Azərbaycanlı aktrisa: "Mənə eşq etirafları çox olub" - FOTOSESSIYA

14 İyul 2014 02:30
Əməkdar artist Gülər Nəbiyevanın Milli.Az-a müsahibəsi.

- Gülər xanım, kifayət qədər səhnə təcrübəniz var. Maraqlıdır, bu sahəyə sizi "dartıb" gətirən amil hansı oldu?

- Uşaqlıq illərimdən etibarən bədii ədəbiyyatın vurğunu olmuşam. Qiraəti yaxşı bacarırdım. Müxtəlif tədbirlərdə şeirlər söyləməklə çıxış edirdim. Bunu görən müəllimlərim atama dedilər ki, Gülərin yaxşı bacarığı var. Onu incəsənət sahəsinə yönləndirsəniz, yaxşı olar. Atam da razılaşdı. Çünki onun özü də teatrı, ümumiyyətlə incəsənəti çox sevirdi. Özünün də gözəl səsi var idi. Beləliklə, Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum. Orada oxuya-oxuya Bakı Kamera Teatrında işləməyə başladım. Sözügedən teatr Gənc Tamaşaçılar Teatrı ilə birləşdikdən sonra mən də buraya gəldim. O vaxtdan bu günə qədər fəaliyyətimi burada davam etdirirəm.

- Sizcə, Gülər Nəbiyeva nə dərəcədə məşhurdur?

- Onu mən deyə bilmərəm. Teatra mütəmadi olaraq gələn tamaşaçılar tərəfindən azdan-çoxdan tanınıram. Amma hər halda, tam məşhur olmaq üçün efirlərə çox ehtiyac var. Seriallarda, filmlərdə çəkilmək çox önəmlidir bu baxımdan.

- Məhz elə bu baxımdan seriallara nə dərəcədə dəvət alırsınız?

- Təkliflər olmağına olur. Məsələn, sonuncu dəfə "Qisas" serialında çəkildim. İndi isə "Durnalar qayıdanda" adlı serialda rol alıram.

- Neçə ildir ki, ailə həyatı qurmusunuz?

- Artıq altı ildir ki, ailəliyəm.

- Neçə övlad sahibisiniz?

- Çox təəssüflər ki, övladım olmur.

- Nisbətən gec ailə qurmusunuz... Maraqlıdır, bu evlilikdən öncə sevgi etirafları eşitmirdiniz?

- Mənə olunan eşq etirafları çox olub. Lakin mən belə məsələləri həmişə qismətlə əlaqələndirmişəm. Deməli, qismət belə imiş ki, bu da oldu. Həyatımdan çox razıyam.

- Həyat yoldaşınız hansı peşənin sahibidir?

- Biz eyni sahənin nümayəndələriyik, o da aktyordur.

- Fikirlərinizin üst-üstə düşmədiyi anlar olur?

- Olur, ailədaxili kiçik söhbətlər hər bir ailədə olur. Amma biz yaxşı yola gedirik. Sadəcə olaraq, sırf sənət baxımından ara-sıra sözlərimiz çəp gəlir (gülür).

- Həyat yoldaşınızın aktyor olduğunu nəzərə alsaq, o sizi sənət baxımından yaxşı başa düşməlidir. Məsələn, o sizə açıq-saçıq səhnələrdə oynamağa icazə verər? Necə düşünürsünüz?

- Teatrda açıq səhnələr oynamışam. Amma tam açıqlığı ilə olmayıb. Hər şey üstüörtülü olanda gözəl və baxımlı olur. O ki qaldı icazə məsələsinə, o mənə icazə versə də, mən açıq-saçıq səhnələrə çəkilmərəm. Çünki Azərbaycanda bu alınmır və mentalitet baxımından qəbul olunmur.

- Sizi səhnədən "itələyib" yıxmaq istəyən olub?

- Xeyr, uzun illərdir ki, bu sənətdəyəm, amma belə bir halla qarşılaşmamışam.

- Bildiyimə görə, siz şeir də yazırsınız...

- Elədir, hərdən içimdəki duyğuları kağızın üzərinə köçürürəm. Nəsə cızma-qara edirəm.

- Yaşınız simanızda elə də əks olunmur. Çox gənc görünürsünüz. Sizcə, bu görkəm sizə istənilən rolu oynamağa imkan verir?

- Əslində, rol baxımından qorxum yoxdur. Əsas budur ki, rejissor səni o rolda görsün. Mən gedib rejissora deyə bilmərəm ki, mənə filan rolu ver. O hər hansı bir rola məni uyğun görüb təklif edirsə, bunu dəyərləndirirəm və qəbul edirəm. Heç vaxt rol arzusunda olmamışam. Həvalə olunan rolları oynamışam.

- Baş rol da istəməmisiniz?

- Xeyr, onu da istəməmişəm.

- İndi bir çox teatrlarda aktyor, yaxud da aktrisalar rol üstündə bir-birindən küsürlər. Aralarında inciklik, bir qədər də paxıllıq və qısqanclıq yaranır desək, yerinə düşər. Sizdə belə hallar olubmu?

- İnanın mənə, tam səmimi deyirəm, mənə dublyor veriləndə çox sevinirəm. Sevinirəm ki, mənim işim çıxanda, ya xəstə olanda o məni əvəz edəcək.

Cavidan Abdullayev
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.