, may ayında ödəmə haqda sənədləri imzalasa da pulları hesaba köçürməyi ləngidirdi.
Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) yetərli maliyyə qarantiyasının olmamasını və pulların iyunun 26-dək köçürülmədiyini əsas gətirərək klubun yüksək liqada oynamasına icazə verməyib.
Jerve Martel "Hafka"nın kluba 10 milyon avro köçürdüyünə dair sənədi DNCG-yə təqdim edib və indi komissiyanın qərarının dəyişdirilməsini gözləyir.
Lakin klubun büdcəsinin formalaşması məsələsi bununla da tam həll edilməyib. İndi "Hafka" vəd etdiyi qalan 10 milyon avronu da köçürəcəyinə dair möhkəm təminat verməlidir.
"The Daily Mail" qəzeti isə yazır ki, "Lans"a vəd etdiyi pulları çətinliklə tapıb göndərən "Hafka" İngiltərənin II liqada oynayan "Şeffild Uensdey" ("Sheffield Wednesday") klubunun səhmlərinin 100 faizinin alınması üçün vəd etdiyi pulları da hələ ödəməyib. Baxmayaraq ki, klubun səhmlərinin alınmasına dair bütün sənədlər imzalanıb.
İndi klubun keçmiş sahibi, prezident vəzifəsində qalan Milan Mandariç "Şeffild Uensdey" üçün yeni futbolçu transferlərinə tərəddüd edir.
"Bu, heç də xoş olmadı. Gözləmək məcburiyyətindəyik. Stüart Qrey kimi bir neçə futbolçu cəlb edib komandanı yaxşılaşdırmağa can atırdıq", - deyə M.Mandariç bildirib.
Xatırladaq ki, "Hafka"nın Azərbaycandakı klubu "Bakı" ağır maliyyə böhranındadır.
Milli.Az