Xorvatiya-Kamerun oyunu satılıbmış?
30 İyun 2014 20:20
Braziliyada keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı qalmaqallı xəbər yayılıb.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, qrup mərhələsinin 2-ci turunda keçirilən Xorvatiya - Kamerun qarşılaşmasının danışılmış xarakterli olduğu bildirilir.
Almaniyanın "Der Spiegel" nəşri danışılmış oyunların məşhur təşkilatçısı Uilson Rac Perumal qarşılaşmanın başlamasına bir neçə saat qalmış oyunun ssenarisi barədə məlumat verib: "Kamerun millisindən bir futbolçu ilk hissədə qırmızı vərəqə alacaq və Xorvatiya 4:0 hesabı ilə qalib gələcək".
Qeyd edək ki, kamerunlu futbolçu Aleks Sonq elə ilk yarıda meydandan qovulmuş, qarşılamadan isə Xorvatiya 4:0 hesabı ilə qalib ayrılmışdı.
Məsələyə münasibət bildirən FIFA rəsmisi Ralf Muçke bildirib ki, onlarda kamerunlu futbolçuların oyun satması ilə bağlı hər hansı məlumat yoxdur.
Xatırladaq ki, Kamerun millisi çempionata gələrkən federasiya ilə mükafat üstündə böyük qalmaqal yaşamışdı.
Milli.Az