Azərbaycanlı teleaparıcı: "Bəlkə də ürəyində qısqanır" - FOTOSESSİYA

23 İyul 2014 03:00
Teleaparıcı Aysel Nazimin Milli.Az-a müsahibəsi.

- Aysel xanım, aparıcılığa gedən yol sizin üçün haradan başladı?

- Bu mənim uşaqlıq xəyalım idi. Əslində mən dilçiyəm. Tərcüməçi, ingilis dili müəllimi. On il müəllimlik, tərcüməçilik etdim. Sonra düşündüm ki, bu müddət kifayət edər, artıq uşaqlıq xəyallarımın ardınca getməyin vaxtı gəlib çatıb. Bunun üçün peşəkar aparıcılardan dərs aldım və xəyallarım gerçək oldu.

- Başqa nələr xəyal edirdiniz?

- Demək olar ki, bütün arzularıma çatmışam.

- Əlçatmaz olan nədir bəs sizin üçün?

- Məncə, insan istədiyi hər bir şeyi əldə edə bilər. Təki istəsin və mübarizə aparsın. İnsan nə istədiyini bilirsə, bütün dünya bir yana çəkilib ona yol verir. Mən bu prinsiplə yaşayıram.

- Önünüzə "sədd" çəkənlər olub?

- Çox olub.

- Məsələn, nə etmək istəyiblər sizə?

- Hər şey artıq geridə qalıb və mən qalib gəlmişəm. Ona görə də bu barədə danışmağı yersiz sayıram, əsas nəticədir. Əslində, yaxşı ki, olub və mən mübarizə aparıb qalib olmuşam (gülür).

- Efirdən sizi görüb eşq elan edən olub?

- Xeyr, olmayıb.

- Ailə qurmusunuz?

- Bəli, bir oğlum var.

- Artıq neçə ildir ki, ailəlisiniz?

- Ailə qurduğum altı ildir.

- Həyat yoldaşınız sizin ilk sevginizdir?

- O, mənim ilk və son sevgimdir.

- Sizi qısqandığını hiss etmisiniz?

- Bəlkə də ürəyində qısqanır, amma bunu dilə gətirmir. Deyir ki, səninlə fəxr edirəm.

- İdman xəbərlərini aparmaq yaxşıdır, yoxsa başqa səpkidə bir veriliş?

- İdman xəbərlərinin aparıcısı olmaq mənim ürəyimcədir. Qadın idman aparıcısı - bu adı çox sevirəm.

- Özünüz bir dinləyici kimi ürəkdən hansı xəbərə sevinmisiniz?

- İdmançılarımızın qələbələrinə. Bir gündə dörd qızıl medal qazanmaq xəbərini eşitmək həqiqətən qürurvericidir.

- İdman xəbərlərini təqdim edən bir xanım kimi özünüz idmanla məşğul olursunuz?

- Əlbəttə, üzgüzüçülk və gimnastika ilə məşğul oluram.

- Futbolla maraqlanırsınız?

- Əlbəttə, futbol idmanın şahıdır.

- Maraqlıdır, kimin qapısına on bir metrlik cərimə zərbəsi vurmaq istərdiniz?

- Buffonun qapısına, çünki ən güclü qapıçı odur.

- Sarışın gözəl, yoxsa cazibədar xanım?.. Bu ifadələrdən sizə hansı daha uyğundur?

- Fərq etməz, hər ikisi uyğundur (gülür).

- Sizə kənardan baxmaq yaxşıdır, yoxsa üzbəüz?

- Mənim tamaşaçılarım mənə üzbəüz baxırlar.

- Sizdə olmayan nədir?

- Paxıllıq. İnsan üçün əksiklik sayıram paxıllığı.

- Paxıllığınız yoxdur ki?

- Əminliklə deyə bilərəm ki, yoxdur.

- Bəs qadınlara qarşı qadın qısqanclığı necə, var?

- Xoşuma gələn bir şeyi nümunə götürə bilərəm, amma paxıllıq etmərəm.

- Necə bir insansınız?

- İntizamlı və mübariz biriyəm.

- Gözləriniz ən çox sevincdən yaşarır, yoxsa kədərdən?

- Sevincdən, çünki kədərimi gizlətməyi yaxşı bacarıram.

- Sizi içinizdən qurd kimi "yeyən" nədir?

- Hələ bu vaxta qədər elə bir şey dadmamışam.

Cavidan Abdullayev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.