Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edənlər tutulublar - YENİLƏNİB - VİDEO - FOTO
25 İyun 2014 14:26
14:26
Daxili İşlər Nazirliyi Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən dəstə üzvlərinin adlarını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, zərərsizləşdirilən dəstə üzvləri Bakı şəhər sakinləri - 24 yaşlı Əli Həsənli, 19 yaşlı Şamxal Məmmədov, 20 yaşlı Zaur Hüseynov, 22 yaşlı, Ağsu sakini Mirəli Gəraylı və 25 yaşlı, Bərdə sakini Sadiq Abbasovdur.
Məlumatda qeyd olunur ki, mütəşəkkil dəstənin başçıları Əli Həsənli və Şamxal Məmmədovdur. Onlar əvvəlcədən əlbir olaraq xüsusi maskalar əldə ediblər. Daha sonra isə Suraxanı rayonunda yerləşən "LUKoil" yanacaqdoldurma məntəqəsinə basqın planını qurublar. Dəstə üzvləri basqın zamanı "Tofaş" markalı avtomobildən istifadə ediblər.
Yanacaqdoldurma məntəqəsini qarət etdikdən sonra dəstə başçısı Ə.Həsənli Suraxanı rayon sakini, 1976-cı il təvəllüdlü Aynurə Bayramovanın evinə basqın edib. O, ev sahibəsini hədələyərək, mənzildən 220 manat pul və qızıl-zinət əşyalarını da götürərək hadisə yerindən qaçıb.
Hazırda tutulan dəstə üzvlərinin digər cinayətlərinin olub-olmadığı araşdırılır.
Daxili İşlər Nazirliyi həbs olunan dəstə üzvlərinin fotolarını da APA-ya təqdim edib.
---------
12:01
Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən dəstə zərərsizləşdirilib.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 24-də paytaxtın Suraxanı rayonu ərazisində "LUKoil" yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan külli miqdarda pul və digər əşyalar oğurlayan 5 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri iyunun 25-də Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.
Onlardan maddi sübut kimi yanacaqdoldurma məntəqəsindən oğurlanan monitor və xüsusi geyim vasitələri götürülüb. Həbs edilən dəstənin üzvləri haqqında əlavə məlumat veriləcək.
Qeyd edək ki, məlum hadisə iyunun 24-ü saat 04.15 radələrində Qaraçuxur qəsəbəsində baş verib. Operatorların otağına daxil olan dörd nəfər maskalı silahlı şəxs kastetlə orada işləyən 26 yaşlı Elvin Kərimova başından xəsarətlər yetirib, 21 yaşlı Röyal İsmayılova isə dəmir parçası ilə zərbələr endirib. Bundan sonra maskalı şəxslər onların əl-qolunu "skotç"la bağlayıblar.
Basqın nəticəsində 6 nömrəli "LUKoil" yanacaqdoldurma məntəqəsindən 5 min manatdan çox pul və videomüşahidə sisteminin bloku oğurlanıb. Ağır xəsarətlər almış E.Kərimov xəstəxanaya yerləşdirilib.
Milli.Az
------------
14:26
Böyütmək üçün şəkillərə klikləyin.
Videonu izləmək üçün şəklə klikləyin.