Facebook videoreklama başlayır?

5 İyul 2014 18:49
Facebook-un mətbuat xidməti yazır ki, sosial şəbəkə videoreklamların yerləşdirilməsi üçün LiveRail platformasını satın alıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətlər sazişin şərtlərini açıqlamayıblar. TechCrunch nəşri yazıb ki, LiveRail platforması Facebook şirkətinə 500 milyon dollara başa gəlib.

2007-ci ildə yaradılmış LiveRail videoreklamın yerləşdirilməsi üçün platforma rolunu oynayır. Xidmətin müştəriləri arasında təxminən 200 müxtəlif şirkət, həmçinin ABŞ-ın ABC televiziya şirkəti, Conde Nast nəşriyyat evi və Fransanın Dailymotion videohostinqi var. LiveRail resurslarında aylıq təxminən 7 milyard videoçarx nümayiş etdirilir.

Facebook 157 milyard dollar kapitallaşdırmaya (NASDAQ) malik dünyanın ən böyük sosial şəbəkəsidir. 2014-cü ilin birinci rübündə Facebook sosial şəbəkəsinin xalis gəliri 642 milyon, mədaxili 2.5 milyard dollar təşkil edib. Sosial şəbəkənin aylıq auditoriyası 1,28 milyard istifadəçi təşkil edir. Şirkət 2004-cü ildə Mark Zukerberq tərəfindən yaradılıb.

Milli.Az