İntiqam gecəsi: Belçika-Argentina

5 İyul 2014 10:15
1986-ci il mundialının yarımfinalında uduzan avropalılar Messinin komandasından qisaslarını ala biləcəklərmi?

Braziliyada keçirilən XX dünya çempionatında bu gecə sonuncu yarımfinalçılar da müəyyən ediləcək. İyunun 5-də Bakı vaxtı ilə saat 21:00-da 1/4 final mərhələsinə vəsiqə qazanmış Argentina millisi Belçika ilə qarşı-qarşıya gələcək. İyunun 6-sına keçən gecə saat 01:00-da isə Hollandiya-Kosta-Rika matçı başlayacaq.

Argentina millisi bu mundialda 1/4 final mərhələsinə elə Braziliya kimi vəsiqə qazandı: zorla. Argentina millisinin oyununda problemlər olduğu hələ qrup mərhələsində keçirdiyi görüşlərdən də bəlli idi. Komanda keçirdiyi hər üç oyunda qələbə qazandı, amma Argentinanın yox, Messinin sayəsində. Üç oyunda rəqib qapısından keçirilən  6 topun 4-nü bu ulduz futbolçu vurub. Bosniya ilə oyunda bir avtoqol olub, bir dəfə isə müdafiəçi Roxo fərqlənib. İsveçrə ilə oyunda isə yalnız uzatma dəqiqələrində nəhayət ki, Anxel di Mariya da fərqlənib. Soruşula bilər ki,  bütün oyunlarda qol vurulub və yarımfinalın astasınadək gəlinibsə, nə problem? Dəfələrlə qeyd etdiyimiz fikri bir daha təkrarlamaq zorundayıq: Argentina bu oyunla çempion ola bilməyəcək! Yəni məqsəd çempionluqsa, Argentina Amerika qitəsində mübarizəni davam etdirən Kolumbiyadan zəif, Kosta-Rikadan bir az üstün görünür. Ən əsası bu oyunlarda Argentina millisində mütəşəkkillik və mübarizlik tam nəzərə çarpmır. 

Dieqo Armando Maradona da İsveçrə ilə oyundan sonra yığmanın bu mundialdakı çıxışından narazılıq edilib. O, Argentina millisinin potensialından aşağı oyun nümayiş etdirdiyini bildirib: "Argentinanın tam gücü ilə oynadığını düşünmürəm. Komanda hücumda oyun tempinə nəzarət edə bilmir. Buna görə çox acıqlı və əsəbiyəm. Yığma komanda daha yaxşı oynamalıdır. Lionel Messi tək qalıb. Yarımmüdafiəçilər oyunu üzərilərinə götürməyə cəhd etmirlər. Komanda potensialından aşağı çıxış edir. Əgər komanda Belçika ilə oyuna qədər özünə gəlməsə, yenə narahatçılıq içində olacağıq". Bunu isə bizim kimi həvəskar idman yazarı yox, Maradona deyir...

Argentina FİFA reytinqində  5-ci, Belçika millisi isə 11-ci pillədə qərarlaşıb. Bu komandalar indiyədək 4 dəfə qarşı-qarşıya gəliblər. Bunların 3-də sevinən tərəf argentinalılar olub, 1 oyunda isə Belçika qələbə qazanıb. Komandalar 1982-ci il  İspaniyada keçirilən dünya çempionatında  qarşılaşıblar və həmin oyunda belçikalılar 1:0 hesabı ilə qalib gəlib. 1986-ci ildə Meksika çempionatında bu komandalar yarımfinalda yenidən rəqib olublar. Həmin görüşdə isə Argentina 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Finalda Argentina AFR-ə 3:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub. Belçika isə 3-cü yer uğrunda mübarizədə də Fransa millisinə 2:4 uduzaraq Meksikanı medalsız tərk edib.
İndi Belçikanın 28 illik fasilədən sonra Argentinadan qisas almaq üçün gözəl fürsəti var. Argentina daha o komanda deyil axı...

Belçika millisi "H" qrupunda 9 xalla lider olub. Belçika Rusiya, Əlcəzair və Cənubi Koreya ilə bir qrupda yer alırdı və komandaların səviyyəsi bərabər deyildi. Ona görə də Belçika xüsusi çətinlik çəkmədən hər üç görüşdə minimal hesabla da olsa (2:1, 1:0, 1:0)  qalib gəldi. Belçika millisi ABŞ-la oyunda qrup mərhələsindəkindən daha yaxşı oyun sərgilədi. Mark Vilmotsun rəhbərlik etdiyi komanda xüsusilə hücum xəttində yaxşı göründü.
ABŞ-la oyunda həlledici qolu vuran Lukaku ("Everton"), Oriqi ("Lill"), Dris Mertens ("Napoli"), Kevin Miralyas ("Everton") və Eden Hazard ("Çelsi")  istənilən rəqib üçün təhlükəli olduqlarını göstərdilər. 

Belçika  yaxşı heyətə malik və sürətli oynayan komandadır və uzun müddətdən sonra onlar da mundiallarda öz güclərini göstərməyə başlayıblar. Bu oyunda komandaların şansları, zənnimizcə, bərabərdir. Amma Argentina Çili ilə oynadığı kimi dişsiz, Belçika isə ABŞ-la oyunun xüsusilə əlavə vaxtındakı qədər sürətli oynayarsa, Avropa təmsilçiləri 1986-cı ilin intiqamını ala bilərlər.

Belçika millisinin hücumçusu Eden Hazard  Argentina ilə oyunla bağlı fikirlərini açıqlayıb.
Gənc hücumçu komandasının mundialda tarix yaza biləcəyini iddia edib: "İki yaxşı komanda üz-üzə gələcək. Şansları bərabər görürəm. Rəqibin heyətində Messi, İquain və Lavezzi kimi dünya səviyyəli futbolçular var. Ancaq bizim də komanda yaxşı futbolçulardan təşkil olunub. Messini dayandırmalıyıq. Əks təqdirdə, bizə çətin olacaq. Açığı, onu necə dayandıracağımızı bilmirəm. Bununla belə, rəqib komandadan çəkinmirik. Argentina ilə oyunda qələbə qazanmağa çalışacağıq. Çünki bu zəfər bizim üçün böyük uğur olacaq. Ümid edirəm ki, mundialda mübarizəni davam etdirəcəyik. Tarix yaza bilərik. Bunun üçün var-gücümüzü meydanda qoymalıyıq".

Belçika millisinin qapıçısı Tibo Kurtua da Messi barədə danışıb: "Messi gözlənilməz anlarda zərbə mövqeyinə çıxa bilən futbolçudur. Ona qarşı oynadıqda bu futbolçunu daim nəzarətdə saxlamalısan. Əks təqdirdə, o, səni cəzalandıracaq".
Belçika millisinin yarımmüdafiəçisi Aksel Vitsel  Argentina ilə oyun öncəsi maraqlı fikirlər səsləndirib.

Təcrübəli futbolçu komandasının dünya çempionu ola biləcəyini bildirib: "Düşünürəm ki, biz yarımfinala yüksələ bilərik. Argentina yığması çox güclüdür. Onların heyətlərində Lionel Messi, Anxel di Mariya və Qonsalo İquain kimi ulduz futbolçular çıxış edir. Ancaq Belçika yığması da baxımlı oyun sərgiləyir. Argentinadan qorxmuruq və bu görüşdə yalnız qələbəyə oynayacağıq. Bilmirəm, möcüzə edərək dünya çempionu ola bilərik, ya yox. Ancaq hər kəs əlindən gələni etsə, biz bunu bacararıq".

Kosta-Rika bu çempionatda adını tarixə artıq yazdırıb. Onların bu mərhələyədək gəlib çıxması, əlbəttə ki, möcüzə deyil, komandanın illərdir çəkdiyi əziyyət hesabınadır. Kosta-Rikanın sərgilədiyi futbol şəxsən mənim üçün baxımlı deyil, bir az da cansıxıcıdır. Müdafiəsi mundialdan yola saldıqları Yunanıstanı daha çox xatırladır. Meydanda komanda oyunu var, maraqlı kombinasiyalar da qurulur, amma canlı deyil və tamaşaçını cəlb etmir. Kosta-Rika bu gün Hollandiyanın da canının boğazına yığıb, imkan tapıb bir qol vura, sonra o dəmir müdafiədə oturub yarımfinalın müjdə fitinin çalınmasını gözləyə bilər.

Hollandiya Meksika ilə görüşdə xeyli səhvlər buraxdı və yalnız son dəqiqələrdə qələbəni haqq etdi. Lui Van Qal İtaliya millisinin Kosta-Rika ilə oyunundan nəticə çıxarmalıdır. Kosta-Rikanı yalnız hücum oyununda məğlub etmək daha real görünür. Bu komanda zarafatı sevmir və bu mundialda üç dünya çempionunu evə yollayıb.

Aryen Robben də Kosta-Rikanın güclü rəqib olduğunu da bildirib: "Onlar İtaliya, İngiltərə və Uruqvay kimi komandaların mübarizə apardığı qrupdan çıxaraq necə komanda olduqlarını sübut etdilər.  İndiyə kimi yaxşı oyun nümayiş etdiriblər. Kosta-Rikanı məğlub etmək üçün yaxşı hazırlaşmalıyıq".

Oyun ərəfəsi isə hər iki komandanın heyətindən itkilər olması barədə xəbərlər var. Kosta-Rikadan müdafiəçi Roy Millerin Hollandiya ilə matçda iştirak etməyəcəyi açıqlanıb.
Hollandiya millisinin itkiləri isə daha ciddidir. Meksika ilə görüşdə zədələnən Naycel de Yonq üçün dünya çempionatı artıq başa çatıb.

Hollandiya millisinin əsas ümidlərindən olan Robin van Persinin və Snayderin zədələnməsi xəbərləri də var. Onlar bu gün meydana çıxmazsa, Hollandiyanın işi çətin olacaq.
Gecəni gözləyək.

Yeni Müsavat

Böyütmək üçün şəkillərə klikləyin.



DÇ-2014-ün bütün xəbərləri burada.