"D" qrupu: kim ölü, kim yaralı...

7 İyun 2014 09:34
Uruqvay yüksəlişdə, ingilis və italiyalılar tənəzzüldə, bəs Kosta-Rika?

Milli.Az Yeni Müsavat-a istinadən bildirir ki, Braziliyada startı yaxınlaşan futbol üzrə XX dünya çempionatında "D" qrupunda Uruqvay, Kosta-Rika, İngiltərə və İtaliya milliləri pley-off mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaqlar. Futbol azarkeşlərini bu qrupu artıq fərqləndiriblər: "ölüm qrupu" deyə...

Uruqvay Braziliya və Argentinanı "yamsılayır"

"Barselona", "Real", "Bavariya" və sair kimi klub komandalarının heyətini əzbər bilən indiki gənc nəsil üçün Uruqvay adı bəlkə də heç nə demir. Çoxları bilmir ki, ilk dünya çempionatı 1930-cu ildə məhz  Uruqvayda keçirilib və  Argentina ilə final oyununda 4:2 hesabı ilə qalib gələn meydan sahibləri dünya kubokunun ilk sahibi olublar. İkinci Dünya Müharibəsi səbəbindən 12 illik fasilədən sonra 1950-ci ildə Braziliya mundialında da Uruqvay meydan sahiblərinin arzularını gözündə qoyub. Bu qarşılaşmada uruqvaylılar 2:1 hesabı ilə qalib gələrək ikinci dəfə "futbol ilahəsini" vətənlərinə aparıblar.

Uruqvay meydanda olanda diqqətli azarkeş bu komandanın futbolçularının sanki sərhəd qonşuları olan Argentina və  Braziliyanı "yamsıladıqlarını" görərlər. Həm meydandakı sürət, həm futbol texnikası baxımından bu "yamsılama" tamaşaçıda rişxənd yaratmır, bəlkə də əksinə, rəğbət oyadır. Cənubi Amerikada Braziliyanın və Argentinanın  kölgəsində qalmayan yeganə komanda da məhz Uruqvaydır. Bu mundialda onlar da bəlkə də özlərini ev sahibi kimi hiss edəcəklər və bu komanda  Avropanın iki nəhəng millisinə ciddi rəqib olacaq. Özü də təkcə qrupda deyil...

Cənubi Amerika zonasında mundiala verilən 5 vəsiqə uğrunda mübarizədə Uruqvay 5-ci yer tutsa da, pley-off mərhələsində dünya çempionatda çətin ki, yaddaqalan  oyun göstərə biləcək İordaniyanı yarıyolda saxladı. İlk oyunda iordaniyalıları öz meydanında 0:5 hesab ilə  məğlub etdi.

Uruqvay bu mundiala iddialı gəlir və bu komandanın oyunları çempionata əlavə rəng qatacaq...

Uruqvay millisinin baş məşqçisi Oskar Tabaresin Braziliyaya aparacağı heyət belədir:

Qapıçılar:  Fernando Muslera ("Qalatasaray"), Martin Silva ("Vasko da Qama"), Rodriqo Munoz ("Libertad")

Müdafiəçilər: Maksimilyano Pereyra ("Benfika"), Dieqo Luqano ("Vest Bromviç Albion"), Dieqo Qodin, Xosa Mariya Ximenes (hər ikisi "Atletiko" Madrid), Sebastyan Koates ("Nasional"), Martin Kaseres ("Yuventus"), Xorxe Fusile ("Portu")

Yarımmüdafiəçilər: Alvaro Qonzales ("Latsio"), Alvaro Pereyra (San- Paulu"), Valter Qarqano ("Parma"), Exidio Arevalo Rios ("Çikaqo Fayr"), Dieqo Peres ("Bolonya"), Kristian Rodriqes ("Atletiko"), Qaston Ramires ("Sauthempton"), Nikolas Lodeyro ("Botafoqo")

Hücumçular: Luis Suares ("Liverpul"), Edinson Kavani (PSJ), Abel Hernandez ("Palermo"), Dieqo Forlan ("Sereso Osaka"), Kristian Stuani ("Espanyol")

Bu mövsüm "Liverpul"un qələbəsində böyük zəhməti  olan Luis Suares dünya çempionatında zədə səbəbindən  oynamaya bilərdi. Amma onun adı yekun heyətdə var və bu Uruqvay millisi üçün böyük avantajdır. Suareslə yanaşı, Kavani, Muslera, Qodin, Kaseres, Fequli, Qarqano, Alvaro Qonzales, Dieqo Luqano və  Dieqo Forlan da Uruqvay millisinin qələbəsi üçün çalışacaqlar. Son vaxtlar ciddi tənqidlərə məruz qalan Forlan bu çempionatda öz sözünü deməlidir...

"Varlı sahil"dəki kasıb Kosta-Rika

Braziliya mundilanda oynamaq şansı qazanan Kosta-Rika "D" qrupunda "üç qoç"la mübarizədə ən yaxşı halda... azarkeş ola bilər.  Kosta-Rika adı ispan dilindən tərcümədə "varlı sahil" deməkdir. Ərazisi- 51,1 min kv.km, əhalisi 4 760 min nəfərdir. Adam inana bilmir ki, bu cırtdan ölkənin futbolçuları təkcə mundiala vəsiqə qazanmırlar, həm də okeanı keçərək Azərbaycana gəlir, klublarımızda oynayırlar və yəqin ki, yaxşı qazanırlar da. Seçmə mərhələdə Şimali Amerika zonasında yalnız ABŞ-dan geri qalan Kosta-Rika dünya çempionatına birbaşa vəsiqə qazanıb və keçirdiyi oyunlarda cəmi iki dəfə məğlub olub. Komandanın mundialda iştirak təcrübəsi də var. 1990, 2002 və 2006-cı illərdə keçirilən dünya çempionatlarında iştirak edən komanda uğurlu oyunu ilə yadda qalmayıb.
Braziliyada dördüncü dəfə gücünü sınayacaq komandanın heyəti belədir:

Qapıçılar: Keylor Navas ("Levante", İspaniya), Patrik Pemberton ("Alaxuense"), Daniyel Kambronero ("Erediano")

Müdafiəçilər: Conni Akosta ("Alaxuense"), Cankarlo Qonzales ("Kolambus", ABŞ), Heiner Mora ("Saprissa"), Xunior Dias ("Maynts", Almaniya), Kristian Qamboa ("Rusenborq", Norveç), Roy Miller ("Nyu-York", ABŞ), Maykl Umana ("Saprissa"), Uoylon Frensis ("Kolambus", ABŞ), Oskar Duarte ("Brügge", Belçika)

Yarımmüdafiəçilər: Celso Borges (AİK, İsveç), Kristian Bolanyos ("Kopenhaqen", Danimarka), Esteban Qranados ("Erediano"), Maykl Barrantes ("Olesunn", Norveç), Yeltsin Teheda ("Saprissa"), Dieqo Kalvo ("Valarenqa", Norveç), Migel Kubero ("Erediano")

Hücumçular: Bryan Ruis (PSV, Hollandiya), Coel Kempbell ("Olimpiakos", Yunanıstan), Rendall Brenes ("Kartaxines"), Marko Urenya ("Kuban", Rusiya)

Kosta-Rika millisi mundial ərəfəsi ən güclü hücumçularından olan Alvaro Saborionu itirib. 32 yaşlı hücumçu məşq zamanı zədələnib. İndiyə kimi Kosta-Rika millisində 93 matçda oynayan A.Saborio 32 qol vurub. Millinin 23 nəfərlik siyahısında "Xəzər Lənkəran"ın sabiq üzvü Rendall Brenes də yer alıb.

1966-cı ildən kuboka həsrət İngiltərə

İngilislər 2012-ci il Avropa çempionatında da "D" qrupuna düşmüşdülər, indi də... 1966-cı il mundial tarixində ilk və yeganə kuboku öz vətənlərində qazanan İngiltərə sanki qarğışlanıb. Bu komanda sonuncu dəfə 1958-də İsveçdə keçirilən turnirdə qrup mərhələsini adlaya bilməyib. Qrup mərhələsini keçsə də, İngiltərə xoşbəxt sonluğu gətirə bilmir. Ya bəxt üzünə gülmür, ya...

İngilis fiziki Hokinq çempionat ərəfəsi komanda ilə bağlı  maraqlı tədqiqatını açıqlayıb. Onun nəticələrinə əsasən, İngiltərə millisi qırmızı formada çıxış etməlidir. Hokinqin dediyinə görə, futbolçular 4-3-3 sxemi (4 müdafiəçi, 3 yarımmüdafiəçi və 3 hücumçu) ilə fizioloji nöqteyi-nəzərindən özlərinə daha əmin olacaqlar. Hokinq iddia edir ki, İngiltərə millisinin qələbə şansı həm də ekoloji faktorlardan asılıdır.

"Temperaturun 5 dərəcə artması qələbə şansımızı 59% azaldır. Millimiz dəniz səthinin ən az 500 metr hündürlüyü səviyyəsində ikiqat artıq qələbə qazanır", - Hokinq deyir.
Bununla yanaşı, fizik matçların İngiltərə vaxtı ilə 15.00-da başlanmasının daha sərfəli olduğunu açıqlayır - belə olduqda qələbə şansı bir neçə dəfə artır. Futbolçuların uğurlu çıxışının isə hakimlərdən asılı olduğunu hesab edir. Statistikaya əsasən, hakimlərin avropalı olduğu qarşılaşmaların 63%-ndə İngiltərə millisi qalibiyyət qazanıb.

Mən fizik deyiləm, amma şəxsi qənaətimcə,  ingilislərin məşqçi sarıdan bəxti gətirmir. Fabio Kapellodan sonra milliyə gələn Roy Hocson kimi... Onun futbolçu karyerası parlaq olmayıb. Adını məşqçilərin sırasına İsveçrəyə dünya və Avropa çempionatlarına vəsiqə qazandırandan sonra yazdırıb. İngiltərənin bir çox klublarını çalışdırandan sonra  2012-ci ildə Kapellonun qəfil istefasından sonra İngiltərə millisinə rəhbərlik etmək ona tapşırılıb.
İngiltərənin Braziliyada  çempion olacağını deyənlər çox azdır. Ciddi futbol mütəxəssisləri ingilisləri bu yarışın qalibi kimi görmür. Düzdür, komandanın son yoldaşlıq görüşlərində qazandığı qələbələr optimist düşünməyə əsas verir.

Amma İngiltərə millisinin hər bu cür məsuliyyətli çempionat ərəfəsi heyətlə bağlı problemləri yaranır.  Həm də komanda çox qocalıb.  Komandanın liderlərindən Stiven Cerradın ("Liverpul") yaşı 34-ə çatıb, Frank Lempardın ("Çelsi") 36 yaşı tamam olur,  hücum xəttinin dəlisov oyunçusu  Ueyn Runiyə də  ("Mançester Yunayted") bel bağlamaq olmur.  İngiltərə millisinin rəqibləri ilə əvvəlki qarşılaşmalarına gəlincə, İtaliya ilə Avro-2012-nin 1/4 finalında qarşılaşan ingilislər penaltilər seriyasında məğlub olsalar (0:0, pen. 2:4) da, elə 2012-ci ilin avqustunda yoldaşlıq görüşündə bu komandaya 2:1 hesabı ilə qalib gəliblər.

Roy Hocson Braziliyaya bu heyətlə gedir:

Qapıçılar: Co Hart ("Mançester Siti"), Ben Foster ("Vest Bromviç"), Fraser Forster ("Seltik")

Müdafiəçilər: Leyton Beyns ("Everton"), Qari Kehill ("Çelsi"), Fil Caqelka ("Everton"), Qlen Conson ("Liverpul"), Fil Cons ("Mançester Yunayted"), Lyuk Şou ("Sauthempton"), Kris Smollinq ("Mançester Yunayted")

Yarımmüdafiəçilər: Ross Barkli ("Everton"), Stiven Cerard ("Liverpul"), Cordan Henderson ("Liverpul"), Adam Lallana ("Sauthempton"), Frank Lempard ("Çelsi"), Ceyms Milner ("Mançester Siti"), Aleks Oksleyd-Çemberlen ("Arsenal"), Rahim Sterlinq ("Liverpul"), Cek Uilşir ("Arsenal")

Hücumçular: Riki Lambert ("Saurhempton"), Ueyn Runi ("Mançester Yunayted

Azərbaycana da rəqib İtaliya

Nəhayət, İtaliya millisi. İtaliya millisinə Braziliya mundialında Azərbaycan daha çox diqqət yetirməlidir. Çünki 2016-cı il Avropa çempionatının seçmə qrupunda Azərbaycan millisi İtaliya ilə bir qrupa düşüb.

İtaliya futbolu son illər, nə yazıq ki, tənəzzül illərini yaşayır. İtalyanlar 2013-cü ilin oktyabrından bəri qələbəyə həsrətdirlər: 6 heç-heçə və 1 məğlubiyyət. İtaliya millisi iyunun 4-də Lüksemburqla yoldaşlıq görüşündə bu uğursuz zolağından çıxa bilmədi. İtaliya  çox zəif  Lüksemburqla  heç-heçə etdi. 

Baş məşqçisi Çezare Prandellinin bu komandadakı son 4 illik fəaliyyəti də millidə ciddi dəyişiklik etməyib. İtaliya Futbol Federasiyası bu yaxınlarda onunla  yeni müqavilə imzalayıb. Müqavilə AÇ-2016-nın sonunadək nəzərdə tutulub. Bu isə o deməkdir ki, AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan italyanları Bakıya məhz bu mütəxəssis gətirəcək.

Çezare Prandelli mundiala aşağıdakı 23 futbolçunu aparacaq:

Qapıçılar: Canluici Buffon ("Yuventus"), Mattia Perin ("Cenoa"), Salvatore Siriqu (PSJ).
Müdafiəçilər: İnyatsio Abate, Mattia De Şilyo (hər ikisi "Milan"), Andrea Barzaqli, Leonardo Bonuççi, Corco Kyellini (hamısı "Yuventus"), Matteo Darmian ("Torino"), Qabriel Paletta ("Parma").

Yarımmüdafiəçilər: Alberto Akvilani ("Fiorentina"), Antonio Kandreva ("Latsio"), Daniele De Rossi ("Roma"), Klaudio Markizio , Andrea Pirlo (hər ikisi "Yuventus"), Tiaqo Motta, Marko Verratti (hər ikisi PSJ), Marko Parolo ("Parma").

Hücumçular: Mario Balotelli ("Milan"), Antonio Kassano ("Parma"), Alessio Çerçi, Çiro İmmobile (hər ikisi "Torino"), Lorenso İnsinye ("Napoli").

Milli.Az