Baş konsul: "Kaliforniyada Azərbaycanın hər bir uğuru erməni lobbisi tərəfindən böyük qısqanclıqla qarşılanır" - MÜSAHİBƏ

2 İyul 2014 10:52
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Trend-ə müsahibəsi.

- Məlumdur ki, Los-Ancelesdəki baş konsulluğumuz Azərbaycandan ən uzaqda yerləşməklə yanaşı, dünyanın ən strateji məkanlarından birində fəaliyyət göstərir. Baş Konsulluq əsasən hansı istiqamətlərdə çalışır?

- 2005-ci ildə təsis olunmuş Baş Konsulluğumuz Kaliforniya daxil olmaqla ABŞ-ın 13 qərb ştatını əhatə edir. Kaliforniya özü 2 trilyon dollarlıq iqtisadiyyatı ilə dünyada 8-ci iqtisadi güc hesab edilir. Bu ştat ABŞ Konqresində ən böyük sayla - 53 konqresmenlə təmsil olunur. Ona görə də, Kaliforniyanın federal siyasətə böyük təsiri var. Hollivud, Silikon Vadisi kimi tanınmış mərkəzlər, eləcə də Stanford, Börkli kimi məşhur universitetlər Kaliforniyada fəaliyyət göstərir. Bundan başqa, Vaşinqton, Kolorado, Arizona və Oreqon kimi iqtisadi cəhətdən güclü ştatlar da Baş Konsulluğun səlahiyyət dairəsindədir.

Bu baxımdan, Azərbaycan Baş Konsulluğunun Kaliforniyada təsis olunması təsadüfi olmamış, Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasətinin nəticəsi olmuşdur. Baş Konsulluq fəaliyyət dairəsinə daxil olan ştatlarla ən müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə, ştat qanunvericiləri və bu ştatlardan olan konqresmenlərlə əlaqələrin gücləndirilməsinə, Azərbaycan həqiqətlərinin geniş şəkildə yayılmasına səylər göstərir. Əminliklə demək olar ki, Baş Konsulluğun təsis olunmasından keçən müddət ərzində burada Azərbaycanın dostlarının sayı artmış, ölkəmiz haqda, xüsusilə onun bugünkü sürətli inkişafı barədə düzgün təsəvvürün yaradılması işində mühüm irəliləyişlər əldə olunmuşdur.

- Bildiyimiz kimi, Kaliforniyada böyük sayda erməni icması mövcuddur. Bu icma haqqında nə deyə bilərdiniz?

- Müxtəlif mənbələrə görə, Kaliforniyada təqribən 1 milyona yaxın erməni yaşayır. Bunun isə 500 mini Los-Anceles vilayətinin payına düşür. Erməni icması burada siyasi, iqtisadi, mədəni və ictimai həyatın müxtəlif sahələrində çalışır. Hazırda Kaliforniyanın qanunverici, icraedici və məhkəmə orqanları başda olmaqla, müxtəlif dövlət strukturlarında və ictimai qurumlarında ermənilər işləyirlər. Hətta 1983-1991-ci illlərdə Kaliforniya ştatına erməni mənşəli qubernator rəhbərlik etmişdir. Bu gün Kaliforniya qanunverici orqanının iki, Los-Anceles Şəhər Şurasının isə bir nəfər erməni mənşəli üzvü vardır. Bir çox digər şəhərlərin də idarəçiliyində ermənilər təmsil olunurlar.

- Kaliforniyadakı erməni lobbisinin Azərbaycan əleyhinə fəaliyyətləri barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Bu gün Kaliforniya dünyada erməni lobbisinin antiazərbaycan fəaliyyətlərinin əsas ideoloji və maliyyə mərkəzlərindən biridir. Radikal erməni daşnak qruplar burada Azərbaycana qarşı məkrli fəaliyyətlərini davam etdirməkdədirlər. Burada Azərbaycan ilə bağlı hər bir uğur, hər bir müsbət hadisə erməni lobbisi tərəfindən böyük qısqanclıqla qarşılanır. Ən müxtəlif tədbirlərimizə erməni lobbisinin təxribatçı müdaxiləsi ilə qarşılaşırıq. Məsələn, 2012-ci ildə ABŞ-ın NASA kosmik agentliyi ilə birgə Los-Ancelesdəki UCLA Universitetində Azərbaycan muğamının 1977-ci ildə kosmosa göndərilməsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirirdik. Erməni lobbisi bu dəfə də gecikmədi. Tədbirin qarşısını almağa çalışdılar. Nail ola bilməyincə, etiraz aksiyası keçirdilər. Ancaq bu aksiya da fiaskoya düçar oldu və tədbirimiz normal keçdi. Və ya bu il "Los Angeles Times" qəzetinin keçirdiyi tanınmış səyahət sərgisində Qarabağ pavilyonu ilə təmsil olunmamızın qarşısını almaq istədilər, ancaq bu cəhd də öz bəhrəsini vermədi. Sərgidə "Qarabağ - Azərbaycanın Zinət Tacı" şüarı ilə qurulmuş pavilyonumuz böyük maraqla qarşılandı. Digər tədbirlərimizdə də ermənilərin belə dözümsüzlüyü və təxribat cəhdləri ilə qarşılaşırıq.

Erməni lobbisinin antiazərbaycan fəaliyyətinə dair axırıncı nümunəni də qeyd etmək istərdim. Bu ilin yanvarında Kaliforniya qanunverici orqanının iki erməni əsilli üzvünün və erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı AJR 32 saylı qərəzli qətnamə layihəsi gündəliyə gətirilib. Bu sənədin qəbulu üçün erməni lobbisi dəridən-qabıqdan çıxmaqdadır. Biz bu sənədlə bağlı qanunverici orqana kəskin etirazımızı bildirdik. Bundan başqa, yerli Azərbaycan icması görülməmiş etiraz kampaniyası təşkil etdi, qanunverici orqanda keçirilən dinləmələrdə böyük sayda iştirak edərək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı barədə həqiqətləri qanunvericilərin diqqətinə çatdırdı.

Sirr deyil ki, radikal erməni təşkilatları erməni icmasından daha çox pul toplamaq və öz mövcudluqlarını davam etdirmək üçün belə təşəbbüslərlə çıxış edirlər. Daha sonra isə bunu, ermənilərin ölüm-qalım məsələsi kimi təbliğ edərək, erməni icmasının sıravi üzvlərindən böyük məbləğlərdə pullar alırlar. Bundan başqa, tez-tez Ermənistana yardım adı altında vəsait toplama kampaniyaları da keçirirlər. Bu pulların isə böyük hissəsi daha sonra Ermənistanın korrupsiya burulğanında qeyb olur. Kaliforniyadakı sadə Aşot və ya Haykanuşun isə bu vəsaitlərin hara getməsindən qətiyyən xəbəri olmur. Erməni lobbisi ilə Ermənistanın korrupsioner hökuməti arasındakı bu "əməkdaşlıq" uzun illərdir bu qaydada davam edir. Sonda uduzan səfalət içində yaşayan Ermənistan xalqı və ABŞ-dakı erməni diasporunun sıravi üzvləri olur.

Ancaq son zamanlar erməni diasporu üzvləri arasında açıq şəkildə Ermənistanın hazırkı bərbad sosial-iqtisadi durumundan, ölkədəki yüksək səviyyəli korrupsiyadan və insan haqlarının kobud şəkildə pozulmasından etiraz edənlərin də səsləri eşidilməkdədir. Düzdür, erməni lobbisi həmişəki taktikasından istifadə edərək, belələrinə "xəyanətkar" damğası vurmağa və onları susdurmağa çalışsa da, bu dəfə vəziyyətin fərqli olduğunu düşünürəm. Çünki artıq Ermənistandakı çıxılmaz durum o səviyyəyə çatıb ki, artıq bunu gizlətmək və ya ört-basdır etmək mümkün deyil.

- Bu antiazərbaycan fəaliyyətlərinə qarşı nə kimi tədbirlər görülür?

- Erməni lobbisinin bu cəhdləri müqabilində qısa müddət ərzində kifayət qədər təsirli addımlar atılmışdır. Baş Konsulluq öz fəaliyyətini Azərbaycan Prezidentinin hücum diplomatiyası tapşırığına uyğun olaraq həyata keçirməkdədir. Bu gün artıq ABŞ-ın qərb ştatlarında Azərbaycanın strateji önəmi daha yaxşı dərk edilir. Artıq erməni yalanlarının yeridiyi məkan daralır. Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti barədə həqiqətlər yerli siyasətçilər tərəfindən daha yaxşı başa düşülür. Təsadüfi deyil ki, 2013-2014-cü illərdə Baş Konsulluğun məsul olduğu Arizona, Havay və Nyu-Meksiko ştatlarının qanunverici orqanlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qeyd edən geniş qətnamələr qəbul edilmişdir. 2013-cü ilin ilk üç ayı ərzində Kaliforniya Qanunverici Orqanının plenar iclasında Azərbaycan bayrağı 2 dəfə qaldırılmış, ölkəmizə dair rəsmi təqdimatlar keçirilmiş, Azərbaycanın ABŞ üçün strateji önəmi dəfələrlə qeyd olunmuşdur.

Həmçinin bu müddət ərzində Kolorado Ştatı ilə çox səmərəli münasibətlər qurulmuşdur. Belə ki, cari ilin yanvar ayında Kolorado Senatının plenar iclasında Azərbaycana dair təqdimat keçirilmiş, koloradolu qanunvericilərlə yaxın təmaslar yaradılmışdır.

Hesab edirik ki, antiazərbaycan fəaliyyətlərinə qarşı mübarizənin ən güclü vasitələrindən biri də zəngin mədəni irsimizin burada təbliğidir. Bu səpkidə son 2 il ərzində Baş Konsulluq tərəfindən Los-Ancelesdə, eləcə də digər Kaliforniya şəhərlərində 12 böyük mədəniyyət tədbiri keçirilmişdir. Bunların arasında 2013-cü ildə ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının Los-Ancelesdə, ABŞ-ın ən böyük və məşhur opera teatrlarından birində səhnəyə qoyulmasını xüsusilə qeyd etmək istərdim. Operettanın 100 illiyinə həsr olunan bu tamaşada 3 min nəfər tamaşaçı iştirak etdi və bu "Arşın mal alan"ın bu səviyyədə nəinki ABŞ-da, bütün Qərb dünyasında ilk nümayişi oldu. Bu həm də tarixi ədalətin bərpası idi. Belə ki, 1937-ci ildə ermənilər "Arşın mal alan"ı öz adlarına çıxaraq Los-Ancelesdə onun filmini çəkmişdilər. Azərbaycan bu haqsızlığı aradan qaldırdı.

Bundan başqa, ötən il Azərbaycanın dəstəyi ilə Stenford Universitetində ilk dəfə olaraq "Azərbaycan musiqisi və mədəniyyəti" tədris kursu təsis edildi. Universitetin bir çox tələbələri kursda iştirak etdilər. Yekun imtahan olaraq onlar Universitetdə təşkil olunmuş konsertdə müxtəlif alətlərdə Azərbaycan xalq mahnılarını ifa etdilər. Mədəniyyətimizin təbliği sahəsindəki fəaliyyətlərimiz davam etdirilir.

Beləliklə, bu gün artıq burada vəziyyət lehimizə dəyişməkdə, Azərbaycanı tanıyan, ona rəğbət hissi duyan, strateji önəmini daha yaxşı dərk edən dostlarımızın sayı günbəgün artmaqdadır. Bu isə ölkəmiz əleyhinə çalışanlara ən yaxşı cavabdır. Onlar anlamalıdırlar ki, "yalan ayaq tutar, ancaq yeriməz". Həqiqət gec-tez həmişə üzə çıxır.

Milli.Az