Milli.Az xanəndə Elnur Zeynalovun publika.az-a müsahibəsini təqdim edir:
"Könlüm keçir"də həmsöhbətim Elnur Zeynalovdur. Gənc muğam ifaçısı Ağdamda, doğulduğu Güllücə kəndində qoyub gəldiyi uşaqlığından, vətən itkisindən, gördüyü dəhşətlərdən danışdı. Elnurgilin ailəsi hələ də bu faciənin ağrısını yaşayır. Dediyinə görə, dayısı oğlu Elmir o dəhşətli günlərdə qorxudan şəkər xəstəliyinə tutulub. Bu xəstəlik onun gəncliyini də əlindən alıb.
Elnur danışdı, bəzi məqamlarda qəhərdən boğuldu, amma özünü tox tutmağa çalışdı. Onu dinləmək mənə də asan olmadı...
Qrad qorxusu və Güllücədə yaşanan dəhşət
"Ağdamın Güllücə kəndindənəm. Kəndimiz alınanda orta məktəbdə oxuyurdum, altıncı sinfə yenicə keçmişdim. İlk dəfə başımızın üstündən vıyıldayıb keçən qradları görəndə dəhşətə gəldim. Top-tüfəng səsi kəndi bürümüşdü. Hər kəs qorxu içində gözləyirdi ki, bu saat qrad kiminsə evinə düşəcək, kimisə öldürəcək. Bax, belə bir səksəkə içində yaşayırdıq. Hətta elə olurdu ki, güllə başımız üstə yağış kimi yağırdı, atışma dayanmırdı. Belə olanda kənd camaatı məcburiyyət qarşısında qonşu kəndlərə axışır, ara sakitləşən kimi də Güllücəyə qayıdırdı. Amma bir dəfə vəziyyət elə gərginləşdi ki, hamı evindən-eşiyindən ayaqyalın çıxıb qaçmalı oldu. İndiki kimi yadımdadır, 1993-cü il dekabrın 7-si, şaxtalı bir qış günü idi. Bir də onu gördük ki, toz-duman göyün üzünü bürüyüb, atışma, qışqırıq, vay-şüvən səsindən qulaq tutulur. Xəbər gəldi ki, ayə, qaçın, ermənilər gəlir".
"Kənddən ayaqyalın qaçdıq"
"Təsəvvür edin, hamı evindən çıxıb ayaqyalın qaçmağa başladı. Kənddə arxa yol vardı, həmin yolla qaçırdıq ki, erməninin əlinə keçməyək. Qonşu kəndə gəldik. Üç gün həmin kənddə sığınacaq tapdıq. Amma üç gündən sonra dedilər ki, kəndi ermənilərdən alıblar. Güllücə camaatı hissə-hissə geri qayıtmağa başladı. Gəlib dəhşətli bir mənzərənin şahidi olduq. Bütün evlərə od vurub yandırmışdılar, nə vardısa, soyub talan etmişdilər. Dayımgilin, əmimgilin, qonum-qonşumuzun evlərinin hamısı, demək olar ki, yandırılmışdı. Həyətimizə girəndə gördük ki, qarajın arxa tərəfində talvarın altına yığdığımız ota od vurub yandırıblar, amma alov evimizə keçməmişdi. Bu da Allahın işi idi, yəqin".
"Eşitdik ki, iyirmi nəfəri qətlə yetirdilər"
"Ən dəhşətlisi bu idi ki, ermənilər evləri yandırıb, talamaqla sakitləşməmişdilər. İyirmi nəfəri qəddarcasına öldürmüşdülər. Camaat yandırılmış evlərinə girəndən ağlaşma səsi kəndi başına götürmüşdü. Eşidəndə ki, iyirmi nəfəri qətlə yetiriblər, dəhşət yaşandı. Atamın xalası oğlu da qətlə yetirilənlərin arasında idi. Mənim uşaq yaddaşıma görün necə faciələr həkk olunub, indi bu dəhşətləri xatırlamaq mənə çox ağırdır".
"Üç gün ortalıqda qalan üç meyit"
"Bir dəhşətli hadisə məni çox sarsıtdı. Güllücəyə qayıdanda xəbər yayıldı ki, ermənilər atamın xalası oğlunu, Həsən müəllimi və Azər adlı həmkəndlimizi öldürüblər. O vaxt biz Xındırıstan kəndindəydik, atam ağlaya-ağlaya gəldi ki, bəs ermənilər xalam oğlunu qətlə yetiriblər. Biz kənddən çıxanda onlar orada idilər, ermənilərlə vuruşurdular. Amma qarşı tərəf texnika baxımından güclü idi və buna görə də onları öldürmüşdülər. Atamın xalası oğlunu arxadan vurmuşdular, divarla sürünə-sürünə gedib yıxılmışdı. Yıxılandan sonra da ona atəş açmaqda davam etmişdilər. Əlləri yuxarı - güllənin qabağına tutubmuş. Kənddə olmadığımız üç gün ərzində onların meyidi ortalıqda qalmışdı. Ermənilər onları öldürüb kənddən çıxmışdılar. Üç gündən sonra Güllücəyə qayıdanda atamgil güllə yağışı altında meyidləri dəfn elədilər.
O dəhşətli faciə indi də gözümün önündən getmir. Atamın xalası oğlu gənc idi. Hələ evlənməmişdi. Amma o biri iki nəfər evli idilər, uşaqları vardı. Həmin vaxt kənddən çıxmayıb ermənilərlə vuruşan başqa iki nəfəri də ermənilər qanına qəltan eləmişdilər. Hətta həmkəndlimizin öz evində belə öldürmüşdülər".
"Gözümüzü qan örtmüşdü, heç nədən qorxmurduq"
"Kəndimizdə müdafiə batalyonu vardı, yadımdadır ki, uşaq olmağımıza baxmayaraq, o batalyonun yanında gedərdik. Təsəvvür edin, kənddə dəhşətli döyüşlər gedir, bizsə tay-tuşlarımızla yığışıb o döyüşləri izləyirik. Elə bil gözümüzü qan örtmüşdü, heç nədən qorxmurduq. Bir də, Allah şəhidlərimizə rəhmət eləsin, oradakı əsgərlərin qəhrəmanlığı gözümün önündən getmir. Yaralıları yaralarını güllə yağışının altında sarıyırdılar, ölüm qorxusu altında onları ölümün caynağından qurtarırdılar".
"Qraddan qorxan itimiz də yerə uzanardı"
"O dəhşətli günlərdə ən qorxduğumuz hadisə həyətə, evə qradın atılması idi. O qədər evlərə qrad düşürdü ki... Bir də görürdük ağlaşma, nalə səsi kəndi başına götürüb. Kiminsə evi yanırdı, balası gözünün önündə parça-parça olurdu. Qrad səsi gələndə anam bizi o dəqiqə qollarının altına yığırdı: quş kimi qollarını açır, bizi qucaqlayıb yerə uzanırdı. Həyətimizdə balaca bir itimiz vardı, qrad atılanda o da bizimlə bərabər yerə uzanırdı. Artıq o qradın səsinə it də öyrəşmişdi".
"Gördük ki, güllə başımızın üstündə yağış kimi yağır"
"Yatmışdıq, səhər saat 5-6 radələri olardı. Qradın səsinə ayıldıq. İlahi, kənd camaatının səsi bir-birinə qarışmışdı. Onda da əmimgilin evini ermənilər yandırdığı üçün onlar ailəlikcə bizdə qalırdılar. Gördük ki, güllə başımızın üstündə yağış kimi yağır. Vay-şivən səsi kəndi başına götürmüşdü. Başladıq ayaqyalın qaçmağa. Elə adam vardı, yatağından necə durmuşdusa, alt paltarında eləcə də qaçırdı, əyninə paltar geyməyə belə, imkan tapa bilməmişdi. Həyətdə iki maşınımız vardı - biri böyük, biri kiçik. Atamla əmim evdə deyildilər ki, heç olmasa, maşınlara doluşub qaçaq. Yola da çıxa bilmədik, çünki erməninin əlinə keçə bilərdik. Elə arxa yolla qonşuların həyətindən keçib qaçırdıq. Şurabad kəndinə qədər qaçdıq. Gözümüzün qabağındaca qrad qonşumuzun həyətinə düşdü. Allah üzlərinə baxdı ki, həmin vaxtda qonşular evdə yox idi. Yoxsa parça-parça olardılar".
Ağdamın Çay evi...
"Ağdamda uşaqlığım xoşbəxt keçib, ta kəndimiz işğal olunana qədər. Əmim futbolu çox sevirdi. Hər dəfə "Qarabağ"ın oyunu olanda məni özüylə aparırdı, azarkeşlik edirdik. Ağdamda məşhur Çay evi vardı, uşaqlığım o Çay evində keçib. Həmişə atamla birgə gedirdim ora. Yadımdadır ki, yuxarı mərtəbədə yemək verilirdi, aşağı mərtəbədə çay. Atam məni yuxarı aparırdı ki, yemək alsın, mən etiraz edirdim ki, yox, çay istəyirəm. Çay evində çay içməkdən çox xoşum gəlirdi".
"Elə ilk sevginin dadını da Ağdamda çıxarmışam"
"Altıncı sinfə qədər Ağdamda oxumuşam. Çox nümunəvi şagird idim. Şərəf lövhəsində şəklim vurulurdu. Birinci sinifdən altıncı sinfə qədər də sinif nümayəndəsi olmuşam. Elə ilk sevginin dadını da Ağdamda çıxarmışam. İlk sevgi, deyirlər, unudulmur axı...
İnanıram ki, Ağdam qayıdacaq özümüzə, özü də lap tezliklə. Buna yüzə yüz əminəm. Amma dəhşətli odur ki, o Ağdamdakı o günlər bizə qayıtmayacaq...
"O evlərə təyyarə də enə bilərdi"
Ağdamda elə evlər tikilmişdi ki, yuxarı mərtəbəsinə maşın çıxarmaq olardı. Camaatımız çox imkanlı idi. Sovetin vaxtında orda tikilən evlərdən heç yerdə yox idi. elə evlər tikilmişdi ki, yuxarı mərtəbəsinə maşın çıxarmaq olardı. Ağdamda tikilən villalar hələ indi-indi Bakıda tikilir. Orda elə evlər tikilirdi ki, hətta təyyarə belə ora enə bilərdi".
"Yuxuda gördüm ki..."
"Ağdam tez- tez yuxuma girir. Görürəm ki, Ağdam işğal olunmayıb, kəndimiz, evlərimiz əvvəlki kimi durur. Amma bu yaxınlarda bir yuxu gördüm. Çox vahimələndim. Gördüm ki, kəndimizdəyəm, amma heç kim yoxdur, təmtək gəzirəm oralarda. Yalnız rəhmətə gedən qonşularımızı bir xəyal kimi görürəm. Ayıldım yuxudan, çox pis oldum".
Xar tutun xar olan xatirəsi
"Həyətimizi tez-tez xatırlayıram. Ən çox yadımda qalan həyətimizdəki iri xar tut ağacıdır. Çox hündür idi və mən o tutun başına çıxmağa qorxardım. Gedib atamın xalası oğlunu çağırardım ki, gəlib tut çırpsın, mən də yeyim. Barmaq boyda tutlar idi, yeyəndə şirəsi axardı üstümə. Bax, elə şirin tut idi. İndi o evimiz də durmur, ermənilər külünü göyə sovurublar. Bu yaxınlarda internetdə axtardım, tapmadım, evimiz yerində yox idi. Bu acı faktı bilmək mənə çox ağır təsir etdi".
"Ağdamın hər nöqtəsini gözüyumulu taparam"
"Kənddən çıxanda uşaq olsam da, Ağdamı beş barmağım kimi tanıyıram. Qismət olsa, burdan Ağdama getsəm, hər nöqtəsini gözüyumulu taparam. Atam sürücü idi deyə, uşaq vaxtı məni çox gəzdirirdi. Şuşanı, Laçını, Ağdamı qarış-qarış gəzmişəm".
Bostanda qarpız oğurluğu
"Kəndimiz çox mənzərəli idi, böyük bir meşəliyi vardı. Bir də üzüm sahələri çox idi. Uşaqlarla yığışıb bostana qarpız oğurluğuna gedərdik. Evimizdə qarpız-yemiş də vardı e, kənd yeri idi, hamımız azdan-çoxdan bostan əkirdik. Amma uşaqlıqdır də.
Bir dəfə yığışıb adama iki-üç qarpız-yemiş yığıb qaçanda yaxalandıq. Özü də briqadir atamın əmisi oğlu idi. Bu kişi hardan gəlib çıxdı qabağımıza bilmədik. Elə qarpızı ətəyimizdən yerə töküb qaçdıq. İndi fikirləşirəm ki, yazıq, o qarpızları günün altında necə zülmlə yetişdirmişdi".
"Ağdamı yadıma salıb oxuyanda səsim açılır"
"Çox darıxıram Ağdamdan ötrü. İnan ki, burnumun ucu göynəyir o yerlər üçün. "Şur"nan "Zəminxarə"ni çox sevirəm, bu muğamlar səsimə çox düşür. Amma elə vaxt olur, oxumaq istəyirəm, amma təb gəlmir. İnan Allaha, o an gözümün önünə Ağdamı, Güllücəni gətirirəm, səsim qəfildən açılır. Gözümü yumuram və içimdə nə varsa, o muğamla boşaldıram".
Elnur mənim xahişimlə bir muğam oxudu. Sağ olsun, sözümü yerə salmadı. Çünki Qarabağdan danışırdıq və o yerlər gözümüzün önündə canlandıqca bir "Şur"a ehtiyacımız vardı:
Qarabağ yurdumun cənnət bucağı,
Əbədi qonaqdır, ellərə Ağdam.
Muğamın beşiyi, şeirin ocağı,
Mizrabı vurubdur tellərə Ağdam.
"Atam deyir ki, Ağdama qayıdanda..."
"Valideynlərim üçün Ağdam bir yaradır, ürəklərində köz bağlayıb. Anamgil Ağdamdan, Güllücədən danışanda gözlərinin yaşını sel kimi tökürlər. Kənd camaatının çoxu tez-tez bir yerə yığılıb Ağdamdan danışır, ürəklərini boşaldırlar. Atam Ağdamla bağlı arzular qurur, deyir ki, kəndimizə qayıdanda təzədən ev tikərik, bağ-bağat salarıq. Hətta əkəcəyi ağaclar barədə də indidən planlar qurur. O arzular bir gün həqiqət olacaq, atamı yaşadan bu inamdır".
"Kaş o tapançamı götürüb gələydim"
"Həmişə fikirləşirəm ki, kaş Ağdamdan çıxanda idman tapançam vardı, onu götürüb çıxaydım. Çox heyfsləndim buna görə. Atam almışdı o tapançanı mənə. Özü də tapşırmışdı ki, mən evdə olmayanda anangili qoruyarsan bu tapança ilə. Heç qoruya da bilmədim. Əvəzində tapançamı da qoyub gəldim".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.