25 min nəfər Facebook-u məhkəməyə verdi

12 Aprel 2015 23:25
Avstriyada 25 min istifadəçi Facebook sosial şəbəkəsinə qarşı kollektiv iddia qaldıraraq onu istifadəçi informasiyasının məxfiliyi sahəsində Avropa qanunvericiliyini pozması ilə əlaqədar məhkəməyə verib. İşə Vyana Məhkəməsi tərəfindən baxılacaq.

İddiaçılar Facebookun onların fərdi məlumatlarını toplamasından və istifadə etməsindən şikayətçidirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, fərdi məlumatların mühafizəsi məsələləri ilə məşğul olan hüquqşünas Maks Şremsin rəhbərliyi altında təşəbbüs qrupu tərəfindən tərtib olunan iddia sosial şəbəkənin Dublində yerləşən baş ofisinə qarşı sürülüb. Şirkətin bu mənzil-qərargahı ABŞ və Kanadadan kənarda hesabların qeydiyyata alınmasına məsuliyyət daşıyır.

İddiaçılar həmçinin bildiriblər ki, sosial şəbəkə istifadəçilər başqa saytlarda Facebookun Like düyməsindən istifadə edən zaman onları izləməklə qanunu pozur. Bu səbəbdən onlar şəbəkədən adambaşına 540 dollar məbləğində kompensasiya almaq niyyətindədirlər. Beləliklə, məhkəmə iddianı tam təmin etsə, Facebookun ödəyəcəyi kompensasiyanın ümumi məbləği 13,5 milyon dollar təşkil edə bilər.

Facebook nümayəndələri məsələyə hələ ki münasibət bildirməyiblər.

Milli.Az