İran İraqa qoşun yeritdi

23 İyun 2014 20:18

Kürdlərlə İŞİD arasında elan edilmiş atəşkəs qüvvədən düşdü

İran Kərkükü "İraq və Şam İslam Dövləti" (İŞİD) yaraqlılarından qorumaq üçün şəhərə xüsusi təlim keçmiş 500 əsgər göndərib.

Anspress-in məlumatına görə, bir sıra şiə türkmən millət vəkillərinin İrandan dəstək gəlməsi üçün çağırışlar etməsindən sonra bu addım atılıb. Kərkük qubernatoru, milliyətcə kürd olan və Türkiyənin varlı kürd ailələri ilə qohumlaşmış Nəcməddin Kərim isə şiə türkmənlərin bu tələbinə qarşı çıxmışdı.

Ancaq Kərimin bütün etirazlarına baxmayaraq İran bölgəyə əsgər göndərdi. İranın xüsusi təlim görmüş 500 əsgəri təyyarə ilə Kərkük şəhərinin Hürriyə hava limanına göndərilib. Müasir silahlarla təchiz edilmiş əsgərlər İranın "Qüds Gücü 4" alayına məxsusdurlar.

Bununla da kürd silahlıları ilə İŞİD arasında Kərkükdə elan edilmiş atəşkəs qüvvədən düşüb. Şiə Mehdi Ordusunun Kərkükdə keçirdiyi hərbi mərasimi və şiə qrupların şəhərdəki aktivliyini bəhanə kimi göstərən IŞİD kürd qüvvələrinə qarşı hücumlarını bərpa edib.

Kürdlər isə iddia edirlər ki, İran Nuri əl-Malikiyə dəstək vermələri üçün Kərkükü kürdlərə təklif edib. Amma bu, o qədər də inandırıcı görünmür. Çünki bu addım Tehranla Ankara arasında qarşıdurmaya səbəb ola bilərdi.

İran isə keçən həftə 3 gün Kərkükdəki tədricən şiə ərəb tayfaları, türkmənlər və kürdlərlə danışıqlar aparıb. Daha sonra İranın Süleymaniyyə baş konsulluğu hesabat yayıb ki, Kərkük mühafizə altına alınmalıdı ki, Kərkükü aşa bilməyən İŞİD cənuba keçə bilməsin. Bu, İranı hərəkətə keçməyə məcbur edib.

Milli.Az