Dondurmaya vurulan bu qatqıdan xəbəriniz var?

21 İyun 2014 10:44
 Eyyub Hüseynov: "Problem yalnız dondurmaların markalanmasında deyil, həm də tərkibindədir"
Havaların daha da istiləşməsi dondurmalara olan tələbatı artırıb. İsti havaların bəlkə də bir nömrəli qidası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd məhsulları arasında xüsusi yer tutur. Amma təəssüf ki, yaz-yay mövsümündə seçib sevə-sevə aldığımız dondurmalar arasında saxta məhsulların artdığı müşahidə edilir. Bu isə insan həyatı üçün təhlükəlidir.

Mütəxəssislərə görə, dondurmadakı yağlılıq 3 faizdən az olmamalıdır. Ekspertlər hesab edirlər ki, Azərbaycandakı dondurmaların 80 faizi quru süddən hazırlanır, 50 faizinə isə kərə yağı əvəzinə bitki yağı vurulur. Dondurma satışda 5 gün qala bilər, ancaq bir aya qədər saxlanılır. Bir neçə gün əvvəl İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "S.A.B.A. Şirkəti" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə, istehlakçıların çaşdırılmasına səbəb olan dondurmaların istehsal edildiyi müəyyən olunub.

Nazirliyin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, yoxlama zamanı "Charlie", "Saturn" və "Lunnıe Noçi" əmtəə nişanlı dondurmaların ön tərəfindəki markalanma məlumatlarının, habelə "Stakanik", "Ice dream", "SSSR" və "QOST" adlı dondurmaların adları və ön tərəfindəki markalanma məlumatlarının istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada yalnız xarici dildə verildiyi müəyyən edilib. Bundan başqa, "Saturn" əmtəə nişanlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə məlumatın verilmədiyi, "Baton" karamelli və "Lovetta" adlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi aşkarlanıb. Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "S.A.B.A. Şirkəti" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Biz də bu dondurmaların satışda olub-olmadığını öyrənmək üçün bir neçə ərzaq mağazasına baş çəkdik. Satışda müxtəlif adda, o cümlədən SSRİ dondurmasına da rast gəldik. Satıcıdan bu dondurmanın harada istehsal olunduğunu soruşduq. O, SSRİ  dondurmasının harada istehsal olunmasından xəbərsiz olduğunu dedi. Mağazalarda daha çox yerli və Türkiyə istehsalı olan dondurmalara rast gəldik. Rusiya istehsalı olan dondurmalar isə azlıq təşkil edirdi. Satıcılar daha çox yerli dondurmaların satıldığını dedilər. Ancaq bəzi dondurmalar vardı ki, onların istehsal tarixi yox idi. Satıcıdan dondurmanın istehsal tarixinin niyə olmadığını soruşduqda isə o, dondurmaların firmadan o cür gəldiyini və istehsal tarixinin olub-olmamasına diqqət etmədiklərini bildirdi. 

Bu cür saxta, rus adları olan və istehsal tarixi olmayan dondurmalarla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da fikrini aldıq. E.Hüseynov dondurmaların həm markalanmasında, həm də tərkibində problemlər olduğunu dedi: "Mənim Londondan qonağım gəlmişdi. O, SSRİ dondurmasını görən kimi gedib onun şəklini çəkdi. Təəccüblə məndən soruşdu ki, Azərbaycan vətəndaşları SSRİ-dən ötrü yəni bu qədər çox darıxıblar ki, dondurması brend kimi ortalığa çıxıb? Mən çox pis oldum. Əlbəttə ki, bu mənim pis işləməyimin nəticəsidir. Çox təəssüf ki, ölkədə istehlakçılar üçün məlumat standartı yoxdur. Baxmayaraq ki, Elmlər Akademiyasında bu işlərə, markalanmaya nəzarət edən qurum var, o da neçə illərdir bir iş görə bilməyib. İndi Qulu Məhərrəmli Elmlər Akademiyasında monitorinq qrupunun rəhbəri təyin olunub. Tanınan jurnalist Qulu Məhərrəmli din normalarının gözlənilməsi və markalanma mərhələsində ciddi dəyişikliklər aparacaq. Bizim əməkdaşlığımız da başlayacaq. Problem yalnız dondurmaların markalanmasında deyil, həm də tərkibindədir. Hər həftə bizə istehlakçılar tərəfindən dondurmaların keyfiyyəti barədə 5-6 telefon zəngi daxil olur.

Dondurmaların ərzaq məhsulu olaraq son mühüm parametrlərindən biri yararlılıq və saxlanma müddətidir. Dondurmaların mənfi 18 dərəcədən yüksək olmayan temperaturda saxlanma şkalası belədir: Süni dondurmalar 1 ay, qaymaqlı dondurmalar 1,5 ay, plombirlər 2 ay,  pirojna, tort və kekslər 15 gün, meyvəli, giləmeyvəli və aromatik dondurmalar isə 1, 5 ay müddətində saxlana bilər. Lakin mənfi 18 dərəcədən aşağı temperaturda dondurmanın ən çox saxlanma müddəti 10 ay ola bilər. Bu, standartların müəyyən etdiyi normalardır. İstehlakçılar bilməlidir ki, dondurmanı dilin üstünə qoyanda təzə qaymaq dadı verməlidir. Çünki süd məhsuludur. Lakin Azərbaycanda satılan dondurmaların 70 faizinə standartların əksinə olaraq yağlılığını artırmaq üçün kərə yağı əvəzinə piylər, marqarinlər və bitki yağları qarışdırılır. Ona görə də boğazda acılıq dadı verir".

E.Hüseynov 8-ə yaxın dondurma sexində monitorinqlər apardığını dedi: "Biz monitorinqlər apardıq və yalnız "İceland" dondurma sexinin qida təhlükəsizlik nişanına uyğun gəldiyini müəyyən etdik".

musavat.com