Azərbaycanlı biznesmeni öldürən şəxs həbsxanadan qaçıb - FOTO

20 İyun 2014 09:34

Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk vilayət şöbəsinin rəhbəri, biznesmen İqbal Mahmudovun qətlində ittiham olunanlardan biri Cavid Ağalarov saxlanıldığı istintaq təcridxanasından qaçmağa müvəffəq olub

Milli.Az xəbər verir ki, bu barədə aznews.az-a məlumat verən mərhumun qardaşının həyat yoldaşı Taisiya Mahmudova bildirib ki, hadisə dünən yerli vaxtla saat 2-də baş verib.

Onun sözlərinə görə, C.Ağalarov səhhətinin pisləşdiyini bəhanə gətirərək, xəstəxanaya aparılmasını istəyib. Bu zaman onu "Donetsk Xalq Respublikası" geymində olan silahlı şəxslər gözləyiblər.

Taisiya Mahmudova bildirib ki, silahlılar konvoyu hədələyərək, C.Ağalarovu onlara təhvil verməyi tələb ediblər. Və beləliklə, C.Ağalarovu onların əlindən alaraq qara rəngdə "Mazda-3" və "Mitsubishi Lancer" markalı maşınlar ilə hadisə yerini tərk etdilər.

Mərhumun qohumu əlavə edib ki, C.Ağalarov qaçmağa müvəffəq olsa da, qətldə iştirak edən digər şəxslər təcridxanada qalıblar. T.Mahmudova əlavə edib ki, onda olan məlumata görə, C.Ağalarovu qaçırdanlar ona saxta pasport hazırlamağa çalışırlar.

Onun sözlərinə görə, Donetsk separatçıların formasını geyinən və bu planı həyata keçirənlər də elə C.Ağalarovun tərəfdaşları olan yerli azərbaycanlılar olub: "Son hadisələrlə bağlı biz çox azərbaycanlılar ölkəni tərk etdi, amma diasporun keçmiş sədri Etibar Qurbanov kimi bəzi azərbaycanlılar separatçıları əzmlə dəstəkləyirlər. Bir ay bundan əvvəl E.Qurbanova atəş açıblar, lakin o hələ də vilayət administrasiyada işləyir".

T.Mahmudova onu da bildirib ki, C.Ağalarovun qaçması ilə əlaqədar onun ailəsi polisə müraciət edib: "Bilirsiniz, ölkəmizdə indi xaosdur və İ.Mahmudovun qətlini sifariş edənlər də bundan faydalanıb cəld tərpəndilər. Bu, bir daha göstərir ki, Cavid vacib bir şəxsdir. Bizdə konvoya şəhərə çıxmağa icazə yoxdur, onlar isə təcridxananın ərazisini tərk ediblər. Ölkədə yaranmış vəziyyətə görə, İ.Mahmudovun qətli ilə bağlı məhkəmə martdan bəri keçirilmir. O qədər instansiyalara yazdım, lakin nəticə yoxdur. Azərbaycanın səfirliyi də yardım etmir. Ukraynalı hakimlər də bu işi xeyli uzatdılar".

Xatırladaq ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun öldürülməsində 4 nəfər - Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. İstintaq iddia edir ki, İ.Mahmudova atəş açan şəxs Ağalarov Cavid Zakir oğludur.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) və 263-cü (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) maddələri üzrə cinayət işi başlanıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.