Dənizlərin "döyüş tanrısı" hazırlanır - FOTO

4 İyul 2014 09:57

Britaniya Kral Hərbi-Dəniz Qüvvələri (HDQ) bu yaxınlarda ölkə tarixinin ən böyük aviadaşıyıcı gəmisini alacaq. Gəmi "Kraliça 2-ci Yelizaveta" adlanacaq.
 

Daha sonra isə analoji aviadaşıyıcı gəminin "Uels şahzadəsi" adlı analoqu suya buraxılacaq.

Hər birinin ağırlığı 71650 ton olan aviadaşıyıcıların əsas silahı 5-ci nəsil Lockheed Martin F-35i Lightning döyüş təyyarələridir. Bu təyyarələr şaquli eniş edə bilirlər.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu səbəbdən yeni aviadaşıyıcı gəmidə ənənəvi buxar katapultları və aerofinişerlər olmayacaq.

"Kraliça 2-ci Yelizaveta"nın göyərtəsində 40 F-35 təyyarəsinin yer alacağı gözlənilir.
 

ABŞ-ın "Nimitz", Fransanın "Charles de Gaulle" aviadaşıyıcı gəmisindən böyük olan "Kraliça 2-ci Yelizaveta" Britaniya HDQ-dəki "Invincible" tipli aviadaşıyıcı gəmilərdən 3 dəfə iridir.
 

2003-cü ildə Britaniyanın Müdafiə Nazirliyinin "BAE Systems" korporasiyasına sifariş verdiyi aviadaşıyıcı gəminin inşasına 3 il əvvəl Şotlandiyadakı Rosayt şəhərinin tərsanəsində başlanmışdı.
 

Quru tərsanədə olan aviadaşıyıcı gəminin tikintisinin başa çatmasınıa az qalıb. 17 milyon hissədən ibarət "Kraliça 2-ci Yelizaveta"nın 3013 rahat kayutu, 9 göyərtəsi var. Gəminin inşasına 3 milyon metr kabel, 500 min kilometrdən artıq müxtəlif borular və 250 min litr boya sərf olunub.

2017-ci ildə HDQ-də istifadə olunmağa başlanacaq aviadaşıyıcı gəmidə 1600 hərbçi, 40 təyyarə olacaq.

Gəmi gündə 500 km məsafə qət edə biləcək.
 

F-35 təyyarələri ilə yanaşı, aviadaşıyıcı gəmidə EH101 Merlin helikopterləri və MASC dəniz kəşfiyyatı təyyarələri olacaq.

Ekspertlər yeni gəmini "dənizlərin yeni döyüş tanrısı" adlandırırlar.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.