Kür çayının çirklənmə səviyyəsi normadan dəfələrlə çoxdur

15 Fevral 2010 11:51
Bu barədə məlumatı nazirliyin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, fevralın birinci ongünlüyündə Kür çayında suyun sərfi yanvarın üçüncü ongünlüyünə nisbətən 6 m3/san azalaraq 207 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 86,4 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri 2 dəfə YVQH keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,65-7,78 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Milli.Az