Təhlükəsizlik bazarı böyüyür

19 İyun 2014 23:12
2013-cü ildə dünyada təhlükəsizlik vasitələri bazarının həcmi 19,9 milyard dollaradək artıb ki, bu da 2012-ci ilin göstəricisindən 4,9 faiz çoxdur. Bu barədə Gartner analitik şirkətinin hesabatında deyilir. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, artımın gözləniləndən az olduğunu qeyd edən şirkət analitikləri bunu son istifadəçilər üçün təhlükəsizlik vasitələrinə və elektron poçt şlüzlərinə tələbatın azalmasının davam etməsi ilə izah edirlər. 2013-cü ildə bu seqmentlər proqram təhlükəsizlik vasitələri bazarının dörddə bir hissəsinə sahib olub.

Bundan başqa, dünya bazarının liderlər beşliyinə daxil olan Symantec və Trend Micro şirkətlərinin satış həcmi müvafiq olaraq 0,3 və 5,3 faiz aşağı düşüb. Nəticədə Trend Micronun payı 5,6 faizədək azalıb və 5,7 faizlik paya sahib olan IBM şirkətini irəli buraxaraq üçüncü yerdən dördüncü yerə enib. Symantec birinci yeri (18,7 faiz), McAfee (8,7 faiz) ikinci yeri tutub. Beşinci yerdə EMC (3,8 faiz) şirkəti qərarlaşıb. 

Analitiklər vurğulayırlar ki, 2013-cü ildə təhlükəsizlik təhdidləri genişlənib, onların tətbiqi üçün zərərli proqramlar və infrastruktur geniş vüsət alıb. Təhlükəsizliyin təmini üçün ənənəvi yanaşmalardakı çatışmazlıqların başa düşülməsi biznesin təhlükəsizlik vasitələrinin alışı zamanı qərarların qəbul edilməsində rolunu artırıb ki, bu da istehsalçıların gəlirlərinə həm müsbət, həm də mənfi təsir göstərib.

Milli.Az