Faiq Ağayev: "Reklam üslubunu səhv seçmisən, Rəhim" - YENİLƏNİB
9 İyun 2014 11:37
18:35
Xalq artisti Faiq Ağayev bəstəkar-müğənni Rəhim Rəhimlinin haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
"Qafqazinfo"nun məlumatına görə, xalq artisti bu haqda sosial şəbəkədə məlumat yayıb:
"Atalar yaxşı deyib: "Avazın yaxşı gəlir, oxuduğun "Quran olsa". Rəhimin dediklərinin bu hala düşməsinə səbəb istinad etdiyi fikirlərimi özgə dilindən eşitməsidir.
"Zamanım deyil" deyəndə abırsızlar, bisavadlar, satqınlar, boğazlarını yırtanları nəzərdə tutmuşdum.
Bəli, belələri arasında yerim olmayıb, yoxdur və inşaAllah ki, heç vaxt olmayacaq.
O ki, qaldı sənətə elə Rəhim özü dediyi kimi, bu günümə kimi müasir estradamızdakı kişi müğənniləri arasında maksimum nailiyyətlər qazanmışam bu məmləkətdə.
Rəqabətə də can atmıram, o da düzdür. Çünki əldə etdiklərim baxımından fəaliyyətimlə müqayisə olunacaq və ya yaxınımda duran belə birisi yoxdur hələ ki.
Xəyallarını gerçək kimi bu millətə yedizdirmək istəyində olanlara səmimi yazığım gəlir.
Elə Rəhim özü də anlayır ki, onun mövqeyi Azərbaycan musiqisində həlledici deyil, xalq arasında fikrini də ciddiyə alan yoxdur.
Yeni mahnının reklam üslubunu səhv seçmisən, Rəhim.
Hədəfin azsaylı dedi-qoduçuların müəmmalı "ləzzəti" deyil, Doqquz milyonluq tamaşaçı toplumunun səsləndirdiyin melodiyalara, sözlərə istəyi və rəğbəti olmalıdır.
Belə də ki, ayıqbaşa yaxşı oğlansan, Rəhim. Savadlı musiqiçi və məzəli şoumensən.
Uğurlar sənə, gənc dostum!"
-----------
11:33
Müğənni-bəstəkar Rəhim Rəhimli şou-biznesin tanınmış simaları haqqında danışıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, son vaxtlar şou aləmində baş verənlərə münasibət bildirən sənətçi "Onlar" verilişinə açıqlamasında həmkarlarını qınaq obyektinə tutub:
"Xatirə İslam çıxıb dedi ki, heç kim mənin haqqımda danışa bilməz. Biri çıxıb deyir, mən tum sata-sata bu yerə gəlib çıxmışam. Sonra onu lağa qoyurlar. Bunu niyə danışırlar axı? Şou-biznesdə bir zaman parlayıb, indi sönənlər olub. Amma bunu qəbul etməyənlər də var. Mən görsəm ki, səhnəyə çıxanda 50 nəfər içində 30-u məni alqışlamır, sənəti tərk edərəm. Dostum, niyə qəbul etmirsən? Görmürsən ki, bir vaxtlar oxuduğun mahnı hər yerdə dinlənirdi. İndi isə yazdırdığın bəstə o deyil? Zülfiyyə Xanbabayeva neçə illərdir statusunu qoruyur. Bir neçə xanım sənətçi var ki, onlar məşhurluğunu qoruya biliblər.
İllərdir ulduzluğunu qoruyan kişi müğənnisi isə yoxdur. Abbas, Miri Yusif mahnılar yazdırır, üzərində işləyirlər. Amma tam rəqabət yoxdur. Faiq Ağayev məndən illər öncə səhnədədir. Zamanında konsertlər verib, əməkdar, xalq artistidir. Sənətdə hər istədiyinə nail olub. İndi o, rəqabətə can atmır. Heç kimlə bəhsə girmir. Bu yaxınlarda özü də dedi ki, artıq mənim zamanım deyil. Mən də elə düşünürəm ki, artıq Faiq Ağayevin zamanı deyil".
R.Rəhimli Elnarə-Natavan-Röya münasibətindən də danışıb:
"İnsan çıxır böyük səhnəyə. Onun bu səhnəsini kiçik görürlər. Onun üçün söylənilən sözlər, bəlkə də haqqına deyilir. Elnarə-Röya-Natavan arasında münasibətlər yaxşı deyildi. Bunu rəfiqələrdən biri boynuna da aldı. O münasibəti yenidən qurmaq çətin olacaq".
Milli.Az