İki duel: Hernandes Eto`Oya, İspaniya Hollandiyaya qarşı - FOTO
13 İyun 2014 13:07
Meksika-Kamerun matçını mundialın ən gənc hakimlərindən olan kolumbiyalı idarə edəcək. Hollandiya 4 il əvvəlki finalın əvəzini çıxa biləcəkmi?
Bu gün Bakı vaxtı ilə saat 21:00-da "A" qrupunda ikinci oyunda Meksika və Kamerun millisi qarşılaşacaq.
Ardıcıl beşinci dəfədir ki, mundiala vəsiqə qazanan meksikalılar artıq 13-cü dəfə belə turnirdə çıxış edirlər və rəqiblərindən çox təcrübəlidirlər. Doğrudur, bu müddətdə ciddi uğur qazanmayan şimali amerikalıların ən yaxşı nəticəsi 1/4 finala vəsiqə olub. Komanda buna iki dəfə - öz ölkələrində keçirilən 1970 və 1986-cı illərin mundiallarında nail olub. Meksikanın mundialın seçmə mərhələdəki zəif çıxışının nəticəsidir ki, onları hazırda FİFA reytinqində 24-cü pillədə qərarlaşıblar. Bunun əsas səbəb komandanın uzun müddət baş məşqçi problemi yaşaması olub.
2013-cü ildə komanda hətta bir həftə ərzində üç dəfə baş məşqçi də dəyişib. 2014-cü il dünya çempionatının seçmə matçında Hondurasa 1:2 hesablı məğlubiyyətdən sonra Manuel de la Torre istefaya göndərilib. Onu Luis Fernando Tena əvəzləyib. Lakin Tena Meksikanın növbəti seçmə oyunda ABŞ-a 0:2 hesablı məğlubiyyətindən sonra qovulub. Yeni baş məşqçi isə Viktor Vuçetiç də komandanın sükanı arxasında çox otura bilməyib. Nəhayət, ötən ilin sonlarında Meksika Futbol Federasiyası bu postu Miqel Herreraya həvalə edib. "Klub Amerika"dan milliyə gələn çalışdırıcı ölkəsinin ən yaxşı məşqçilərindən sayılır. Qeyd edək ki, Meksika çempionatının səviyyəsi xeyli yüksəkdir. Hətta bu çempionata regionun ən bahalı birinciliyi adını da veriblər. Meksikalı futbolçuların əksəri də elə ölkə daxilində çıxış edir.
Meksikanın heyətində Gilyermo Oçoa, Rafael Markez, Hektor Moreno, Karlos Salsido, Andres Quardado ilə yanaşı gənc Xavyer Aquyno, Hektor Herrera, Xavyer Hernandes və Covanni Dos Santos kimi futbolçular var. Amma futbol mütəxəssislərinə görə, milli komandada əsas libero olmadığı üçün mundialda problemlərlə üzləşə bilər. İndi Meksika azarkeşlərinin əsas ümidi "Mançester Yunayted"in forvardı Xavier Ernandesdir. Meksika milli komandasının tarixi ərzində ən çox oyun keçirən futbolçu Kaludio Suarezdir. 1992-2006-cı illər aralığında o, yığmada 178 matçda forma geyib. Meksika millisinin heyətində ən çox qol vuran futbolçu isə Jared Borgettidir. O, 1997-2008-ci illər aralığında millidə 46 qol vurub. Havyer Hernandesin aktivində isə 35 qol var.
Kamerunda pul üstündə dava
Afrikanın mundilada beş təmsilçisindən biri olan Kamerun çempionatın ilk oyununda "dişlərini" göstərə bilməsə, onun bu qrupdan növbəti mərhələyə çıxması çətin olacaq. Ümumiyyətlə, dünya çempionatının iştirakçıları arasında FİFA reytinqində ən zəif komanda da Kamerundur. Amma bu Afrika ölkəsi futbol oynamağı bacarır. 1982-ci ildən bəri 6 mundialda iştirak edən Kamerun millisi yalnız 1990-cı ildə qrup mərhələsini adlamağa nail olub. 1/4 final mərhələsində isə afrikalıların qarşısını İngiltərə millisi (2:3) kəsib.
Qeyd edək ki, çempionat başlamağa sayılı günlər qalmış Kamerunun mundialdan imtina edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Buna millinin futbolçuları ilə yerli federasiya arasında dünya çempionatında qazanılacaq uğurlara görə veriləcək mükafatın məbləği səbəb olmuşdu. Lakin tərəflər arasında razılıq əldə olundu və Kamerun yığması mundialda iştiraka qərar verdi. Güclü fiziki hazırlıqlarına baxmayaraq, Kamerunun heyətində yalnız iki futbolçunu - "Çelsi"nin hücumçusu Samuel Eto'O və "Barselona"nın yarımmüdafiəçisi Aleks Sonqu fərqləndirmək olar.
Hakim kimdir?
Meksika-Kamerun oyunu kolumbiyalı hakimi Vilmar Roldanoya həvalə edilib. Qeyd edək ki, Roldano Braziliya mundialının ən gənc hakimlərindəndir. O, 1980-ci ildə anadan olub. Onu tez-tez Cənubi Amerikanın ən məşhur və istedadlı hakimlərindən olan argentinalı Xavyer Kastro ilə müqayisə edirlər. Hələ 14 yaşından o hakimliklə məşğul olmağa başladı. Böyük turnirdə isə ilk debütünü 23 yaşında edib.
İspaniya-Hollandiya: finalın davamı, yoxsa revanş?
İyunun 14-ü "B" qrupunda da ilk oyunlar keçiriləcək. Bakı vaxtilə saat 00:00-da çempionatda ən maraqla gözlənən qarşılaşmalardan biri İspaniya-Hollandiya matçı başlayacaq. Bu milli komanda 2010-cu ildə keçirilən dünya çempionatının finalında qarşılaşıblar. İndi 4 il sonra onlar mundialın ilk qrup oyununda görüşəcəklər. İspaniya son dünya çempionu, FİFA-nın reytinqində lider olsa da, bu mundialda uğur qazanacağını söyləmək çətindir. Sadəcə, ispanlar heç olmasa növbəti mərhələyə çıxmalıdırlar. Bu isə ilk oyundan çox asılıdır. İspanların baş məşqçisi Visente del Boske komandasını bu turnirdə favorit hesab etmir: "Biz bu turnirin favoriti deyilik. Ancaq son dünya çempionatında qazandığımız ünvanı qorumalıyıq". Millinin müdafiəçisi Jerar Pike də İspaniyanı favorit hesab etmədiyini deyib. Amma o əlavə edib ki, rəqibləri İspaniya millisinə də hörmətlə yanaşacaqlar. Kifayət qədər ulduz oyunçuların toplandığı İspaniya komandasının heyətlə bağlı problemləri var. İlk növbədə hücum xəttində liderin olmaması İspaniya millisinə çətin vəziyyətə sala bilər. Fernando Torres ("Çelsi") və David Vilya ("Atletiko") son illər zəif çıxış edirlər. Komandanın əsas qapıçısı İker Kasilyas ("Real") da əvvəlki kimi inamlı görünmür.
Braziliyada keçiriləcək mundial komandanın bəzi aparıcı üzvləri Xavi, Puyol, Vilya və Alonso üçün sonuncu olduğundan onlar Braziliyada özlərini təsdiqləməyə çalışacaqlar. İspaniya millisinin heyətində ən çox oyun keçirən futbolçu İker Kasilyasdır. 2000-ci ildən yığmaya dəvət alan təcrübəli qolkiper millidə 152 oyuna çıxıb. Kasilyas kimi 2000-ci ildə yığmada debüt edən digər futbolçu Xavinin aktivində 128 oyun var.
David Vilya isə İspaniya millisinin heyətində bombardirlər siyahısında birincidir. O, yığmada 56 qol vurub. Millidə 102 oyun keçirmiş Raul Qonsalesin aktivində 44, 106 oyunda meydana çıxmış Fernando Torresin isə hesabında 36 qol var.
Doqquz dəfə dünya çempionatının həyəcanını yaşayan Hollandiya millisi hələ ki dünya kubokunu başı üzərinə qaldırmaq sevincini yaşamayıb. Üç dəfə mundialın finalınadək irəliləyən hollandlar hər üç görüşdə uğursuzluğa düçar olub. 1974-cü ildə Qərbi Almaniyaya (AFR) (1:2), 1978-ci ildə Argentinaya (1:3) məğlub olan Hollandiya millisi sonuncu mundialda İspaniya (0:1) ilə qarşılaşmada da meydandan məğlub ayrılıblar.
Lui Van Qalın baş məşqçi postuna gəlişindən sonra isə "narıncılar"ın heyətinə bir sıra gənc futbolçular dəvət edilib. Hollandiya millisi indi mundialın ən gənc komandasıdır.
Hollandiya millisinin hücumçusu Robin van Persi İspaniya ilə oyun haqda danışarkən rəqiblərini dünyanın ən yaxşı komandası adlandırıb: "Məncə, İspaniya millisi hələ də dünyanın ən yaxşı komandasıdır. Oyun sistemimizlə bağlı danışmaq istəmirəm. Onsuz da baş məşqçimiz ispanlara qarşı risk edəcəyimizi söyləyib. Komandada hər kəs nə etməli olduğunu yaxşı bilir".
Bu maraqlı görüş italiyalı hakim Nikola Ritzoliyə tapşırılıb. Ritzoli 1971-ci ildə İtaliyada anada olub. Hakimlikdən əlavə o həm də yaxşı arxitektordur. 2007-ci ildən FİFA-nın hakimləri sırasına daxil edilib. 2011-ci ildə İtaliyanın ən yaxşı hakimi seçilib. Ritzoli 2013-cü il "Borrusiya" və "Bavariya" arasında keçirilən Çempionlar liqasının finalını idarə edib. Bu qrupda daha bir oyun Bakı vaxtilə saat 00.03-də Çili ilə Avstraliya millisi arasında başlayacaq.
Təsnifat mərhələsində inamlı təsir bağışlayan Çili millisinin püşkdə bəxti gətirmədi. Dünya çempionatının finalçıları - İspaniya və Hollandiya ilə bir qrupda olmaq bu komandanın növbəti mərhələyə çıxmaq şanslarını xeyli azaltmış oldu.
Çili millisi tarixindəki ən böyük uğurunu 1962-ci ildə qazanıb. Cənubi amerikalılar həmin ildə baş tutan mundialda bürünc medallara sahib çıxıb. Bu, Çilinin mundiallar ərzində qazandığı ilk və yeganə medaldır.
Avstraliya millisi bu qrupun autsayderi hesab edilsə də, bu gecəki oyundan çox şey asılıdır. ən böyük uğurlarını Konfederasiyalar Kubokunda qazanıb.
Avstraliya millisində oyun sayına görə rekordçu qapıçı Mark Şvartserdir. O, 1993-2013-cü illər aralığında yığmada 109 oyuna çıxıb. Millidə qol sayına görə isə rekord Damian Moriyə (1992-2002) məxsusdur. O, 45 oyunda 29 dəfə fərqlənib. Hazırda yığmada çıxışını davam etdirən Tim Keyhill də 29 qola imza atıb.
Avstraliyalıların heyəti əvvəlki kimi güclü deyil. Harri Kyuell, Mark Viduka, Mark Şvartser yığmanı tərk ediblər.
Bu çempionatdan sonra da millinin bir çox aparıcı üzvləri karyeralarını başa vuracaqlar. Komandanın əsas ulduzlarından biri Almaniyanın "Bayer" klubunu şərəfini qoruyan Kruzedir.
Millinin qapısı Metyu Rayana həvalə olunub. Onu Dortmund "Borussiya"sında heyətə düşməkdə çətinlik çəkən Lanqerak əvəzləyə bilər. Müdafiədə yer alan təcrübəli simalar - Nil və Lyuk Uilkşirin mövqeləri toxunulmaz təsiri bağışlayır. Bu cütlüklə yanaşı, Vilyamsla Davidson da arxa xətdə çıxış edir. Saşa Oqnenovski və Karni də keyfiyyətli müdafiəçilərdir. Hücum xəttində isə ümidlər Kenedi ilə Kruzeyədir. Çili-Avstraliya oyununda isə Fil Dişi Sahilindən Noumandiez idarə edəcək.