40 ilin papaqçısı: "Təbii dəridən tikilən papaqlar sağlamlıq üçün faydalıdır"
1 İyul 2014 19:10
Azərbaycan xalqına məxsus olan qədim sənətkarlıq növlərindən biri də papaqçılıq sənətidir. Papağa verilən yüksək dəyərin nümunəsidir ki, papaqçılıq tarix boyu ali peşələrdən sayılıb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün bu sənətin məhsuluna tələbat az olsa da, Gəncədə papaqçılıq sənətini yaşadan və bundan çörəkpulu qazanan sənətkarlar var.
Gəncədə papaqçı mağazaları bir zamanlar məşhur olsalar da, indi bu mağazaları çox az sayda ziyarət edənlər olur. Başqa sözlə, bu mağazaların xüsusi alıcıları var ki, onlar da, əsasən, yaşlı insanlardır. Elə nəzər salsaq, görərik ki, şəhərdə də başıpapaqlı gəzənlər məhz yaşlı nəslin nümayəndələridir.
Müştərilərin bir qismi isə Azərbaycanın milli papağına üstünlük verir. Söhbət xarici turistlərdən gedir. Onlar bu papağı suvenir olaraq alırlar.
Şəhərdə, demək olar ki, yeganə papaq tikən və 40 ildir ki, bu sənətlə məşğul olan əlil sənətkar deyir ki, bu bazarın mövsümü oktyabr-mart aylarıdır. Afiq Məhərrəmovun sözlərinə görə, adlarını gizli saxladığı bir sıra yüksək rütbəli şəxslərin də başlarında gəzdirdiyi papaq məhz onun əl işidir.
Afiq Məhərrəmovı: "Bir də görürsən Bakıdan gəlib "kubinka" papaqlardan birdən 25-30 dənə alıb aparırlar. Çoban papaqlarını rəqqaslar alır. Elə dünən Moskvadan gəlib, 10 dənəsini alıb apardılar. Cavad Xan kinosu üçün 8 dənə tikdim, verdim".
Sənətkar çappa, çoban papağı, ziyalı papağı və s. adlandırdığı məhsulların birinin ərsəyə gəlməsi üçün cəmi saat yarım vaxt sərf etdiyini deyir.
Afiq Məhərrəmov: "Xammalın biri Özbəkistandan 70-80 manata alınır. Bir dəridən 5-6 papaq alınır. Papağın biri 40 manata satılır".
Ümumiyyətlə, papaqların qiyməti növünə və xammalına görə 25-180 manat arasında dəyişir. Qəhrəmanımız deyir ki, təbii dəridən tikilən papaqların sağlamlıq üçün böyük əhəmiyyəti var ki, bunu da hər kəs bilmir. Odur ki, bu gün satılan bu məhsulların alıcılarının çoxunu ziyalılar təşkil edir.
Milli.Az