Xərçəngi tək nəfəsdə tutacaqlar

29 İyun 2014 23:14
Tel-Əviv Universitetinin alimləri əcnəbi həmkarları ilə birlikdə ağciyər xərçəngini ən ilkin mərhələdə aşkarlamaq üçün cihaz icad ediblər.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ağciyər xərçənginin digərlərinə nisbətən ölüm riski daha çoxdur.

Bunun səbəbi isə odur ki, xəstəlik artıq irəlilədikdən, digər orqanlara metastaz verdikdən sonra özünü bəlli edir. 

İsrail, Amerika və Britaniya alimlərinin birgə kəşfi olan yeni aparat bu ağır vəziyyəti dəyişə bilər. Diaqnostikanın digər metodlarından fərqli olaraq bu cihaz şəkil çəkilərkən şüalanmanı, yaxud cərrahi müdaxiləni istisna edir.

"Nanouz" (NaNose) adı verilən nəfəs borusunu professor, pulmonoloq-onkoloq Nir Peled hazırlayıb. Mexanizm isə belədir: xüsusi nanoçip adi nəfəsvermə borucuğuna birləşdirilib. Onu yoxlamaq üçün təcrübədə 358 pasiyent iştirak edib, bunların bəziləri ağciyər xərçəngi riski qrupuna daxil olanlar, bəziləri isə artıq bu mərəzə yoluxanlar idi.

Professor Peled tədqiqatın nəticəsini belə şərh edib: "Bizim "Nanouz" ağciyər xərçəngini 90% dəqiqliklə müəyyən etdi. Hətta şişin ölçüləri çox xırda olub, biopsiyaya imkan vermədikdə belə, effektiv oldu. 5 haldan dördündə isə aparat bəd və xoşxassəli şişlər arasında uğurla diferensasiya etdi".

Milli.Az