Messini gördük, bəs Argentina komandası hanı?

25 İyun 2014 10:03

Bu gün "F" və "E" qrupunda da son oyunlar keçiriləcək

Dünya çempionatının qrup mərhələsinin oyunları yavaş-yavaş sona çatır. İyunun 25-i, Bakı vaxtilə saat 21:00-da "F" qrupunda eyni vaxtda başlayacaq Nigeriya-Argentina və Bosniya-İran qarşılaşması ilə növbəti mərhələyə çıxacaq daha bir komandanın adı bilinəcək. Məlumdur ki, 6 xal toplayan Argentina millisi Nigeriya ilə oyunun nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə vəsiqə qazanıb. İkinci vəsiqənin sahibi isə bu gün məlum olacaq. Bu qrupun qalibləri  pley-off mərhələsində Fransa, İsveçrə, Ekvador və Hondurasın təmsil olunduğu "E" qrupunun iki komandası ilə qarşılaşacaq. Onlardan birinin adı artıq məlumdur. Bu, Fransa millisidir. Bu gün "E" qrupunda da bütün suallara aydınlıq gələcək. Başlayaq "F" qrupundan.
 
Argentina iki oyunda Messinin vurduğu iki həlledici qolla qalib gələrək bu qrupda liderliyə yüksəlib. Əvvəl Bosniya və Herseqovina millisinə 2:1 qalib gələn argentinalılar İran yığması ilə görüşün son dəqiqələrində fərqlənməyi bacarıblar: 1:0.

Bugünkü rəqib Nigeriyanın isə 4 xalı var. Afrika təmsilçiləri İran millisi ilə qolsuz bərabərliyə qalsalar da, Bosniyaya 1:0 hesabı ilə qalib gələrək mundialda şanslarını son tura bağlayıblar.

Argentina millisinin final mərhələsinə vəsiqə qazanmasına baxmayaraq, bu komanda azarkeşlərini ürəkdən sevindirə bilmir. Keçirdikləri iki oyunda alınan minimum nəticə də bu komandada işlərin qaydasında olmadığını göstərir. Argentina kəsərli hücumlar edə bilmir, müdafiə xətti tez-tez səhvlərə yol verir.

Komandanın hər iki oyununda qələbə topunu Messi vurub. Komanda növbəti mərhələyə vəsiqə qazandığı üçün də yalnız bu ulduz oyunçuya minnətdar olmalıdır. Argentinanın  Qaray, Kampanyaro, Roxo, Fernandes, Di Mariya, Rodriges, Maskerano, Messi və  Aquero kimi oyunçular ilə mundialın zəif bəndlərindən olan Bosniyanı və İranı zorla udub. Bu zorla isə yalnız Messinin dəqiq zərbələri sayəsində hələ ki tənqidə dözümlü olur. Necə olsa axı, sonda qələbə var... Amma xüsusilə İranla oyunda Argentinanın 89 dəqiqə rəqib qapısına yol tapa bilməməsinə nə ad vermək olar? Bunun adı nədirsə, Argentina çempion olacaq deyil...

Argentina kimi iddialı və mükəmməl heyətə malik bir komanda İranın müdafiəsini dağıda bilmirsə və yalnız sonda Messinin rəqibin cərimə meydançasından kənardan qol vurması ilə qələbə qazanırsa, bu, dünya çempionluğu üçün kifayət etməyəcək. Argentinanın öndə oyunu alınmır, komandanın hücumçuları və yarımmüdafiə rəqibin cərimə meydançasına ya girə bilmir, ya yekunu gətirməyi bacarmır.  Messi və Aqueronu topla təmin etməli olan yarımmüdafiəçilər - Fernandes, Di Mariya və Rodriqes yalnız özləri qol vurmaq üçün əbəs yerə çalışırlar. Bu komandanın oyununun alınmadığını görmək üçün futbol mütəxəssisi olmaq lazım deyil. Diqqətli azarkeşin gözü həm də tərəzidir...

Argentina bu mundialda hələ uduzmasa da Amerika qitəsindən mundiala qatılan komandalardan zəif oyun nümayiş etdirir. Bunu həm də vurulan qolların statistikası da göstərir. Maraqlananlar müqayisə edə bilərlər...

Argentina növbəti mərhələyə vəsiqə qazansa da, bu gün onu bəlkə də qrupda ən çətin oyun gözləyir. Rəqib yox, məhz oyun... Bu mundialda  yorğun və  hücumda dişsiz görünən Nigeriya da iki oyunda  uduzmayıb. Afrikalılar İranla heç-heçədən sonra Bosniyaya minimal hesabla qalib gələ biliblər. Əvvəl də bu qrupda ikinci vəsiqəyə Nigeriyanın  sahiblənə biləcəyi haqda proqnozlar vardı. Amma Nigeriya da özünə xas əzmkarlıq və sürətli futbol sərgiləyə bilmir. Hər halda, iki oyunun nəticəsi də belə deməyə əsas verir. Emmanuel Emenike, Viktor Moses,  Oşaniva, Oboabona, Azeez, Onazi və  Omeruodan ibarət yarımmüdafiə və hücum xətti  sonluğu gətirə bilmir. Xüsusilə hücum xətti ləng və təpərsizdir. Ənənəvi aqressiv Nigeriya futbolu indi meydanda yoxdur. Amma bu gün Nigeriyanın nəhayət ki, özünü toparlayıb argentinalılara həm də dərs verməsi, bəlkə də oyatması lazım...

Nigeriyanı əslində heç-heçə də qane edir. Amma Nigeriya Argentinaya 2 top fərqi ilə uduzarsa, İran isə hər hansı hesabla Bosniyaya qalib gələrsə, növbəti mərhələyə cənub qonşularımız vəsiqə qazanacaqlar. O səbəbdən də Nigeriya bu gün Argentinanı udmaq üçün oynayacaq. Udsa, qrup lideri afrikalılar olacaqlar və Argentina o zaman Fransa millisi ilə qarşılaşmağı göz önünə almalıdır. Beləliklə, Nigeriya ilə oyun Argentinanı növbəti mərhələdən kənarda qoya bilməz, amma Fransa ilə qarşılaşdıra bilər. Argentina isə Fransa ilə indi qarşılaşmaq istəməz... Ona görə bugünkü oyun maraqlı və gərgin olmağı vəd edir.  Messini gördük, bəs Argentina  özünü göstərə biləcəkmi?

Saat 21:00-da "F" qrupunda bütün şanslarını itirmiş Bosniya millisi ilə İran qarşılaşacaq. İran bu mundialda gözlənildiyindən daha keyfiyyətli oyun göstərdi. İran da artıq yavaş-yavaş rəqibləri üçün təhlükəli olur və bu komandanın mundiallarda  uğurları mütləq olacaq. İran futbolu komandaların  tünlüyü yaranmış Asiya qitəsindən Avropaya keçid mərhələsini yaşayır. Portuqaliyalı baş məşqçi Karlos Keyruş rəhbərliyi ilə İran futbolu ənənəvi qlafından çıxır. İran millisi bu mundialda əsl komanda oyunu göstərdi. İranın minimal da olsa növbəti mərhələyə çıxmaq imkanı olduğundan bu gün onlar Bosniya millisinə qalib gəlməyə çalışacaqlar.

İlk dəfədir belə mötəbər turnirə vəsiqə qazanan Bosniya da pis oyun göstərmir. Baş məşqçi Saffet Suşiçin Braziliya mundialına  gətirdiyi Emir Spahiç ("Bayer" Leverkuzen), Ermin Biçakçiç ("Ayntraxt"), Məhəmməd Beşiç ("Ferençvaroş"), Miralem Pyaniç ("Roma"), Edin Dzeko ("Mançester Siti") və Vedad İbişeviç ("Ştuttqart") kimi futbolçular üçün bu mundial yaxşı təcrübə oldu. Bukmeykerlər bu oyunda daha çox heç-heçəyə ümid edirlər.

"E" qrupunda da Fransadan başqa özünü rahat hiss edən komanda yoxdur. İsveçrə üzərində böyük hesablı qələbədən sonra (2:5) Fransa 1/8 finala vəsiqə qazanıb. İlk turda Hondurasa 3:0 qalib gələn Fransa mundialda ən çox qol vuran komandadır. 

Bu qrupun digər iddialı komandası İsveçrə ilk oyunda Ekvadora 2:1 hesabı ilə qalib gəldiyi üçün aktivində 3 xalı var. İsveçrəlilərin heyətində Gökhan İnler,  Rodriqes,  Lixtştayner və Cerdan Şakiridir ki, mundialda yaxşı oyun göstərirlər. Fransa ilə oyunda müdafiə bərbad işlədi və nəticə ağır oldu. Amma komandanın baş məşqçisi Ottmar Xitsfeld şübhə etmir ki, növbəti mərhələyə onla çıxacaq.

Bu gün isveçrəlilər Honduras yığması ilə qarşılaşırlar və onlara mütləq qələbə lazımdır. Ekvadorun işi isə çətindir. Növbəti mərhələ üçün onlar da Fransaya qalib gəlməlidirlər. Hər iki oyunda heç-heçə olsa, yenə isveçrəlilərin şansı daha çoxdur. Çünki aralarında keçirilən oyunda İsveçrə ekvadorlulara qalib gəlib...

Yeni Müsavat

Böyütmək üçün şəkillərə klikləyin.



DÇ-2014-ün bütün xəbərləri burada.