Ermənistanın parlament respublikasına çevrilməsi nə ilə nəticələnə bilər?
Ermənistan Konstitusiyasını dəyişir. Ölkə prezident üsul-idarəsindən parlament idarəçiliyi formasına keçir. Martda açıqlanan yeni konstitusiya islahatı konsepsiyasını bu il Ermənistan üçün ən önəmli hadisə saymaq olar. Ermənistan prezidenti Serj Sarqsyan artıq layihəni təsdiqləyərək bildirib: "Şübhəsiz, proqressiv bir sənəd olan bu konsepsiyanın reallaşması Ermənistanın bundansonrakı demokratik inkişafı üçün yeni imkanlar açacaq".
Belə çıxır ki, indiyədək Ermənistanın demokratik inkişafına Sarqsyanın özünün rəhbərlik etdiyi prezident postu mane olurmuş? Nə isə...
Yeni Konstitusiya layihəsinin məhz indi müzakirəyə çıxarılması maraq doğurur. Xatırladaq ki, Ermənistanda dövlət idarəçiliyi formasının dəyişdirilməsinə dair söhbətlər bir il əvvəl başlayıb. İlk dəfə konstitusiya islahatının zəruriliyi haqda Sarqsyan 2013-cü il sentyabrın 4-də - Ermənistanın Aİİ-yə qoşulduğunu elan etdiyi gün bəyanat vermişdi. Halbuki indiyədək onun heç bir seçkiqabağı proqramında bu cür plana dair işarə belə olmayıb.
Elə isə, görəsən, niyə konstitusiya islahatlarına ehtiyac məhz indi yaranıb? Axı, Ermənistanda Konstitusiya böhranı yaşanmır,
Sarqsyan Ermənistanda demokratiya prinsiplərinin bərqərar olmasına çalışdığına isə adamın heç inanmağı gəlmir. Bəs, nə baş verir? İqtidarın siyasi opponentlərinin fikrincə, bu islahatlar S.Sarqsyana uzun illər boyu hakimiyyət kürsüsünü qoruyub saxlamaq naminə lazımdır. Rusiyanın "Putin-Medvedev" variantı, yəni təkrar-təkrar baş nazir-prezident rokirovkaları Ermənistanda ciddi fəsadlar törədə bilər. Çünki hamıya yaxşı aydındır ki, S.Sarqsyanın əsas siyasi opponenti onun keçmiş dostu və sabiq prezident Robert Koçaryandır. Əgər Sarqsyan baş nazir postuna əyləşib, prezident kürsüsünü zəif bir adama etibar etsə, Koçaryan seçki yolu ilə hakimiyyətə gəlmək imkanı əldə edər və bununla da, Sarqsyanın siyasi karyerasına nöqtə qoyar. Konstitusiya islahatlarından sonra isə simvolik səlahiyyətlərə malik olan və parlament tərəfindən 7 il müddətinə seçilən prezident postu Koçaryan üçün artıq cəlbedici görünməyəcək. Mart ayında baş vermiş daha bir hadisəni əlamətdar saymaq olar.
Söhbət "Çiçəklənən Ermənistan" (ÇEP) partiyasının artıq keçmiş lideri Qagik Sarukyanın siyasi səhnəni tərk etməsindən gedir. ÇEP Koçaryanın maraqlarını güdən partiya, onun keçmiş lideri, oliqarx Sarukyan isə Koçaryanın biznes-imperiyasını idarə edən silahdaşıdır. Özünü müxalifət yox, hakimiyyətə alternativ elan etməklə, ÇEP qəfildən radikal antihökumət mövqeyinə keçdi. Hələ cəmi bir neçə ay əvvəl "Ermənistanda maydan hadisələri baş verə bilməz" - deyən Sarukyan, indi qəfildən insanları küçələrə çıxmağa və hətta prezident sarayını ələ keçirməyə çağırdı. Analitiklər isə çaş-baş qalmışdılar: ölkə hər hansı seçki ərəfəsində deyil, dövlətin sosial və ya iqtisadi həyatında da hansısa ciddi pisləşmə qeydə alınmayıb. Elə isə, bu çağırışlar nədir? Amma Sarukyanın "inqilabçılığı" çox çəkmədi. İqtidar nümayəndələri ilə bir neçə profilaktik görüşdən və biznesinin əlindən alınacağına dair açıq hədə-qorxulardan sonra o nəinki partiya liderliyindən, ümumiyyətlə, siyasətdən getmək qərarına gəldi.
Və onun, hətta ölkəni tərk etməsi xəbəri gəlsə belə, artıq bu da heç kəsi təəccübləndirməyəcək. Bilərəkdən, və ya özü də bilmədən Sarukyan ölkə rəhbərliyinə "Çiçəklənən Ermənistanı" məhv etməyə, yəni Koçaryanın əlindəki siyasi silahı zərərsizləşdirməyə kömək etmiş oldu. Ancaq qayıdaq islahatlar layihəsinə və Sarqsyanın konstitusiya dəyişikliklərinə dair baxışlarına. Bəzi məqamlar onu narahat edir: "Daha konkret danışsaq, yeni model qeyd-şərtsiz iki vacib komponenti təmin edəcək: ölkənin xarici və daxili təhlükəsizliyini və idarəçilik sisteminin dayanıqlılığını". Bu bəyanatda əsas diqqət cəlb edən sözlər "xarici və daxili təhlükəsizlik" və "idarəçilik sisteminin dayanıqlılığı"dır. Gəlin, məsələyə daha dərindən baxaq. Məsələ ondadır ki, Sarqsyan indiyədək dəfələrlə bildirib ki, prezident postunda qalmaq və ya baş nazir kürsüsünü tutmaq niyyətində deyil. Niyə? Təbii ki, demokratiyaya hörmət xatirinə deyil. Sadəcə, Sarqsyan prezident kürsüsündə qalsa, diaspora və Robert Koçaryanın (Koçaryanın diaspora ilə münasibətləri daha yaxşıdır, nəinki Sarqsyanın) sərt müqaviməti ilə üzləşmək riski var. Baş nazir postunu tutmaq niyyətində olmamasının səbəbini isə yuxarıda şərh etmişik. Elə isə, nə qalır? Parlamentin spikeri postu.
Yeri gəlmişkən, maraqlıdır ki, hazırda konstitusiya islahatına dair 2 layihə müzakirə olunur. Bu barədə vitse-spiker Ermine Naqdalyan bildirib. Nəzərə alsaq ki, konstitusiya islahatının son məqsədi ölkədə parlament idarəçilik formasını yaratmaqdır, onda ehtimal etmək olar ki, iki layihədə əsas fərq baş nazir və spikerin səlahiyyətləri ilə bağlı olacaq. Yəni söhbət güc strukturlarının kimə tabe olacağındadır. Və Sarqsyan da "xarici və daxili təhlükəsizlik, dayanıqlı idarəçilik"dən danışanda məhz buna işarə edir.
Beləliklə, konstitusiya islahatları ətrafındakı kampaniyaya dair real mənzərə aydınlaşır. Hakim respublikaçı partiyasının sədri olan Serj Sarqsyan, səlahiyyətləri xeyli artırılmış, o cümlədən güc strukturlarını kurasiya edən spiker postunu tutacaq və gələcək prezidentləri, baş nazirləri təyin edə biləcək.
Sarqsyanın parlamentin spikeri postunu tutmaqla "milli lider" olmaq perspektivini Ermənistanın hakim elitasında da istisna etmirlər. Hakim respublikaçı partiyanın (ERP) mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov "Aykakan jamanak" qəzetinə müsahibəsində bildirib ki, hazırkı prezident və partiya lideri Sarqsyan hələ uzun müddət ERP-nin lideri olaraq qalacaq. "Respublikaçıların məntiqinə görə, ERP-nin hələ uzun müddət Ermənistanı idarə edəcəyini nəzərə alsaq, Sarqsyan ERP "vasitəsilə" illər boyu ölkəyə rəhbərlik etmək niyyətindədir. Məhz belə bir imkan əldə etmək üçün Sarqsyan konstitusiya dəyişikliklərinə gedir", - deyə qəzet yazır.
Beləliklə, Ermənistan siyasi isteblişmentinin planlarının konturları artıq tam olmasa da, müəyyən qədər, görünür. Təbii ki, Sarqsyan özünü "boz kardinal" və "milli lider" rolunda görür. Bəs, prezident və baş nazir postlarını kimlər tuta bilər? Bunu indidən proqnozlaşdırmaq asan deyil, çünki hətta namizədlərin ətrafında belə diskussiya açmaq tezdir. Amma erməni analitiklər və jurnalistlər "karton prezident" qismində "Qanun ölkəsi" partiyasının sədri, Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Baqdasaryanı görürlər. Əvvəla, Baqdasaryan bu yaxınlarda "Rosneft-İtera" şirkətinin Direktorlar Şurasının üzvü seçilib. Bu şirkətin Rusiyanın Ermənistandakı enerji maraqlarını kurasiya etdiyini nəzərə alsaq, bu cür təyinat yalnız bir şeydən xəbər verir - "Rosneft" Baqdasaryanı qəyyumluğa götürür. İkincisi, Artur Baqdasaryan, yumşaq desək, siyasi elastiklik və akrobatikanın, bir növ, erməni simvoludur. O, heç nədən utanmadan hər kəslə hər mövzuda sövdələşməyə gedə bilər. Üçüncüsü, Baqdasaryan keçmiş prezident Koçaryana nifrət edir (eks-prezident indiyədək bir neçə dəfə Baqdasaryanın ünvanına açıq təhqirlər səsləndirib) və bu da Sarqsyana əl verir. Çünki onun üçün bir nömrəli opponent məhz Koçaryandır. Amma başqa variant da istisna deyil: Ermənistan lideri bütün hakimiyyəti əldə saxlamağı düşünürsə, o, orduya tam nəzarət etməlidir. Və daha bir "nəzarətdə saxlanılan potensial prezident" kimi son vaxtlar müdafiə naziri Seyran Ohanyanın populyarlaşdırılması da məhz bununla izah edilir. Ohanyanın vasitəsilə güc strukturlarını nəzarətdə saxlamaqla, Sarqsyan yuxarıda qeyd etdiyimiz "daxili təhlükəsizlik" məsələsini də həll etmiş olar.
Baş nazir postuna gəlincə, burada vəziyyət birmənalı deyil. Artıq indidən Sarqsyanla baş nazir Ovik Abramyan arasında müəyyən narazılıqların olduğunu qeyd etmək olar, çünki islahatların reallaşacağı təqdirdə, texniki baş nazir olmaq perspektivi Abramyanı təbii ki, sevindirmir. Odur ki, Abramyan artıq indidən öz oyununa hazırlaşır. Erməni mətbuatı yazır ki, bundan sonra "Çiçəklənən Ermənistan"ın maliyyələşdirilməsi və kurasiyası işlərilə Abramyan məşğul olacaq. Sarqsyanla bu partiyanın keçmiş lideri Sarukyan arasındakı qarşıdurma zamanı Abramyanın öz qohumu olan Sarukyana dəstək verməməsi də məhz bununla bağlıdır. Sarukyana açıq dəstəkdən yayınan Abramyan yaranmış vəziyyətdən yararlanaraq, ÇEP-i ələ keçirmək qərarına gəldi. Və indi artıq Sarqsyana qarşı başlanan münaqişədə Abramyanın əlində ÇEP kimi siyasi silah olacaq.
Ermənistanın parlament respublikasına çevrilməsi nə ilə nəticələnə bilər? Sarqsyanın ölkəni parlament vasitəsilə idarə etmək əzmində olduğunu nəzərə alaraq, Ermənistanın qanunverici orqanını və onun daxilindəki qüvvələr nisbətini daha diqqətlə nəzərdən keçirək.
Parlament idarəçiliyinin kökündə çoxpartiyalı sistemin olduğunu nəzərə alsaq, əminliklə söyləyə bilərik ki, Ermənistanda belə bir sistem yaşaya bilmədi. Bəli, formal olaraq bu gün parlamentdə 6 partiya təmsil olunub və müxalifət partiyaları deputat mandatlarının, təxminən, 40 faizinə sahib çıxıblar. Amma məsələ ondadır ki, bu partiyalar və ümumlikdə ölkədəki siyasi institutlar seçki layihələrindən başqa bir şey deyil. Onların bəziləri baş tutub, bəziləri - yox. Amma istənilən halda, heç biri klassik siyasi partiya anlayışına uyğun gəlmir. Onların əksəriyyəti siyasi dərnəkləri xatırladır. Hətta hakim partiyanın özü belə "krışa"ya ehtiyacı olan bürokratlar, məmurlar, kriminal və biznes-strukturun nümayəndələrindən ibarət təşkilata bənzəyir.
Ermənistanda yalnız "Daşnaksütyun" və "Erməni Milli Konqresi"ni əsl siyasi partiya hesab etmək olar. Amma bu zaman da "Daşnaksütyun" ölkə daxilində o qədər də böyük sosial bazaya malik olmayan və əsasən, xariclə bağlı olan diaspora partiyası kimi qəbul edilir. "Erməni Milli Konqresi"nə gəlincə, bu da bir neçə kiçik partiyaların siyasi bloku, ittifaqıdır.
Ermənistan parlament respublikasına çevrilsə, bu qüvvələr nisbəti ilə nələrə nail olmaq mümkündür? Əvvəla, daxili və xarici oyunçular istəsələr, qanunverici orqanla manipulyasiya etmək imkanı qazanacaqlar. Bu, həm də hökumətdə qeyri-sabit koalisiyaların təmsil olunmasına səbəb olacaq ki, bu da öz növbəsində siyasi sabitsizliyə aparan yoldur. Bəli, bu gün hakim partiya bütün inzibati, maliyyə, mediya axınlarını və strukturları öz əlinə yığıb. Amma bu, daim beləmi olacaq? Bundan başqa, S.Sarqsyan hakimiyyətdə qalmaq üçün islahatların qəbulundan ötrü əlindən gələni etsə də, onun hakimiyyəti çox zəif olacaq. Ən azı ona görə ki, Ermənistanda parlament seçkiləri 2017-ci ildə keçiriləcək, Sarqsyanın prezident kimi hakimiyyət müddəti isə 2018-ci ildə bitir. Belə olan halda, o, istəyini necə reallaşdıracaq? Bəlkə də, indi bunu heç özü də bilmir... Amma bir şeyə şübhə yoxdur: Ermənistanda referendum yalnız bütün "təşkilatçılıq" işlərinin həllindən və hakim elitanın "Ölkənin ən vacib postu hansıdır?" sualına cavab tapmasından sonra keçirilə bilər. O da istisna edilmir ki, bu zaman hələ dünya tarixində analoqu olmayan unikal bir variant da seçilə bilər.