Mobil rabitə nəhəngi satılır

8 İyun 2014 23:18
Amerikanın Sprint telekommunikasiya şirkəti, demək olar ki, rəqibi T-Mobile şirkətini 32 milyard dollara almaqla bağlı razılaşma əldə edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Sprint şirkəti T-Mobile şirkətini almaq üçün 32 milyard dollarlıq səhmlərini təqdim edəcək, qalanını isə pulla ödəyəcək. Nəticədə birləşmiş Sprintin səhmlərinin 15%-i Almaniyanın Deutsche Telecom şirkətinə, qalan 67% isə T-Mobile-a məxsus olacaq. Şirkətlər arasında razılaşmanın əldə edilməsi iyul ayından gec elan edilməyəcək.

Ehtimal edilir ki, AVŞ-ın Antiinhisar İdarəsi bu sazişə qarşı çıxacaq, çünki nəticədə amerikalıların operator seçimi məhdudlaşacaq. Amerika bazarında Sprint və T-Mobile şirkətləri bazarın liderləri olan AT&T və Verizon Communicationsdan sonra üçüncü və dördüncü yerləri tuturlar.

Sazişin bağlanmasına qadağa qoyulduğu halda Sprint şirkəti T-Mobile şirkətinə 1 milyard dollar ödəməli olacaq. Bu məbləği Sprintin sahibi Yaponiyanın Softbankı təklif edir. Lakin Deutsche Telecom isə 3 milyard dollar məbləğini tələb edir.

Sprint və T-Mobile eyni zamanda gələcəkdə mobil rabitə üçün radiotezliklər üzrə auksionlarda iştirak etmək məqsədi ilə birgə müəssisə yaratmaq imkanını nəzərdən keçirirlər.

Milli.Az