Valideynlər GMO tərkibli uşaq qidalarının satışından xəbərsizdir
Bakı apteklərində "Aptamil" qarışığının alıcısı az olsa da, satışdan hələ ki yığışdırılmayıb... Artıq xəbər verdiyimiz kimi, ölkəmizdə də geniş satılan uşaq qidası "Milupa Aptamil Südlü Taxıl Qarışığı" ilə bağlı Türkiyədə sensasion araşdırma üzə çıxıb və qidanın tərkibində GMO (genetik modifikasiya olunmuş maddə) olduğu təsdiqlənib.
Türkiyənin Qida Əkinçilik və Heyvandarlıq Nazirliyi əməkdaşlarının Bursa şəhərində təsbit etdiyi bu nəticə barədə öncə gidahareketi.org saytı yazıb, ardınca isə Türkiyənin tanınmış "Sabah" qəzeti xəbər tirajlayıb. GMO-nun varlığına əmin olmaq üçün bu uşaq qidasından nümunələr götürülərək Ankaradakı Nəzarət Laboratoriyasına göndərilib. Firma isə baş vermiş hadisə ilə bağlı yaydığı açıqlamada faktı təsdiqləmək məcburiyyətində qalıb. Biz də paytaxtımızda bu qidaların satılıb satılmadığına əmin olmaq üçün bir neçə market və aptekə baş çəkdik.
Bəlli oldu ki, marketlərin əksəriyyəti bu firma ilə işləmir. Ancaq "Neftçilər" metrosu yaxınlığındakı bir neçə aptekdə "Milupa Aptamil Südlü Taxıl Qarışığı"na rast gəldik. Qiyməti 15 manat 50 qəpik olan bu uşaq qidasının son istifadə müddəti 2015-ci ilin dekabr ayına qədər göstərilmişdi. Bu isə o deməkdir ki, onun tərkibində GMO yoxdur. Çünki GMO tərkibli "Milupa Aptamil Südlü Taxıl Qarışığı" 2013-cu ilin oktyabr ayından 28.03.2015-ci ilə qədər olan dövrə aid qidaları əhatə edir.
Ancaq təəssüflüsü budur ki, bu tarixi əhatə edən "Aptamil" uşaq qidasına baş çəkdiyimiz digər aptekdə rast gəldik. Satıcı xanıma bu qidaların tərkibində GMO olduğunu və uşaqlar üçün təhlükəli olduğu haqda xəbərlər yayıldığını dedikdə, bunlardan xəbərsiz olduğunu dedi: "Biz illərdir "Aptimal" uşaq qidası satmışıq. Alıcıları da çoxdur. Hələ ki heç bir alıcı məhsulu geri qaytarmayıb və şikayət etməyib. Hər halda, ciddi nəsə olsa Səhiyyə Nazirliyi bu məhsulların yığışdırılmasına dair göstəriş verər".
Baş çəkdiyimiz digər aptekçi Aynur Qasımova isə bu qidanı apteklərinə az sayda qəbul etdiklərini dedi: "Bu qidaların alıcısı azdır. 4-5 dənə götürürük, o da tez satılır. Bu uşaq qidaları əsasən az çəkiyə malik zəif uşaqlar üçün nəzərdə tutulur".
Aptekdə uşaq üçün qida alan bir neçə valideynin də mövzu ilə bağlı fikrini öyrəndik. 1 yaşlı körpəsi olduğunu deyən Şəfiqə xanım əvvəllər "Aptamil Südlü Taxıl Qarışığı"ndan istifadə etdiyini dedi: "Əvvəllər alırdım. Amma fevralda da bu uşaq qidasının təhlükəli olması barədə xəbər çıxmışdı. Kimisi dedi şayiədi. Amma hər ehtimala qarşı artıq bu qidanı övladıma vermirəm. İndi "Humana" alıram, keyfiyyətindən də razıyam". Baş çəkdiyimiz marketlərdə isə bu qidaya rast gəlmədik. Satıcılar alıcısı az olduğu üçün bu uşaq qidalarını götürmədiklərini dedilər.
Xatırladaq ki, 2014-cü ilin fevral ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrdən "Aptamil PDF" adlı uşaq yeməklərinin satışının təcili dayandırmağı tələb etmişdi. Belə ki, şirkətin istehsal etdiyi uşaq qidalarının 294421 və 294433 nömrəli partiyalarının tərkibində çoxlu miqdarda yod və duz aşkarlanmışdı. Bu isə uşaqlar sürətli şəkildə zəifləmə, sinir sistemi pozğunluğu və mədə problemləri yarada bilər. ÜST də bu səbəbdən "Aptamil PDF"i istehsal edən şirkətlə birlikdə həmin məhsulu dünya ölkələrindən toplamaq barədə qərar çıxarmışdı.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin də fikrini almaq istədik. Lakin iş günü olmadığından bu, mümkün olmadı.