"Ceyhun dedi ki, "məni döyün", şil-küt elədilər onu..." - FOTO

29 İyun 2014 10:33
Milli.Az bildirir ki, modern.az "Kadararxası" layihəsinə qaldığı yerdən davam edir. Bu həftə kadrarxasında "Qarabağ" müharibəsi haqqında çəkilmiş ən mükəmməl film olan "Fəryad"ın quruluşçu operatoru, görkəmli sənətkar, Azərbaycan film tarixinə öz möhürünü vurmuş Kənan Məmmədovdur. Həmsöhbətimlə birgə Ceyhun Mirzəyevin son sənət əsəri olan filmin kadraraxası məqamlarından bəhs edirik.

Arayış: 1946-cı ilin oktyabrın 9-da Bakıda doğulan Kənan Məmmədov 1957-ci ilə qədər İçərişəhərdə yaşayıb. 1954-1965-ci illərdə orta məktəbdə oxuyub.

Balaca Kənan vaxtilə qonşu olduqları "Ögey ana" filminin quruluşçu operatoru Xan Babayevin sənət dünyasından bəhrələnib, bu münasibət onun operator kimi uğur qazanmasında böyük rol oynayıb. 1971-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator  fakültəsinə daxil olub, 1976-cı ildə  təhsilini bitirib, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlayıb. Eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərib. Əməkdar incəsənət xadimi, Respublika dövlət mükafatı laureatıdır. 1996-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərib, 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilib. Ailəlidir, 1 oğlu, 1 qızı var. Oğlu kinorejissordur, iki övladı var, 2 ildir ki, Kanadada yaşayır. Qızı pianoçudur, bir övladı var, babası Kənanın adını daşıyır.

K. Məmmədov hazırda C. Cabbarlı adına Kinostudiyanın baş operatorudur.

"Fəryad" filminin hazırlıq prosesi 1992-ci ilin sonlarına təsadüf edir, çəkilişlər isə 1993-cü ilin yanvar ayında başlayır.  Filmdə "Ögey ana" fimindəki İsmayılla "Fəryad" filmindəki İsmayıl eyni bir xarakterdə birləşdirilib.

Filmin ssenari müəllifi  Vaqif Mustafayev, quruluşçu rejissor Ceyhun Mirzəyev, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Rafiz İsmayılov, bəstəkar Cavanşir Quliyevdir. Rollarda Ceyhun Mirzəyev, Məlik Dadaşov, Hacı İsmayılov, Liana Qudadze, Fikrət Məmmədov, Nəcibə Behbudova və başqaları çəkiliblər.

Ceyhun Mirzəyevin Qarabağ dərdi...

Kənan Məmmədov: "Bu günə qədər Qarabağ savaşı haqqında bir çox filmlər çəkilib. Lakin mən hesab edirəm ki, "Fəryad" filmindən yaxşısı yoxdur. 21 il keçməsinə baxmayaraq "Fəryad" filmi bu gün də maraqla baxılır. Çünki orada insan taleyindən söhbət gedir, mövzu şəxsiyyət üstündə qurulub. Orada Qarabağ dərdini ürəyinə həkk edən Ceyhun Mirzəyev var. Buna görə film mənim üçün çox əzizdir. Baxmayaraq ki, filmi izləyəndə peşəkar operator kimi bu gün onu başqa cür görürəm, çünki o vaxt indiki texnika yox idi. Sadəcə o zaman bütün çətinliklərə baxmayaraq film çəkilməli idi. Təəssüf ki, C.Mirzəyev filmi izləyə bilmədi".

Bu dəfə C. Mirzəyevə yox deyə bilmədim

Kənan Məmmədov: "C. Mirzəyevlə mən bir nəslin nümayəndəsi idik, çox yaxın dost olduğumuzdan indi də onun xatirəsi mənim ürəyimə əziz olaraq əbədi  həkk edilib. O həmişə istəyirdi ki, birgə film çəkək, amma alınmırdı. "Təhminə" filminin çəkilişləri yenicə bitmişdi. Ceyhun bunu bilirdi və bilirdi ki, hələ yeni filmə də başlamamışam. C. Cabbarlı adına kinostudiyanın dəhlizində məni tutdu, dedi ki, "Qarabağ haqqında bir ssenari var, istəyirəm birgə çəkək. Mənə yox demə, çünki bilirəm ki, bu dəqiqə əlində film yoxdur". Ssenarini  oxudum və mənə maraqlı gəldi. Çünki filmin ssenarisi real həyatda olan zabitdən bəhs edirdi. Hansı ki, doğrudan da savaş zamanı ermənilərə  əsir düşmüşdü. Onu da bir neçə erməni əsiri ilə dəyişmişdilər. Bu ssenarini Vaqif Mustafayev yazmışdı.  Ssenarilə tanış olduqdan sonra görüşdük və film haqqında uzun müzakirəmiz oldu ki, necə, kimi çəkək. Filmin start mərhələsi belə oldu".

Ceyhun Mirzəyevi rola uyğun görmədim

Kənan Məmmədov: "Daha sonra sınaq çəkilişləri başladı. Hətta Fəxrəddin Manafov da sınaqlarda iştirak etdi. Çox da gözəl alındı. Lakin günlərin bir günü C. Mirzəyev, V. Mustafayev və mən görüşdük. Onda təklif oldu ki, C. Mirzəyevi də sınaq çəkilişlərində çəkək. Mən çox təəccüb etdim, çünki o rol üçün Ceyhun tam da uyğun deyildi. Yəni boyu bəstə, kilo baxımından ağırlaşmış və s. idi. C.Mirzəyev bildirdi ki, filmə özü çəkilmək istəyir. Amma mən öz fikrimi demədim. Çəkilişlər başladı, nəticə çox gözəl oldu. Onun daxili iztirabları, düşüncələri hamısı həqiqət idi.  Film çəkilməmişdən əvvəl onun təsvir sistemini qurmuşdum. Qərara gəldim ki, filmi xronika səpkisində çəkmək lazımdır. Film rəngli filmdir, amma tamaşaçı onu ağ-qara kimi qəbul edir. Buna səbəb odur ki, mən bütün kadrlarda olan rəngli əşyaları, geyimləri, elementləti çıxartdım. Ancaq real rənglərdən istifadə edərək xronika stilini saxladım".

Ceyhun haqda yanıldığımı anladım

Bir çox sənədli film müəllifi olaraq K. Məmmdov vaxtaşırı regionlarımızda olur. Onlardan bir də Ağdamın Abdal-Gülablı kəndi idi. Hələ hadisələr baş verməmişdən əvvəl operator orada çəkilişlər həyata keçirir. Hansı ki, C. Mirzəyev məhz həmin yerdə boya-başa çatmışdı. Abdal-Gülablı ermənilər tərəfindən işğal ediləndə C. Mirzəyev çox sarsılır. Çəkiliş müddətində də o hadisələri təkrar, daxilən yaşayırdı və bu səbəbdən də rol  uğurlu alınır. K. Məmmədov deyir ki, çəkiliş müddətində ilk olaraq Ceyhunu rola uyğun bilmədiyim haqqında yanıldığımı anladım.

Ağır hadisələrdən bəhs edən film üçün yerlərin seçilməsi mühüm idi. Məsələ burasındadır ki, müharibə ilin bütün fəsillərində baş verib. Lakin operator filmin yayda - təbiətin oyandığı bir vaxtda lentə alınmasını düzgün saymadığından,  onun sərtliyinə xələl gətirəcəyindən elə şaxtalı günlərdə çəkilişi başlayırlar. Xüsusilə yer və hava şəraiti çəkilişi daha da çətinləşdirir.

Filmdəki zirzəmi səhnəsi Kardioloji xəstəxanada çəkilib

Kənan Məmmədov: "Filmin çəkilişləri haradasa 8 aya yaxın vaxt aldı. C. Mirzəyev, R. İsmayılov  və mən yer çəkilişi üçün axtarış etdik. Qərara gəldik ki, filmi Goranboyda, Murovdağın ətəyində çəkək. Beləliklə, 1993-cü ilin yanvar ayının ortalarında çəkilişlərə start verildi. O qış həqiqətən də çox sərt idi. 20 nəfərlik çəkiliş qrupu Naftalana ezam olundu. Pansionatın binasında bizə yerlər verildi. Çəkilişlər hamısı Murovdağın ətəyində, Qaraçinar, Zeyvə kəndlərində, "Rus Borisi" və "Erməni Borisi" adlanan yerdə oldu. Əvvəlcədən ora gedərək təbiət çəkilişlərinin yerini müəyyən etdik və Bakıya qayıdaraq İsmayılın Xankəndidə saxlandığı evin dekorasiyasını qurduq. Pavilyonda rəssam tərəfindən böyük bir dekor quruldu, zirzəmiyə girişin yeri müəyyən olundu və s. Amma zirzəmidə ermənilərin olduğu yer  5-ci Kardioloji xəstəxananın zirzəmisində lentə alındı. Həmin yeri rəssam dekor elədi, sadəcə filmdə olan bir yeri iki müxtəlif məkanda çəkdiyimizə görə ardıcıllıq qorunmalı idi. Yəni evdən zirzəmiyə hansı tərəfdən düşürdülərsə, zirzəmidə də həmin istiqamətdə hərəkət davam etməli idi".

Filmin başladığı səpələnmiş meyid kadrlarından söhbət düşərkən operator filmdə heç bir xronikal kadrdan istifadə edilmədiyini, tam bədii film olduğunu, ilk kadrdan başlayaraq sonuncuya qədər hamısının quraşdırıldığını vurğulayır.

Kənan Məmmədov: "Sənubər İsgəndərli heç bir sınaq çəkilişi aparılmadan çəkildi. Çox bəyəndiyim aktrisa olduğundan bir çox filmlərdə onu çəkmişəm. S. İsgəndərlinin filmə çəkilməsini C. Mirzəyev və mən qərara aldıq. Uşaq isə kiminsə uşağı idi, yəni hər hansı tanınmışın övladı deyildi.

Çəkiliş heyəti o qədər professional idi ki, orada hər hansı konflikt ola da bilməzdi. Qarabağ haqqında ilk filmi biz çəkdiyimizə görə, bu  məsuliyyəti dərk edirdik. C. Mirzəyev studiyanın sevimlisi idi, hamı ona hörmət edirdi. Peşəkarlıq öz sözünü deyirdi".

Qar üstə yatanlar real Xocalı qaçqınları idi

Kənan Məmmədov: "Yanvar ayında Murovdağın ətəyinə təzə qar yağmışdı. Çəkiliş üçün təzə qar düşmüş yer lazım olduğundan mən hamıdan xahiş etdim ki, qar üstündə  boş  gəzinti olmasın. Filmin çəkiliş qrupu Naftalanda  real Xocalı qaçqınları məskunlaşan pansionata getdilər. İnsanlarla danışıqlar aparıldı, başa salındı ki, bu dəhşətlər barədə film çəkirik. Mən o danışıqlarda olmadım. Filmin direktoru Q. Səfəroğlu sonra mənə dedi ki, "Kənan, sən görəydin, insanlar bu təklifi necə ciddi qəbul etdilər".

Ceyhun Mirzəyev hönkürtü ilə ağlayırdı

Kənan Məmmədov: "Çəkiliş üçün bizə 100-150 nəfər adam lazım idi. Deməli, 2 "İkarus" uşaq, böyük - hamısı öz geyimində həmin təzə qar düşmüş yerə gəldi. Mən kameraya baxa-baxa insanları qar üstünə hərəsini bir formada "səpələdim". Əlimdə meqafon qışqırırdım ki, "filankəs belə dön, o yana uzan" və s. Bir də gördüm kimsə hönkürtü ilə ağlayır. Çevriləndə Ceyhunu gördüm. Soruşdum ki, "niyə ağlayırsan?" Dedi: "Bu insanlar xilas olsa da, indi "Xocalı" dəhşətini yenidən yaşayırlar".

Kadrlar o qədər real alınır ki, hətta AZTV kanalı filmdəki həmin kadrları döyüş bölgəsindən gedən xəbərlərdə yayımlayır.

Kənan Məmmədov: "O vaxt vətənpərvərlik haqqında silsilə verilişlər gedirdi. Mən də həmişə onu izləyirdim. İnsanları Qarabağı azad etməyə səsləyirdilər. Bir də gördüm AZTV-də diktor deyir ki, "baxın, Qarabağ savaşı zamanı çəkilən kadrlardır, avtomatlar işləyir, BTR-lər gəlir..." Donub qaldım. Bu kadrların hamısı "Fəryad"ın kadrları idi.. "Erməni Borisi" kəndində direktorun həyətində çəkilmişdi.  Həmin vaxt C. Mirzəyevin ürəyi xəstə idi. Bildirmişdi  ki, "mən ancaq kadrda olacam, qalan şeylərlə özün məşğul ol". Bütün partlayışı pirotexnik Əlibala Məmmədovla mən etmişdim. İsmayılla (C.Mirzəyev) Rövşən (H.İsmayılov) atışma zamanı dialoq  aparır, o hissəni kəsib qalan atışma səhnəsini saxlayaraq efirə vermişdilər. İlk öncə pis oldum ki, filmə istinad etməyiblər. Amma sonra öz-özümə dedim ki, gör nə qədər real alınıb ki, istifadə ediblər".

Kənan Məmmədov bildirir ki, filmdəki silahlar kinostudiyanın pirotexnika şöbəsinin rəisi Ə. Məmmədov tərəfindən seçilmişdi. Bəzi silahları hərbi hissədən gətizdiriblər.

Kənan Məmmədov: "Filmdə rus və gürcü aktyorları da dəvət olunur. Operator bildirir ki, reallığı əks etdirməsi baxımından o aktyorlar seçilmişdi. Onların hamısının səhnəsi müəyyən olundu və 2 həftə ərzində çəkilişlərini bitirib ölkələrinə qayıtdılar. Baxmayaraq ki, ruslar  bu filmdə çəkilməkdən imtina etmədilər. İsmayılın həbsxanada olan səhnəsi o vaxtkı "Bayıl" həbsxanasında çəkilib. Onun döyüldüyü, işgəncə verildiyi kameranı əvvəlcədən seçdik. Həmin kamerayla üz-üzə bir kamera vardı, hansı ki, orada vaxtilə Stalin oturmuşdu".

Kənan Məmmədov: "C. Mirzəyevin ürəyi xəstə idi, qan təzyiqi tez-tez oynayırdı. Təklif etdim ki, döyülmə səhnələrində onu kaskadyor əvəz etsin. O isə qəti şəkildə imtina etdi. Bildirdi ki, "bütün səhnələrdə özüm çəkiləcəm. Özü də həqiqətən döyün məni ki, təbii alınsın". Beləliklə, ona İtaliyada istehsal olunmuş bronejileti, üstündən də öz geyimini geyindirdik, "erməni" bunu şil-küt elədi. Amma bronejileti soyunanda bədənində izləri əməlli-başlı qalırdı".

Vertolyot səhnəsinin çəkilməsi üçün çəkiliş qrupu çox götür-qoy edir. Sonda yer müəyyən olunur.

Kənan Məmmədov: "Həmin yeri C. Mirzəyev, R. İsmayılov və mən müəyyən etdik. Murovdağın aşağı hissəsini seçdik. Orada bizim aktyorlar çəkilib, amma Çingiz Mustafayevin  xronika kadrlarından bəhrələnmişik: "Gör uşağı nə günə qoyublar..." Burada həmin epizoda oxşar səhnə qurduq. Vertolyot sifariş etmək üçün  çəkiliş qrupundan uşaqlar Gəncəyə getdi. Şəxsən Surət Hüseynovun sərəncamı ilə vertolyotu bizə verdilər. Maraqlı bir hadisə baş verdi. Həmin gün çox  tutqun hava vardı. Çəkiliş qrupu tam heyətdə hazır idi, kamera, işıqlar, projektor qurulmuşdu. Həmin vaxt döyüşlər davam etdiyindən vertolyotun gəlməsi üçün koridor açılmışdı. Bildirmişdilər ki, "vertolyotu 2 saatlıq veririk. 2  saata çəkməsəz, vertolyot geri uçacaq". Filmin direktoru Q. Səfəroğlu dedi ki, vertolyot düz saat ikidə gəlməlidir. Biz çoxlu məşq etdik və saatı gözləməyə başladıq. Saat  13: 10, 13: 07, 13: 05... Vertolyot yoxdur. Q. Səfəroğluna dedim ki, vertolyot gəlməyəcək, o da əsəbi halda dedi ki, "yox, gələcək". 3-ə təqribən 1-2 dəqiqə işləmiş vertolyot səsi eşitdik, amma özü görünmürdü. Bir də gördük buludları yarıb başımızın üstündə bir dəfə dövrə vuraraq yerə endi. Eniş etməli olduqları yeri əlimlə göstərdim. İki pilot vardı. 1-ci pilot pəncərəni açıb rusca soruşdu ki, "operator kimdir?" Dedim ki, mənəm. Bildirdi ki, "2 saat vaxtınız var". C.Mirzəyev zarafatca dedi ki, "bax haa, məndən yox, səndən soruşurlar". Pilot cavabında dedi ki, "operator hər şeyi bilir, ona görə". Mən onlara narahat olmamalarını söylədim və çəkilişə başladıq.

Vertolyot işə düşmədi

Kənan Məmmədov: "Nə isə, 1 saat 40 dəqiqəyə həmin səhnəni çəkdik. İsmayıl rasiya vasitəsilə erməni ilə danışandan sonra qaçaraq kadrdan çıxır. Orada da vertolyot səhnəsni bitirdik. Pilota dedim ki, siz 2 saat dediniz, biz 20 dəqiqə tez bitirdik. Onlar çox məmnun qaldılar. Sağollaşdıq, onlar vertolyota mindilər. Verolyot işə düşmədi, pilotları təşvişə düşdülər. Onlardan biri qalxıb vertolyotun pərini sökdü, düzəltdi, düz saat 4-ə 3-4 dəqiqə işləmiş vertolyot işə düşdü. Üstümüzdə bir dövrə də vurub geri qayıtdılar. Həmin kadrları çəksəm də filmə daxil edilmədi, çünki davamda İsmayılın qaçış səhnəsi olmalı idi".

"Ögey ana" filmindən olan kadrların filmə salınması C.Mirzəyevin təklifi olur

Kənan Məmmədov: "Bir gün zəng vurub dedi ki, "sabah studiyada görüşək, sözüm var". Görüşdük, "dedi ki, beynimə bir fikir girib. İstəyirəm, uşaq İsmayılla buradakı İsmayılı birləşdirəm". Bu haqda ətraflı danışdı. Təklifini çox bəyəndim və dedim çox emosional səhnə alına bilər və alındı da.

Bayılda hərbi hissəyə əvvəldən gedib danışdıq. Hərbi maşınlar, əsgərlər-filan hazır oldu, S.İsgəndərli gəldi və vida səhnəsini orada çəkdik. Montaj vaxtı "Ögey ana" filmindəki epizodu ora birləşdirdik. Filmdə improvizələr, demək olar ki, olmayıb. Nə yazılmışdı, hamısı çəkildi, hamısı  da efirə getdi.

Film çəkilişləri bitəndə səsləndirmə mərhələsinə start verilir

Kənan Məmmədov: "Erməni dilində səsləndirmə prosesini o vaxt İrəvandakı Azərbaycan Dram Teatrının aktyorları Vidadi və indiki SOY prodakşının rəhbəri Oktay Əliyev həyata keçirdilər. Yeganə olaraq Məlik Dadaşov başqasının onun obrazını səsləndirməsindən imtina etdi. Bildirdi ki, "mənim səs tembrimi kim burada səsləndirə bilər, özüm ermənicə səsləndirəcəm. Siz həmin mətni erməni dilinə tərcümə edin və azərbaycanca yazın, qalanı sizlik deyil". M.Dadaşov həmin mətni evdə əzbərləyib səhərisi günü çəkilişdə səhvsiz mikrofonun qarşısında erməni dilində danışırdı. O qədər əzəmətli aktyor idi ki ..."

Kənan Məmmədov: "Filmin qaralama montajı bitmişdi, yəni, hələ axırıncı variant deyildi. C. Mirzəyev filmi mənsiz montaj etmirdi. Deyirdi ki, "sən materialın içindəsən, montajda yanımda ol". Hər şeyi məsləhətlə edirdik. C. Mirzəyev mart ayının 5-də həmin C. Cabbarlı adına kinostudiyada gəlib dedi ki, "gəl gedək kassaya, bəlkə məvacib verilir. Yoldaşıma 8 Mart üçün çəkmə almaq istəyirəm". Artıq gec idi deyə kassa da bağlı idi. Dedi: "Eybi yox, 1-ci gün alaram. Mənim haqqımda veriliş hazırlayıblar, "Ceyhun Mirzəyev rejissor və aktyor haqqında",  bazar günü efirə verəcəklər. İndi gedirəm telestudiyaya, görüm necə montaj ediblər".

2-ci gün görüşmək ümidi ilə ayrıldıq. Şənbə günü evdə çay içirdim, telefon zəng çaldı. Q. Səfəroğlu idi. Dedi ki, "Kənan, möhkəm ol, faciə baş verib, Ceyhun rəhmətə getdi". Sən demə, biz ayrılandan sonra o, telestudiyada olan vaxt halı pisləşir, evə aparırlar,  təcili yardım gələnə qədər isə keçinir. Onun ürəyi partlamışdı".

1994-cü ildə ssenari müəllifi V. Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı, elə həmin ildə quruluşçu rejissor və aktyor C. Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilib.

1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsində quruluşçu rejissor və aktyor C. Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə diplom və mükafat verilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.