Qalmaqallı məsələ: bu qadınlar kişiləri axmaq yerinə qoyur

18 İyun 2014 19:57
Aktyorlar Stellan Skarsqord, Şarlotta Qensbur, Şaya Labaf və Steysi Martin, rejissor Lars fon Trier və onun son filmi olan "Seks düşkünü" barədə danışıblar. 

Milli.Az 1937.az-a istinadən həmin fikirləri təqdim edir. 

Stellan Skarsqord: "Lars fon Trier dahidir. Onun ssenarilərini oxumaq insana zövq verir. Bu ssenariləri roman kimi çap etmək də olar. Trier çox yaxşı təhkiyəçidir. O, böyüklər üçün yazan Andersondur. Rejissor kimi Lars bu nağılları real həyatla əlaqələndirə bilir.

Mən Trierin ssenarilərini oxuyanda gözlərimin önündə narahat bir uşaq obrazı canlanır. Bu uşaq gəlinciklərlə oynayır, onların başını bədənlərindən ayırır və bu oyuncaqlar haqda çoxlu hekayələr uydurur. Larsın ssenariləri uşaq şeirlərinə bənzəyir, onun dialoqlarında həmişə uşaqlara xas nə isə var.

Mənim yaratdığım personaj Şarlotta Qensburun qəhrəmanı kimi müəyyən mənada Larsın özüdür. Yəqin ki, Trier qədər unikal qadın qəhrəmanları yaradan ikinci bir rejissor tapmaq çətindir. Bu qadın qəhrəmanlarının hamısı müəyyən mənada Larsın özüdür.

Trierdən təklif alanda mən işin nəticəsini deyil, çəkiliş prosesinin nə qədər əyləncəli və maraqlı olacağını düşünürəm.

Çəkiliş meydançasında Lars çox sakitdir. 1996-cı ildə biz "Dalğaları yararkən" filmini çəkəndə meydançada bir lövhə asılmışdı və orada "Səhv et" yazılmışdı. Doğrudan da, bu lövhəni görən aktyorlar səhv etməkdən qorxmurdular". 

Şarlotta Qensbur: "Görünür, atam Serj Qensburla keçən uşaqlıq illəri məni Larsla görüşə hazırlayıb. Mən tez-tez atamla Trier arasında müqayisə aparıram.

Biz "Antixrist"i çəkməyə başlayanda Lars çox pis vəziyyətdə idi. O, depressiyadan əziyyət çəkir, işin uğurlu alınacağına şübhə edir və bəzən hər şeyi yarımçıq qoyub getmək istəyirdi. "Melanxoliya"da isə Trierin özünəinamı xeyli artmışdı.

Bizim iş metodumuz dəyişməyib: ən əsası qarşılıqlı inamdır. Mənə elə gəlir ki, mən Larsı yaxşı başa düşürəm, amma hələ də onu tanımıram. O, indi də mənim üçün cavabını bilmədiyim bir tapmacadır və bu çox xoşuma gəlir.

Məncə, Lars mənim haqqımda hər şeyi bilir. Mən hiss edirəm ki, Lars mənə hörmət edir və buna görə də mən ona belə inanıram.

Trierlə işləyəndən sonra kamera qarşısında soyunmaq məni qorxutmur". 

Şaya Labaf: "Mən personajımla yaxınlaşmaq üçün əlindən gələni əsirgəmirəm. Mənim üçün tanımadığım, yaxınlaşa bilmədiyim obrazlar yaratmaq olduqca çətindir.

Əgər söhbət hiss və emosiyalardan gedirsə, mən özüm bu hissləri yaşamalı və inanmalıyam. Qorxmalıyamsa, qorxuram, ağlamalıyamsa, ağlayıram. "Seks düşkünü"ndə isə mən ingilisi canlandırırdım və Britaniya ləhcəsi mənə qəhrəmanıma yaxınlaşmağa çox mane olurdu.

"Seks düşkünü" çox qeyri-adi filmdir. Bu filmdə seks heç bir həzz və zövq vermir, amma tamaşaçı üçün bu ideyanı qəbul etmək, anlamaq çox çətindir. Mən bu filmdə dublyorsuz oynayan yeganə aktyoram.

Seks bu filmin baş qəhrəmanıdır və biz tez-tez çəkiliş meydançasında bu barədə danışmışıq. Bizim əla komandamız var idi və hamı öz işini peşəkarcasına görürdü". 

Steysi Martin: "Açıq-saçıq səhnələrin çəkilməsi çox qəribə və eyni zamanda, dəqiqlik tələb edən prosesdir. Adətən, Lars aktyora azadlıq verir, ancaq intim səhnələrin çəkilişi zamanı aktyor müəyyən olunmuş çərçivədən kənara çıxa bilmir.

Mən "Seks düşkünü"nün finalını çox bəyənirəm. Seliqmanın ideal saydığımız qəhrəmanı sonda darmadağın olur və biz tamamilə yeni insan görürük.

Çoxları Trieri qadın qəhrəmanlarına qarşı amansız olmaqda günahlandırır. Amma istənilən halda bu qadınlar vicdanlı və səmimidir. Kişiləri isə o, axmaq yerinə qoymağı yaxşı bacarır".

Milli.Az