Türkiyədə tutulan Sədərək gömrük rəisini geri alırlar

5 İyul 2014 09:41

Mirməhəmməd Seyidov "sübut-dəlil bazasının kifayət qədər olmaması" adı ilə Azərbaycana verilir

Türkiyədə saxlanılan Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Azərbaycana təhvil veriləcək. Bunu anspress-ə Azərbaycanın Qarsdakı Baş Konsulluğundan deyiblər. 2013-cü ilin dekabrında Türkiyədə saxlanılan Mirməhəmməd Seyidovun Azərbaycana təhvil verilməsi üçün sənədlərin hazırlanması tamamlanmaq üzrədir.

Qeyd edək ki, Mirməhəmməd Seyidov ötən ilin dekabrında Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. M.Seyidov 2 gün ən ciddi şəkildə Türkiyə Prokurorluğu müstəntiqlərinin suallarını cavablandırıb. İstintaq zamanı gömrük rəisinin istintaqda olan sübut-dəlilləri dolayısı ilə də olsa təsdiqləməkdən başqa yolu qalmayıb. Ondan rüşvət ötürmələri zamanı istifadə edilən parolları, cinayət ortaqlarının telefonlarına göndərilən kodlu sözlərin mənası haqda da bilgilər alınıb. Bundan sonra onu Ərzurum həbsxanasına köçürüblər.

2 illik izləmələrdən sonra keçirilən əməliyyat zamanı saxlanılanlar arasında Mirməhəmməd Seyidovla yanaşı, Türkiyənin Naxçıvanla sərhədindəki Dilucu Gömrük Postunun əməkdaşları və nəqliyyat firmalarının sahibləri də olublar. Biri qadın olmaqla, ümumilikdə 18 nəfərlik dəstəyə qarşı mütəşəkkil qrup yaratmaq, rüşvət alıb-vermək, yanacaq qaçaqmalçılığı kimi ittihamlar irəli sürülüb. İğdır polisində və ədliyyəsində aparılan ilkin dindirmədən sonra rüşvətin Naxçıvan gömrüyündə Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfinə aparılaraq tərəflər arasında bölüşdürüldüyü ortaya çıxıb. Dilucu Sərhəd-Keçid Məntəqəsindəki türk gömrük məmurları telefonlarının dinlənməsi riskindən çəkinərək, Mirməhəmməd Seyidovla rüşvət danışıqlarını sərhədi keçən TIR və yük maşını sürücülərinin cib telefonları ilə apardıqları üzə çıxıb. Telefon danışıqlarında tərəflər parollardan istifadə ediblər.

Türk gömrük məmurlarından biri Mirməhəmməd Seyidovla telefonla danışanda "Qarnım ağrıyır, mənə dərman göndər" deməsi, Mirməhəmməd Seyidovun isə ona "Qarnının ağrısı üçün dərman göndərdim" deməsi də istifadə edilən parolların sübutu kimi cinayət işinə əlavə olunub. M.Seyidovun topladığı rüşvət pullarını torbalarla Türkiyə tərəfinə aparıb işbirliyində olduğu adamlar arasında bölüb...

Qeyd edək ki, "Yeni Müsavat"ın 13 iyun 2014-cü il tarixli sayında dərc olunan "Sədərək Gömrüyünün rəisinin həbsindən 6 ay ötür" sərlöhvəli yazıda Azərbaycan tərəfinin M.Seyidovu Türkiyə Prokurorluğundan "sübut-dəlil bazasının kifayət qədər olmaması" əsası ilə geri almağa səy göstərməsi haqda bilgi vermişdik.

Həmin yazıda belə bir məqam vardı: "Tutulan iş adamları sırasında Güney Azərbaycan kökənli iş adamı Rza Zərrab da vardı. Bir müddət öncə o, azadlığa buraxıldı. Bütün bu əməliyyat daha çox onun üzərində qurulmuşdu. Əgər R.Zərrab azad edilibsə, Mirməhəmməd Seyidovun həbsdən buraxılacağı istisna deyil". Son məlumatlar yazdıqlarımızı bir daha təsdiqləyir. M.Seyidovun Azərbaycan tərəfinə verilməsi məsələsinin siyasi müstəvidə aparılan qarşılıqlı razılaşmaların bir elementi də olduğu vurğulanır.

Yada salaq ki, Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi həmin əməliyyat zamanı 17 gömrük məmuru, o cümlədən İstanbulda 3 nazir oğlu da daxil olmaqla, 80-dən çox məşhur iş adamı və yüksək vəzifəli şəxs saxlanılıb.

"Yeni Müsavat"