35 ildən sonra ABŞ və İranı birləşdirən dəyər tapıldı
16 İyun 2014 12:57
İslam İnqilabından keçən 35 il ərzində ilk dəfə İran və ABŞ əməkdaşlıq barədə düşünməyə başlayblar. Bu iki düşmən ölkəni birləşdirən cəhət isə İraq Şam İslam Dövləti (İŞİD) təşkilatının əməlləridir.
Milli.Az "İnterfax"a istinadən xəbər verir ki, bu həftə İran və ABŞ İŞİD-in qarşısını almaq istiqamətində əməkdaşlıqla bağlı müzakirəyə başlayacaqlar.
ABŞ rəsmiləri bəyan ediblər ki, İraqdakı vəziyyətlə bağlı İranla və digər maraqlı ölkələrlə müzakirə aparmağa hazırdırlar.
İran prezidenti Həsən Ruhani də ABŞ prezidenti Barak Obamaya yazdığı məktubda əməkdaşlığa hazır olduqlarını qeyd edib.
"Bu günə qədər köməklə bağlı bizə konkret müraciət olunmayıb. Lakin biz beynəlxalq hüquq çərçivəsində yardım etməyə hazırıq", - o məktubda bildirilib.
Danışıqların vaxtı və yeri isə hələ ki, təyin olunmayıb.
ABŞ-da da İŞİD-ə qarşı mübarizədə İranla əməkdaşlığın zəruri olduğu qeyd edilib. Obamanın əsas tənqidçiləri qeyd ediblər ki, İŞİD yaxın gələcəkdə İrandan çox, ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid ola bilər.
Qeyd edək ki, ötən həftədən etibarən İraqda hərbi əməliyyatlara başlayan İŞİD Mosul şəhərinin ardınca bir neçə şəhəri işğal edərək paytaxt Bağdada yaxınlaşıb.
Milli.Az