Fransaya Kərim, Kosta-Rikaya qənim... - FOTOSESSİYA

20 İyun 2014 10:36

Bu gün İtaliya çempionatın sürpriz komandası ilə qarşılaşır; İsveçrə millisini fransızlarla çətin oyun gözləyir

Bu gün, iyunun 20-də Bakı vaxtilə saat 21:00-da Braziliya mundialının "D" qrupunun ikinci turunda İtaliya və Kosta-Rika milliləri qarşılaşacaq. İyunun 21-i, saat 00:00-da isə "E" qrupunda İsveçrə-Fransa görüşü başlayacaq. Bu qrupda digər oyun isə saat 03:00-da Honduras-Ekvador milliləri arasında olacaq.
 
Saat 21:00-da başlayacaq qarşılaşmada hər iki komanda ilk turda qalib gəlib və aktivlərində 3 xalları var. İtaliya İngiltərəyə (2:1), Kosta-Rika isə Uruqvaya (3:1)qalib gəlib. Uruqvay-İngiltərə oyunun nəticəsindən asılı olmayaraq, bu oyunda qolsuz bərabərlik turnir cədvəlində dəyişiklik etməyəcək və hər şey son turda həll olunacaq. 

Kosta-Rika və İtaliya indiyədək yalnız iki dəfə qarşı-qarşıya gəliblər. 1984-cü il Yay Olimpiadasında Kosta-Rika italiyalılara 1:0 hesabı ilə qalib gəlib. 1994-cü il yoldaşlıq görüşündə isə italiyalılar sevinən tərəf (1:0) olublar. FİFA-nın son reytinq cədvəlində İtaliya 9-cu, rəqibləri isə 28-ci sırada qərarlaşıblar. Bu qrupdan növbəti mərhələyə çıxan iki komandanın mundialda irəliləmək şansı, zənnimizcə, daha çox olacaq. Çünki pley-off mərhələsində bu komandaların rəqibi nisbətin zəif "C" qrupunun qalibləri (böyük ehtimalla, Kolumbiya və Kot-d`İvuar) olacaq. 

Kosta-Rika ikiqat dünya çempionu Uruqvayı məğlub etməklə artıq çempionatda ilk sensasiyaya imza atıb. Üç dünya çempionunun (İngiltər, Uruqvay və İtaliya) yer aldığı "ölüm qrupu"nda Kosta-Rika əlbəttə ki, autsayder sayılırdı. Uruqvayla oyunda birinci hissədə məğlub olan Kosta-Rika  ikinci hissəyə  daha yüksək tempdə başladı və onlar 3 dəqiqə ərzində rəqib komandanın qapısına 2 qol vurdular. Oyunun 54-cü dəqiqəsində Kempbell, 57-ci dəqiqədə isə Duarte fərqləndi. Uruqvay özünü toparlayanadək Şimali Amerika komandası matçda son nöqtəni qoydu.

Əslində Kosta-Rikanı autsayder hesab etmək o qədər də doğru deyildi. Çünki Şimali Amerika zonasında xal hesabında yalnız ABŞ-dan geri qalan Kosta-Rika dünya çempionatına birbaşa vəsiqə qazanmışdı və keçirdiyi oyunlarda cəmi iki dəfə məğlub olmuşdu. Komandanın mundiallarda iştirak təcrübəsi də var. Komanda 1990, 2002 və 2006-cı illərdə keçirilən dünya çempionatlarında iştirak etsə də, uğurlu oyunu ilə yadda qalmayıb.

Uruqvayla oyundakı qələbəyə gəlincə, bu daha çox Kosta-Rikanın inadkarlığı deyil, uruqvaylıların xüsusilə müdafiə xəttinin zəifliyinin nəticəsi kimi izah edilməlidir. Yəni Kosta-Rika güclü deyildi, Uruqvay daha zəif oynadı  demək daha doğru qiymətləndirmə olardı. Amma ədalət naminə  şimali amerikalıların hücum xəttində Bryan Ruis, Coel Kempbell,  Marko Urenya, Borxe, Bolanaos, Dias və  Qamboa kimi oyunçuları var  ki, Uruqvayla oyunda meydana çıxanlar həqiqətən də qalib gəlmək üçün var-güclə ilə çalışdılar. Qonsales və Duarte cütlüyü isə uruqvaylıların hücumları qarşısında sipər kimi müdafiəni təşkil edə bildilər.

Kosta-Rikanın bugünkü rəqibləri İtaliya taktikalı və sürətli futbolu sevir, xüsusilə ingilislərlə oyunda Prandellinin komandasının yarımmüdafiəsi seçildi və ingilislərə orta xətdə oynamağa imkan vermədilər. Baş məşqçi Prandellinin rəhbərliyi ilə İtaliya millisinin sevdiyi sipər müdafiə futbolundan tədricən güclü hücum taktikasına keçdiyi göz önündədir. Amma yenə də  daha çox müdafiə futbol taktikasına - 4-3-2-1 sisteminə üstünlük verilməsi İtaliyaya tam açıq futbol oynamağa imkan vermir. İtaliya millisinin əvəzedilməz "topdaşıyanı" Andrea Pırlo yaşlanmasına baxmayaraq, ilk oyunda yenə də komandada "1 nömrəli faydalı oyunçu" olduğunu göstərdi. Böyük ehtimalla, Kosta-Rika ilə oyunda da yenə Markizionu dayaq yarımmüdafiədə, Pirlo və De Rossini meydanın mərkəzində görəcəyik. Hücum xəttində isə Prandelli hələ ki, Mario Balotelliyə güvənir.  Balotellinin ingilislərlə oyunda həlledici qol vurmasına baxmayaraq, hücum xəttində çox da təhlükəli deyildi. İtaliya millisinin qapıçısı Canluici Bufffon böyük ehtimalla Kosta-Rikaya qarşı keçiriləcək oyununu da buraxacaq.

Zədəsini tam sağaltmayan 36 yaşlı qapıçı Uruqvayla sonuncu matçına qədər hazır olacağı deyilir. 

Nüfuzlu bukmeker kontorları bu oyunda İtaliyanın qələbəsini daha çox gözləyir. Kosta-Rika italiyalılarla oyunda müdafiəyə daha çox diqqət yetirəcək və qazandıqları uğuru heç olmasa, heç-heçəylə qorumağa çalışacaqlar. Kosta-Rika İtaliya ilə oyunda da qalib gəlsə...
 
İsveçrə-Fransa millisi arasında görüş "E" qrupunun mərkəzi qarşılaşması hesab olunur. İsveçrə ilk oyunda Ekvador millisi ilə çətin oyunda 2:1 hesabı ilə qalib gəlib, Fransa isə Hondurası inamlı hesabla-3:0 məğlub edib. Fransızlar, şübhəsiz ki, hər baxımdan qrupdakı rəqiblərindən üstündür. Amma müasir futbolda hər şeyi təkcə mundial təcrübəsi və ulduz oyunçularda həll etmir. ...Fransa və İsveçrə indiyədək 27 dəfə qarşılaşıblar. Bunlardan 12-də İsveçrə, 15-də isə fransızlar qalib gəlib. 9 oyun isə heç-heçə nəticələnib.

Heç kim Ekvador millisinin təcrübəli və xeyli gəncləşmiş  İsveçrəyə belə dirəniş göstərəcəyinə inanmırdı. Hesabı Valensiyanın 22-ci dəqiqədə vurduğu qolla açan Ekvador millisi açıb. 48-ci dəqiqədə Behrani hesabı bərabərləşdirib, qələbə topunu isə əlavə olunmuş dəqiqələrdə Seferovic vurub.

İlk oyunda İsveçrə millisinin kapitanı Gökhan İnler fərqlənə bilməsə də, böyük ümidlər verən Cerdan Şakirinin (bəzən isə onun adı Şaqiri yazılır) fəallığı nəzərdən qaçmadı. Rikardo Rodriqes də özünü göstərə bildi. 2011-ci ildən milli komandada oynayan 21 yaşlı Rodriqes, şübhəsiz ki, baş məşqçinin ümidini doğrultmuş sayıla bilər. Fransa ilə bugünkü oyunun nəticəsi müdafiənin necə qurulmasından çox asılı olacaq. İsveçrə müdafiəsi bu il "Volfsburq"da yaxşı mövsüm keçirən Rodriqesdən çox asılıdır. İsveçrəylə qarşılaşmada əsas diqqət Fransa millisinin hücumçusu Kərim Benzemaya yönələcək. Hondurasla oyunda dubl edən "Real"ın hücumçusu bu mundialın ən yaxşılarından olmaq iddiasındadır. İlk oyunda vurduğu qollar da bunu təsdiq edir.

Baş məşqçi Didye Deşam Fransa millisini yenidən qurmaq istəyir və deyəsən, yavaş-yavaş buna nail olur da. Kərim Benzema ("Real"), Olivye Jiru ("Arsenal"), Anton Qrizman ("Real Sosyedad") və Loik Remi ("Kvin Park") kimi hücumçular olan Fransa millisi əlbəttə ki, bugünkü qarılaşmada qrup liderliyinə yüksələ bilər. Fransanın inamlı qələbəsi hələ komandanın mundiala yaxşı hazırlaşdığı və çempion iddialarını təsdiqləmir. Bugünkü oyun Fransa üçün daha ciddi yoxlamadır.    

Honduras mundialın ən zəif komandasıdır və bu qrupda, çətin ki, nəyəsə nail ola bilsinlər.
Honduras-Ekvador matçı da qrupdakı son vəziyyətə xüsusi təsiri olmaya bilər. Amma Ekvador Hondurasa qalib gəlməklə son ümidini Fransa ilə oyuna bağlamağı hədəfləyib. İsveçrə Fransanı udsa, Ekvadorun iştahası son oyunda daha da artacaq. 

Yeni Müsavat

Böyütmək üçün şəkillərə klikləyin.


Dünya Çempionatı-2014 haqda bütün xəbərlər burada.