ABŞ-ın dünyaca məşhur "Harley-Davidson" şirkəti gələn həftə ilk elektrik motosiklini təqdim edəcək.
Qapalı mərasim iyunun 23-də Nyu-Yorkda keçiriləcək.
Mərasim başa çatandan sonra onlarla bayker "LiveWire" adlı elektrik motosikletinə əyləşərək Birləşmiş Ştatların 30 şəhərini dolaşacaq, yeniliyi sınaqdan keçirəcəklər.
Milli.Az Los Angeles Times-a istinadən bildirir ki, test-drayvın nəticələrindən yararlanacaq "Harley-Davidson" yeni elektromotosikletini təkmilləşdirəcək.
"LiveWire"nin texniki nüansları açıqlanmasa da, onun 100 km/saat sürəti 4 saniyə ərzində əldə etdiyi bildirilir.
Ən böyük nöqsan isə hər 200 kilometrlik yoldan sonra "LiveWire"nin akkumulyatorlarını yükləmək zərurətidir. Elektroenerji yüklənməsi əməliyyatı 30 dəqiqədən 1 saatadək vaxt alır.
Dünya bazarında elektrik motosikletlərinə böyük tələbat olmadığından "LiveWire"ni hazırlamaqla "Harley-Davidson" müəyyən riskə gedir. Elektriklə işləyən nəqliyyat vasitələri hələlik skuterlər və zəif motosikletlərdir ki, onlara da əsasən Çində tələbat var.
Lakin analitiklər hesab edirlər ki, "Harley-Davidson" təki məşhur istehsalçının bu bazara daxil olması elektrik motosikletlərinə tələbatı dəfələrlə artıra bilər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.